BAKİ TEHRANI SUAL QARŞISINDA QOYDU:

TOP İRANIN MEYDANINDADIR

“Azərbaycan müsətqilliyini qazandıqdan bu yana İranla münasibətlərdə zaman-zaman problemlər mövcud olub, bu sırada Tehrana səfərlər zamanı bayraq və tərcümə ətrafında mübahisələr yaranıb. Biz hər zaman haqlı olaraq hesab etmişik ki, İran Azərbaycan ərazilərinin işğalına həssas yanaşmalı və Ermənistanla münasibətlərində diqqətli olmalıdır. Ancaq istəyimizdən asılı olmayaraq İranın müəyyənləşdirdiyi xarici və təhlükəsizlik siyasəti var və həmin siyasətin bir qisim prinsipi bizdə müəyyən suallar yaradıb”.

Azerbaycan-ruznamesi.org teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycanın milli və təhlükəsizlik maraqları İranla qonşuluq münasibətlərin inkişafını diktə edir:

“Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərində verdiyi açıqlamada Rusiyanın Qazaxıstan, Türkmənistan və İran səması üzərindən Ermənistana hərbi yük daşıdığını bəyan etdi. Bu Tehrana ciddi mesaj idi. Bundan sonra İran üzərindən Ermənistana hərbi yük daşımasıyla bağlı xəbərlər yayılmadı. İran rəsmiləri Azərbaycan ordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəsətklədiklərini vurğuladılar.

Daha sonra başda İranın keçmiş prezidenti Həsən Ruhani olmaqla İranın Azərbaycandakı səfirinə qədər qonşu ölkənin rəsmiləri verdikləri açıqlamalarda İlham Əliyevi Qarabağda qələbə münasibətilə təbrik etdilər. Yeni seçilən Prezident İbrahim Rəisi də bu fikri təkrarladı. Bu ikitərəfli əlaqələr baxımından önəmli açıqlamalar idi.

Əlbəttə, suallarımız yenə var. Misal üçün İran nömrəli yük maşınları Ermənistandan Qarabağa nə daşıyırdılar? Və ya İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi? Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi. Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlərsə, biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq”.

Elxan Şahinoğlu qeyd edib ki, Həsən Ruhaninin prezidentliyi dövründə ikitərfli təmaslar, o cümlədən Tehrandan Bakıya və əks istiqamətdə nümayəndə heyətlərinin səfərləri artmışdı:

“Tehran Bakı ilə birgə regional layihələrə maraq göstərməyə başladı. Hazırkı Prezident İbrahim Rəisi bu layihələri davam etdirməklə yanaşı, İran şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etməsini istəyir. Biz də bunu istəyirik.

Biz elə etməliyik ki, İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı seçsin, Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin. Tehran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Altılıq” platforması (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) təklifini dəstəkləyib. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın da maraqlarına cavab verir. İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir. Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir, şimal-cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır.

Tehran bu əməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə Tehranda görüşü zamanı iranlı həmkarına təklfi edib ki, İran parlamenti gələn il Xocalı soyqrımının 30-cü ildönümü ilə bağlı sənəd qəbul etsin. İran parlamentinin Xocalı soyqırımını pisləyən sənədin qəbulu İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Top İranın meydanındadır”.

Şərhlər bağlıdır.