TANINMIŞ ƏRƏB YAZIÇISI AZƏRBAYCANIN GÜNEYİNDƏKI MİLLİ TƏŞKİLATLARA SƏSLƏNDİ:
"BU MÜBARİZƏ YENİ BİR SİSTEMİN FORMALAŞMASINA SƏBƏB OLACAQ”
Əl-Əhvaz ərəblərinin mühacirətdə olan tanınmış yazıçısı və siyasi fəalı, İrandakı İrqçiliklə Mübarizə Mərkəzinin katibi Yusif Əzizi Bənitorəf Azərbaycan Güneyinin təşkilatlarına və fəallarına açıq məktub yazıb.
Məktubda deyilir:
“Dəyərli türk dostlar, siyasi fəallar və təşkilat başçıları!
Təbriz əhalisinin 24 iyul (2 mordad) tarixində Əl-Əhvaz xalqına dəstək məqsədilə keçirdiyi aksiya və Tehran, Qəzvin, Urmu, Zəncan, Ərdəbil şəhərlərində yaşayan türklərin həmrəylik nümayiş etdirmələri əsir xalqlarımızın mübarizə tarixində dönüş nöqtəsidir.
O gün zalimlərin mərmilərinin səsi altında “Azərbaycan Əl-Əlhvaz, ittihad ittihad” şüarı verənlər, vaxtilə Təbrizdə aclıq çəkərək məşrutə və azadlığı fars, kürd, ərəb, bəluç və türkmənlərə ərmağan edən igid kişi və qadınların davamçıları idilər.
Mən fəxr edirəm ki, mənim babalarım Təbriz mühasirədə olanda yolun uzaqlığına baxmayaraq öz yardımlarını Təbriz mübarizlərindən əsirgəmədilər. İsfahan, Kirman və İranın başqa şəhərləri Təbrizə yardım etmədikləri zaman Məhmərə ərəbləri öz maddi yardımlarını Təbrizə çatdırdılar.
Bu mənim üçün böyük fəxrdir ki, 50 ilə yaxın bir zamanda bu iki xalqın daha da yaxınlaşması prosesinin iştirakçısı olmuşam.
Mənim və sizin babalarının məqsədi məşrutə hərəkatı vasitəsilə 500 illik hakim sistemin formasını dəyişmək və yeni bir sistem qurmaqdan ibarət idi.
Ancaq mərkəzdə oturanlar əcnəbilərin dəstəyi ilə türklərin və başqa xalqların fədakarlıq və sədaqətlərindən su-istifadə edərək onları mədəniyyət, dil, siyasət və iqtisadiyyat baxımından kölə vəziyyətinə saldılar.
Onlar bu işi 1979-cu il inqilabında da təkrar edərək, azərbaycanlıların bütün narahatlıqlarına baxmayaraq, bu işi davam etdirməkdədirlər”.
Yusif Əzizi Bənitorəf bildirib ki, indiki mərhələdə Azərbaycan türklərinin Əhvaza dəstəyi önəmli addımdır:
“Azərbaycanlı yoldaşlar!
Sizin ərəb xalqının üsyanına dəstək çağırışınız və bunun Azərbaycan şəhərlərində eşidilməsi, özəlliklə Təbrizdə aksiyanın keçirilməsi müsbət haldır. Ötən il Qarabağdakı soydaşlarınızla həmrəylik aksiyasından sonra bu sizin ikinci uğurunuzdur. Bu birliyə eşq olsun!
24 iyulda (2 mordad) sizin keçirdiyiniz aksiya ərəb gənclərinin qaysaq bağlayan yaralarına məlhəm təsiri bağışladı. Sizə eşq olsun ki, qərəzli cərəyanların, irqçilərın və nadanların əksinə olaraq bizi öz adımızla, Əl-Əhvaz adı ilə çağırdınız.
Siz, burnunun ucundan o tərəfi görə bilməyən eqoist mərkəzçilərdən uzaqlaşıb haqqı tapdalanmış ərəb xalqına dəstək verməklə son 100 ildə misli görünməmiş bir hərəkətə əl atdınız.
Sizin bu əməliniz başqa millətlərində bu birliyə qoşulmasına, hakim milliyyətin malixuliyadan oyanmasına səbəb ola bilər. Biz həmrəyliyimizi, yaxınlığımızı artırmaqla tapdalanan kimliyimizi, mədəniyyət, dil, ədəbiyyat və tariximizi yenidən canlandıra bilərik”.
Tanınmış ərəb yazıçısı bildirib ki, İranda əzilən xalqları başladığı mübarizə gec-tez nəticə əldə edəcək:
“Tarixi hadisələri təkrar etmədən məşrutəçi Əhməd Şah Qacarın Fililə sarayında Şeyx Xəzəllə görüşünü xatırladıram.
Bu birinci Rza Pəhləvinin 1925-ci ildə ərəblərə qarşı soyqırımına və 1928-ci ildə onların kütləvi repressiyasına səbəb olan əsas amillərdən biridir.
Tarixi birliyimiz və daha önəmlisi işğalçılara qarşı birgə tarixi mübarizəmiz İranda zülmə mərzu qalmış xalqların birgə mübarizəsi üçün yeni ideal təməl ola bilər.
Sizlərin və qurumlarınızın adları ərəb xalqının tarixi yaddaşında əbədi həkk olunacaq.
Bizim millətimizdə sizin millətiniz kimi şah və şeyx şövinizminin zülmünə yox deyir. Şübhəsiz ki, bizim birgə mübarizəmiz düşmənlərimizin xain planlarını zərərsizləşdirəcək və yeni bir sistemin formalaşmasına səbəb olacaq”.
Şərhlər bağlıdır.