İranın türk deputatları bir neçə dəfə Əsas Qanunun 15-ci maddəsinin icrası ilə bağlı prezidentə yazılı şəkildə müraciət etdiklərini, həmin məsələdə qərarlı olduqlarını bildiriblər. Mətbuatda məktubların surətləri dərc olunmuş, ayrı-ayrı deputatlarla müsahibələr çıxmışdır. Bu əlbəttə təqdirə layiqdir, çünki azərbaycanlıların-türklərin əsas, təhlükədə olan sərvəti ana dilidir. Məlum olduğu kimi, Cənubi Azərbaycandan (üç ostan nəzərdə tutulur) nazirliyə namizəd göstərilməməsi barədə böyük hay-küy qaldırıldı, deputatlardan məşhur Nadir Qazipur hətta namizədlərə səs verməyəcəkləri ilə hədələyirdi. Doğrudur, o, sonra türk nazir məsələsinin səsverməyə təsir etməyəcəyini bidirmişdi.
Sonra deputatlar nazir məsələsi ilə bağlı narazılıqları aradan qaldırmaq üçün belə məlumat yaydılar ki, sən demə onların xəbəri yoxmuş və nazirlərdən beşi etnik türk imiş. Bir nəfər zəncanlı, bir nəfər xorasanlı, bir nəfər qəzvinli və iki nəfər qaşqay(?!). Ən cavan nazir də türkdür-qəzvinli. Ən çox səs toplayan da türkdür-zəncanlı. Dövlətin bütün güc nazirliklərinə- Müdafiə, Təhlükısizlik və Daxili İşlər-türklər rəhbərlik edirlər. Bunun kiminsə dediyi kimi, simvolik mənası nəzərə alınmasa və nazirlərin tanış bilişlərə istisna olmaqla, bir millət olaraq azərbaycanlılara heç bir faydası yoxdur.
Yəqin ki, sonra farslar deyəcəklər ki, biz nə edək, nazirlər, yəni nümayişçilərə, etirazçılara güc tətbiq edən daxili işlər naziri, milli hüquqlar uğrunda dinc vasitələrlə mübarizə aparan milli-mədəni fəalları saxta ittihamlar ilə çox vaxt qanunsuz şəkildə məsuliyyətə cəlb etmək, tez-tez idarəyə çağırmaqla məşğul olan nazirliyin başçısı türkdürlər.
Əslində daxili işlər və İttilat nazirləri 4 il idi ki, həmin işlərlə məşğul idilər və “çox yaxşı” işlədiklərinə görə onlar öz vəzifələrində saxlanmışlar. Amma deputatlar onların türk olduqlarını nədənsə təzə başa düşüblər. Vəzir-nazir buyruq quludur, ona görə ondan nəsə faydalı bir iş gözləmək yersiz olardı.
Prezident Ruhaninin yeni kabineti işə başlayar-başlamaz, artıq məlum olduğu kim,i azərbaycanlıları-türkləri yeniliklə “sevindirdi”: ləhcə ilə danışan müəllim işləyə bilməz. Yəni türklərin assimilyasiya vəziyyətinin səviyyəsi farsları qane etmir, hələ də bəzilərinin danışığından türk olduqları hiss olunur. Odur ki, gərək həmin cəhət də aradan qaldırılsın. Rza şah hakimiyyətə gələndən sonra qərara alındı ki, gərək hamı eyni dildə danışsın, eyni cür geyinsin və s.və i.a.
İslam inqiabından sonra Rza şahı lənətləyənlər və onun oğlunu devirənlər sülalənin başladığı türkləri etnik kimlikdən və həmin kimliyin əsas qoruyucusu olan türk dilindən məhrum etmək siyasətini daha geniş miqyasda davam etdirərək öz nailiyyətlərinə nəzər saldıqda görüblər ki, böyük bir nöqsana yol veriblər. Oxumuş türklərin çoxu artıq farsca danışsa da, bəziləri hələ də ləhcə ilə danışır. Ona görə nazirlik səviyyəsində tarixi bir qərar qəbul edərək ləhcəyə son proqramını həyata keçirməyə start vermişlər. Necə deyərlər, fars hakim millətinə xidmət edən hökumətdən bundan artıq nəsə gözləmək yəqin ki, yersiz olardı.
Müqəddimə çox uzandı və sözümüzün canı başqa məsələ idi. Belə ki, Ruhaninin kabinetinə daxil ediləcək nazirlərin səlahiyyətini müzakirə edərkən azərbaycanlı deputatlar iki məsələni unutdular.
Birincisi, yeni hökumətin proqramını və namizədləri təqdim və müdafiə edərkən prezident Ruhanidən soruşmadılar ki, niyə Azərbaycandan nazir təklif etməyir. Halbu ki, məclisdə, xüsusən ondan kənarda, artıq qeyd edildiyi kimi, böyük hay-küy qaldırmışdılar. Amma prezidentdən heç nə soruşan olmadı. Axı nazirləri o müəyyən edir.
İkincisi, həmin deputatlar Təhsil nazirinin namizədliyi müzakirə edilərkən türk dilində təhsil barədə dedikləri sözləri tamamilə unudaraq heç olmasa, yarım cümlə, bir sözlə belə həmin məsələyə toxunmadılar. Bu barədə danışan olmadı. Bir nəfər Astaradan deputat (bilmirəm türkdür ya yox) Vəli Dadaşi namizədin lehinə danışaraq onu təriflədi. Əlbəttə, namizədi tərifləmək olar, amma onun səlahiyyətinə daxil olan məsələ haqqında nəsə soruşmaq da olardı. Nazirliyə namizəd də nazir kimi işləməyə başlayandan sonra tərifi yaddan çıxarmayaraq azərbaycanlılara “hədiyyə” etməyi unutmadı.
Bax belə-belə işlər olur bu dünyada.
Şərhlər bağlıdır.