AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN YARANMASI

Güney Azərbaycanda 1945-1946-cı illərdəki milli-demokratik hərəkat tarixinə 12 Şəhrivər (3 sentyabr) müraciətnaməsi kimi daxil olan bu sənəd əslində yeni yaranan Azərbaycan Demokrat Firqəsinin (bundan sonra ADF) Fəaliyyət Proqramının tezisləri idi. Xalqa müraciət şəklində təqdim olunan bu sənəd S.C.Pişəvəri və azərbaycanlı millətsevər ziyalılar tərəfindən hazırlanmışdı. “12 Şəhrivər müraciəti”ni ilk imzalayan 46 nəfər sırasında 1905-1911-ci illər Məşrutə və 1918-1920-ci illərdə Xiyabani hərəkatlarının iştirakçılarını və ya onların övladlarının, qohumlarının imzasını görmək mümkündür. Sonradan çapxanada öz imzasını könüllüəlavə etmiş (47-ci imza) çapxana fəhləsi Səlimül-nəfsin müraciətdəki imzalara qoşulmasının maraqlı məqamı vardı. 15 min nüsxə müraciəti 24 saat ərzində çap etməyin mümkünsüz (o vaxtkı çap maşını ilə) olduğunu deyən çapçı fəhlələr bu işi öhdələrinə götürmürlər. Onlar S.C.Pişəvərinin var qüvvəsini bu işə sərf etməsini, mətbəədə 3 sutka yuxusuz qaldığı üçün özündən asılı olmayaraq 2 saatdan artıq işçilərin nahar masası üstündə yatması çapçı fəhlələrin əhval-ruhiyyəsinə dərin təsir buraxır. Onların fasiləsiz, sürətlə işləmələri nəticəsində 15 min nüsxə müraciət 12 şəhrivərin səhər xoruz banınadək hazır olur.

S.C.Pişəvərinin işə yorulmadan, cəsarətlə girişdiyinə şahid olan və müraciətdəkilərin ürəyindən olduğunu görən çapçı heç kimdən məsləhətləşmədən, icazə almadan “12 Şəhrivər” müraciətini imzalayanlardan olurvə bu işi ilə fəxr etdiyini bildirir. Müraciətnamə üç bölmədən ibarət olmuşdu. ADF-nin yaradılmasını zəruri edən amillər; Firqənin şüarları; müraciət edənlərin adı və soyadı. Müraciət S.C.Pişəvərinin yazılarında və deyimlərində tez-tez rastlaşdığımız bu sözlərlə bitir: “Biz əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq”. Müraciətdə daha sonra deyilir: “Biz inanırıq ki, Azərbaycanın islah və tərəqqisi təbii olaraq İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin cəngəlindən nicat tapacaqdır. Yaşasın demokrat Azərbaycan! Yaşasın müstəqil azad İran! Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi!”

ADF-nin yaradılmasında Məşrutə inqilabının və Şeyx Məhəmməd Xiyabani hərəkatının fəalları, azadlıq istəyən bütün sinif və zümrələrin nümayəndələri, eləcə də məşhur “53-lər”dən olanlar yaxından və fəal iştirak etmişlər. S.C.Pişəvəri öz yazılarında bunlardan Hacı Əzim xan, Nizam əl-dövlə Rəfii, Müstəşardövlə, Nurulla Yekani, Nemət Ağavəli Səmsam, Şeyx Borhani, Əli Fitrət, Əli Qəhrəmani, Tağı Şahin, Təsuclu Camal, Mirkazım Ələm, Cəfər Ədəbi, Mirəbdülhüseyn Faiqinin və s. adlarını çəkir. Bu şəxsiyyətlər Məşrutə hərəkatında və Xiyabani qiyamında, şahlıq diktaturası əleyhinə mübarizədə ağır və məşəqqətli yol keçmişinsanlar idi. Firqənin yaranmasını təkcə Pişəvərinin və ya xarici “buyruğun” adına çıxanlar və yazanlar firqənin meydana çıxdığı milli zəmindən xəbərsiz olanlar idi.

Firqənin yaranmasına aid obyektiv yanaşmaq üçün həmin olaylara aid sənədlərə, hərəkatın canlı iştirakçısı olmuş insanların etiraf və xatirələrinə nəzər salmaq kifayətdir. Firqənin yaradılması və onun müraciətnaməsində irəli sürülən müddəalar ilk gündən azadlıq təşnəsi olan bir millətin bütün sinif və zümrələri, milli ruhlu insanları tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Bunu firqənin rəhbərliyi adına Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif peşə sahiblərindən:

fəhlə, kəndli, tacir, mülkədar, ziyalı, ruhani və s. gələn çox saylı teleqram və məktublardan bir daha aydın görmək olur. Firqənin kütlə içərisində az zaman kəsiyində böyük rəğbətlə qarşılanması onun şüarlarında xalqın istək, arzu və tələblərinin əks olunmasıydı. Digər tərəfdən sinfi fərq yerinə milli birliyin ön plana çəkilməsi idi. Məsələnin məhz bu kontekstə qoyulması S.C.Pişəvərinin keçmişin səhvlərini düz nəzərə alması və milli zəminə yaxşı bələd olmasının nəticəsi və hərəkatda onun önəmli xidməti idi. Firqənin yaradılmasından 2 gün sonra (14 Şəhrivər) nəşrə bağlayan “Azərbaycan” qəzeti 50 ildən çox bu firqənin mərkəzi orqanı kimi çap olunmuş və kütlələri firqə ətrafında toplamaqda, məram və məqsədi doğma dildə onlara çatdırmaqda əvəzsiz rol oynamışdı.

“12 Şəhrivər” müraciətnaməsindən bir həftə sonra Təbrizin “şire-Xurşid” teatrosunun saloununda S.C.Pişəvəri ADF-in təsisi və onun şüarları ilə bağlı geniş məzmunlu və əhatəli nitq söyləmişdi. 90 dəqiqəlik bunitq əslində yeni yaranan partiyanın fəaliyyət proqramının müfəssəl şərhi idi. Azərbaycan xalqının demək olar ki, bütün ehtiyac və problemlərinə toxunan və onlara məntiqlə açıqlama verən bu çıxışın sonunda S.C.Pişəvəri deyirdi: “Təkrar edirəm: biz İranın istiqlalına kamilən əlaqəməndik. Onun bir qarış torpağını ayrı bir ölkəyə vermək fikri əbədən meydanda yoxdur. Bizim istəyimiz Qanuni-əsasının bizə verdiyi daxilihaqq və muxtariyyatdan ibarətdir. Dil məsələsi də bunun cüzvüdür”.

“Azadlığı verməzlər, alarlar” şüarına şərik çıxan S.C.Pişəvəri “… Haqqı almaq şayəd asan bir işdir, onu saxlamaq şərtdir”,-deməklə xalqı alınacağı azadlığı əldə saxlamağı bacarmağa çağırırdı. “12 Şəhrivər” bəyannaməsi ilə yarandığını elan edən ADF-in sıralarına ilk gündən axın başlandı. Bunun başlıca səbəbi illərdən bəri milli zülm və əsarət altında yaşayan, hüquqları əllərindən alınmış insanların firqənin müraciətindəki müddəalarda öz istək və arzularının həyata keçirilməsi işığını görməsi idi.

1945-ci il sentyabrın 7-də İXP-nın Azərbaycan Əyalət təşkilatı geniş konfrans çağırdı. Konfransın gündəliyində bir məsələ dururdu: Yeni yaranmış ADF-yə və “12 Şəhrivər” müraciətnaməsindəki müddəalara münasibət. Konfrans iştirakçılarının çox böyük əksəriyyəti ADF-in Azərbaycan xalqının ehtiyaclarına, milli istək və tələblərinə düzgün yanaşdığını qeyd etdikdən sonra İXP Azərbaycan təşkilatı rəhbərliyi təşkilatı cəhətdən İXP ilə əlaqəni kəsdiyini və Azərbaycan Demokrat firqəsinə birləşməsi (ilhaq olunmaq) haqda qərar qəbul etdi. Bu qərardan 5 gün sonra, 1945-ci il sentyabrın 12-də İXP-nın Azərbaycandakı bütün təşkilatları ADF-in sıralarına daxil oldular. S.C.Pişəvəri bunu Azərbaycanın siyasi mühitində baş verən önəmli və tarixi hadisə hesab edərək yazırdı: “Biz, Hizb Tudeye İranın Azərbaycan təşkilatına rəhbərlik edən vətənpərəst və azadxah şəxslərin bu böyük fədakarlıqlarını səmimi qəlblə alqışlayırıq. Bu qəhrəman firqəçilər bizim xətt-hərəkətimizin doğruluğunu etiraf edərək altmış mindən çox üzvə malik olan bu təşkilatı firqəmizə yapışdırmaqla Azərbaycan xalqı üçüngözəl bir nümunə olacaqlar… Bu gündən etibarən Tudə təşkilatı tarixə keçir. Biz onun böyük işləri ilə bərabər səhvlərini də nəzərdə saxlamalıyıq”.

Müraciətdən aydın görünür ki, ADF yarandığı gündən İranın ərazi bütövlüyü daxilində Əncümənlərin fəaliyyətinə imkan vermək çərçivəsində Azərbaycana muxtariyyat istənilmişdi. Müraciətdə muxtariyyatın federativ dövlət səviyyəsinə qaldırılması arzulanır, bir sıra çoxmillətli ölkələrdə millətlərin federativ dövlət sistemində yaşadıqları örnək kimi qeyd olunur və göstərilir ki, “…Milli ixtiyarat və federasion üsulunugözləməklə millətlərin tam fərdləri məmləkətin müqəddəratını həll etmək və dövlət işlərinə müdaxilə etməyə müvəffəq olmuşlar” (Yenə orada). Millətlərin öz daxili işlərini özlərinin həll etməyi mərkəzi dövlətə zərbə olacağını iddia edənlərə cavab olaraq müraciətdə deyilir ki, “… Məşrutəxahlıq cərəyanını vücuda gətirənlər və İran qanun əsasını yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib, çalışmışlar ki, bu vasitə ilə ümumiran xalqını məmləkətin müqəddəratını təyin etməkdə şərik etsinlər. …Əyalət və vilayət əncümənlərindən sükut ilə keçilməsi İran millətlərinin ictimai hüquqdan mərhum edilməsi deməkdir” (Yenə orada). Daha sonra müraciətdə göstərilir ki, İrandakı rejim bu məmləkətdə yaşayan millətlərin hüququna hörmət etməyib, onlara muxtariyyat verməsə, onlar “zülm və fişardan, yoxsulluqdan və biçarəlikdən yaxa qurtarabilməyəcəklər”.

Beləliklə, ADF yaradılması ilə bağlı müraciət müxtəlif sosial-siyasi, iqtisadi və mədəni tələblərlə yanaşı, ölkədə Əyalət və Vilayət Əncümənlərinin azad və müstəqil fəaliyyətinə icazə verilməsi tələbi, qeyri-farsxalqlara muxtariyyat verilməsi və ya federativ dövlət yaradılması təklifi ilə tamamlanır. S.C.Pişəvərini separatçılıqda (təcziyyə tələb) suçlayan İrandakı hakim rejim nümayəndələri və real həqiqətləri təhrif etməyə aludə olmuş bəzi tarixçilər və yazarlar “12 Şəhrivər”dəki milli tələbləri görməzliyə vururlar, onları İranı parçalamaq cəhdi kimi qiymətləndirirlər. Halbuki S.C.Pişəvərinin yazılarına, nitqlərinə və müsahibələrinə az-çox bələd olanlar onun separatçılıqdan həmişə uzaq olduğunu inkar edə bilməzlər.

Pişəvəri onu separatçılıqda, Güney Azərbaycanı ayırıb hansısa bir ölkəyə birləşdirəcək ittihamlara cavab olaraq bu haqda təkrar-təkrar dediyi sözləri 1945-ci il 10 sentyabr tarixli nitqində bir daha dilə gətirərək:“… Mən açıq deyirəm, bizim sözümüz və təhbatımız İran sərhədi hüdudlarından kənarda deyildir. Biz İran sərhədləri daxilində danışırıq. Bir dəfə bunu hamı nəzərdə tutarsa, danışıb anlamaq asan olacaqdır” (Yenə orada). S.C.Pişəvərinin yazdıqlarına və dediklərinə istinad olunduqda bəlli olur ki, o, hər şeydən əvvəl İran daxilində Azərbaycanın muxtariyyat məsələsində israrlı idi. 1945-ci ildə böyük dövlətlərin qəbul etdiyi “Atlanta xartiyası”na istinad edən və orada millətlərin öz müqəddəratını özü tərəfindən təyin edilməsi müddəasını qabağa çəkən S.C.Pişəvəri, muxtariyyatın məzmununu açıqlayaraq onun “dil azadlığı, milli mədəniyyət azadlığı və sair iqtisadi, siyasi və ictimai azadlıqlar”dan ibarət olduğunu və Azərbaycan xalqının mərkəzdən tələbin bundan ibarət olduğunu söyləyirdi.

1945-ci il sentyabrın 13-də (1324-cü il şəhrivərin 22-də) Təbrizdə ADF-in ilk konfransı çağırıldı. Konfransda bütün bölgələrdən firqə fəalları, ağır mübarizə yolu keçmiş şəxslər iştirak etmişlər. Konfransda Azərbaycanda və İranda siyasi vəziyyət müzakirə edildikdən sonra 11 nəfərdən ibarət belə adlanan “Müəssislər Komitəsi” yaradıldı və firqənin 1-ci qurultayını çağırmaq ona həvalə edildi. Müəssislər Komitəsinə S.C.Pişəvəri başçılıq edirdi.

Əkrəm Rəhimli (Bije),

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun

Güney Azərbaycan şöbəsinin böyük elmi işçisi,

İqtisad üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.