2021-ci ilin sentyabr ayının 3-də İranın Qərbi Azərbaycan əyalətinin-ostanının Sulduz mahalının Saxsıtəpə kəndində azərbaycanlılarla kürdlər arasında qanlı toqquşma baş vermiş, bir nəfər gənc azərbaycanlı ölmüş və beş nəfər də yaralanmışdır.
İranın müxtəlif xəbər saytlarından əldə edilən məlumatlara görə, Sulduz şəhər valisi Mənuçehr Şakir münaqişənin Saxsıtəpə kəndində uzun illər dinc yanaşı yaşayan türk (Azərbaycan) və kürd tayfalarının nümayəndələri arasında milli zəmində təhqir və alçaltma əsasında deyil, onlar arasındakı müştərək divardan küçəyə qapı açılması üstündə baş verdiyini söyləmişdir.
Kiberməkanda yayımlanan xəbərləri təkzib edən Sulduz valisi demişdir: “Bir adamın öldürülməsi münaqişənin intensivliyini artırır, kəndlilər, uşaqlar və qadınlar arasında çaxnaşma yaradır”.
Vali davam edərək bildirmişdir ki, hadisə baş verən kimi şəhər prokuroru, SEPAH qüvvələri komandiri, polis və valilik bu məsələyə müdaxilə etmişlər.
Vali xüsusi olaraq diqqəti belə bir məqama çəkmişdir: “Bu şəxsi münaqişədir və bu münaqişədə milli zəmində heç bir təhqir və alçaldılma olmamışdır. Dedi-qodular bu məsələni daha da qızışdırmışdır…”
Amma atalar demişkən, “yanmayan yerdən tüstü çıxmaz!
Əldə edilən məlumatlara görə, İran TV-nin “Mən-o-to” (Mən və sən) verilişində Sulduzun Saxsıtəpə kəndindəki türk (Azərbaycan) və kürd tayfalarının nümayəndələri arasında bir debat təşkil olunmuşdur. Həmin debatda kürd nümayəndəsi qeyd etmişdir ki, orası Azərbaycan torpağı olsa da, onun mənsub olduğu Mokriyan tayfası daima həmin ərazidə məskun olub və türklərlə yanaşı yaşayıb (yəni “o məkanda bizim də payımız və haqqımız vardır” demək istəmişdir).
Eyni zamanda da bu danılmaz tarixi bir faktdır ki, uzun zaman bir-biri ilə qonşu olan Azərbaycan və kürd xalqları daima dinc yanaşı və sülh şəraitində yaşamışlar, hətta Pəhləvi şahlıq rejiminin milli zülm siyasətinə qarşı çiyin-çiyinə mübarizə aparmış, Milli hökumətlərini qurmuş və İran daxilində 5 may 1946-cı il tarixində yaratdıqları demokratik rejimləri qorumaq haqqında qarşılıqlı əməkdaşlıq müqaviləsi belə imzalamışlar. Bu gün müəyyən qüvvələr torpaq iddiaları zəminində bu birliyi pozmağa, milli zəmində qarşılıqlı ədavətə rəvac verməyə çalışırlar. Yaxın tarixi keçmişə bir daha nəzər salmaqla dostluq və qardaşlıq ənənələrini yaşatmalı, milli-demokratik hüquqlarımızın əldə edilməsi uğrunda mübarizədə vahid bir cəhbədə və mövqedə dayanmalıyıq.
Biz əminik ki, məhz belə də olacaqdır!
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi
Şərhlər bağlıdır.