AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 76-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KONFRANS “CLUBHUOS”DA KEÇİRİLDİ

12 şəhrivər 1400cü il (3 sentyabr 2021-ci il)

Əziz oxucular, 12 şəhrivər 1400-3 sentyabr 2021-ci ildə Azərbaycan Demokrat Firqəsinin (ADF) 76-cı ildönümü münasibətilə “12 Şəhrivər Bəyaniyəsi” adlı “Clubhuos”da canlı konfrans keçirildi. Konfrans göstərilən tarixdə, cümə günü Təbriz vaxtı ilə saat 20:30-da baş tutdu. Konfransda bir çox soydaşlarımız və “21 Azər” hərəkatının sevdalıları, o cümlədən Azərbaycan Demokrat Firqəsinin sədri  sayın Rəhim Hüseynzadə və firqəmizin funksionerləri iştirak edirdilər. Çıxış edənlər Azərbaycancan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, sayın Dr.Səməd Bayramzadə, sayın İsmayıl Xosrovşahi, sayın Səriyyə xanım Ərdəbilli, sayın Abdulla bəy Əmir Haşımi Cavanşir və otağın hörmətli admini sayın Rəhim bəy Şahbazi idi.

Konfrans Azərbaycan Demokrat Firqəsinin milli himni ilə açıldı. Sonra Səməd Bayramzadənin həmin gün əsasında gözəl, dolğun və məzmunlu çıxış etdi. S.Bayramzadə öz elmi çıxışını bir neçə bölmədə otağımızın şanlı, eyni zamanda çox maraqlı və həvəsli dinləyicilərinə çatdırdı. O, birinci bölmədə belə dedi: “Seyid Cəfər Pişəvərinin sədrliyi ilə yaradılmış və Güney Azərbaycanda xalqın milli-demokratik hüquqlar uğrunda mübarizəsinə rəhbərlik edərək 1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Azərbaycan Milli Məclisinin açılmasına və Azərbaycan Milli Hökumətinin təşkilinə nail olmuş, milli mədəniyyətin, iqtisadiyyatın bütün sahələrində xalqın mənafeyi üçün, onun azadlığı və rifahı üçün böyük və əvəzsiz islahatlara imza atmış Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranmasından 76 il keçir. Bu Firqə bu gün də diridir, yaşayır, fəaliyyət göstərir, özünün Mərkəzi Komitəsinə və mətbu orqanına (“Azərbaycan” qəzeti), rəsmi İnternet saytına (Azerbaycan-ruznamesi.org) malıkdir. 1945-ci il sentyabr ayının 3-də Təbriz şəhərində yaradılmış ADF özünün xalqa “12 Şəhrivər” adlı müraciətində bu firqənin təsis səbəblərini, qarşıdakı məram və məqsədlərini, milli dövlət quruculuğu siyasətinin əsas istiqamətlərini müəyyən etməklə əslində qısa bir müddətdən sonra təşkil edəcəyi Milli Hökumətin proqramını xalqın müzakirəsinə təqdim etmişdi. Bu müraciətdə ilk olaraq dövlət quruculuğu siyasətinin mahiyyəti məntiqi şəkildə, xalqın anlayacağı bir dildə şərh edilir və İran çərçivəsində demokratik əsaslarda federativ bir dövlətin formalaşdırılması təklifi ortaya qoyulur. ADF-nin dövlət quruculuğu siyasətində dərəbəylik üsulunun aradan qaldırılması, xalqın dövlət işlərində hakimiyyətlə qarşılıqlı şəkildə birbaşa iştirakı həmişə əsas istiqamətləri təşkil etmiş və ciddi nəzarətdə saxlanılmışdır (misallar – rüşvət haqqında Milli Məclisin qanun və qərarları, 3 ildən ölüm cəzasına qədər məhkəmə qərarları, parlamentə və bələdiyyələrə seçkilərdə xalqın iştirakı, demokratik seçkilər, nəzarət üçün hər bir dövlət qurumunda firqə təşkilatının yaradılması və s.). Bunun üçün də ADF Əsas Qanunun icrası və tək­mil­ləşdirilməsi yolunda ciddi surətdə işə başlamağı, milli hökumətin yaradılmasını aşağıdan, yəni xalq içindən və camaatın geniş kütlələrinin ehtiyacı üzərində, əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri üzərində qurmağın lüzumunu önə çəkir. Bundan sonra firqənin Azərbaycanda təşkilini, onun milli mübarizəsinin mahiyyətini, bu mubarizənin istiqamətlərini, əsas hədəflərini müəyyən və zəruri edən səbəblər açıqlanır və deyilir ki, “Azərbaycan torpağında 4,5 milyonluq bir xalq yaşayır (o zamankı statistikaya görə İranda 16,5 milyon nəfər əhali yaşayırdı – Ketab-e əsami-ye dehat-e keşvər, Tehran, 1944; Лазаревский Л. Иран, «Наука», М., 1951, с.4; Azer S. İran türkleri, İstanbul, 1942, s.12), onlar özlərinin etnik mənsubiyyətlərini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır. Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı müəyyən edib çarə etməkdən acizdir. Bizim mədəniyyətimizin inkişafının qarşısını alır. Bizim ana dilimizi təh­qir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Onlar öz ana yurdlarında və özlərinin qızıl törədən torpaqlarında yoxsul və biçarəlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an təhqir etməkdədirlər”. Bununla da ADF-nin Azərbaycanda siyasi bir təşkilat olaraq yaradılması zərurəti əsaslandırılmış oldu. Müraciətdə bu barədə yazılır: “Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri təbiidir ki, tək və ya dağınıq halda azadlıq mübarizələrini davam edə bilməzlərdi, ona görə bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm və müntəzəm bir firqə təşkilatı yaratmaq lazım gəlirdi. Azər­bay­can Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər şəxsləri öz sırasına dəvət etməklə bir milli mərkəzi vücuda gətirəcək, Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcəkdir və bu vasitə ilə İran millətinin tərəqqi və təkamül yolunu açacaqdır” (“Azərbaycan” qəzeti, 05.09.1945). ADF öz platformasında  dövlət quruculuğu siyasətinin sosial, iqtisadi və siyasi istiqamətlərinin müəyyənləşdirtilməsi və icrasında xalqın bütün təbəqələrinin iştirakını əsas amillərdən biri hesab etməklə onu xalqın müzakirəsinə təqdim etdi. Bununla bağlı Azərbaycan Demokrat Firqəsi təbəqə və sinif fərqini nəzərdə tut­ma­yaraq xalqı öz təşkilatında üzv olmağa və müqəddəs milli mübarizədə iştirak etməyə çağırdı və bildirdi ki, bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azər­bay­can xalqının üzünə açıqdır. Bundan sonra ADF 12 maddədən ibarət öz əsas şüarlarını və məqsədlərini  “Azərbaycan” qəzeti vasitəsilə bəyan etməklə özünün dövlət quruculuğu siyasətini xalqın geniş kütlələrinin müzakirəsinə təqdim etmiş oldu. Əslində bu şüarlar ADF-nin qurmaq niyyətində olduğu Milli Hökumətin proqramını xalq ilə birlikdə hazırlamaq təşəbbüsü idi. Belə ki, xalqın iradəsi və iştirakı ilə qurulan dövlət onun bütün maraqlarını təmin etməli və ehtiyaclarını ödəməli idi. Yalnız bu halda demokratik prinsiplər üzərində Milli bir hökumət qurmaq və onu müdafiə etmək olardı. 12 maddədən ibarət bu şüarlar Azərbaycan Demokrat Firqəsinin İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azər­bay­can xalqına daxili azadlıq və mədəni muxtariyyat verilməsi, bu məqsədləri həyata keçirmək üçün tez bir zaman içərisində xalq tərəfindən yerli idarəçilik orqanları olan Əyalət və Vilayət Əncümənlərinin (bələdiyyələrin) seçilib işə başlaması, məktəblərdə təhsilin Azərbaycan dili bazasında təşkili (3-cü sinifdən sonra dövlət dili olan fars dili də tərdis edilmək şərtilə), mövcud zavod və fabriklərin təkmili və yenilərin təsisi ilə istehsalın ge­niş­ləndiril­məsi, bazar tapmaq və Azərbaycan əmtə­ələrinin xaricə çıxarılması üçün tranzit yollar axtarmaqla ticarətin genişləndirilməsi, Azər­bay­can şəhərlərinin abadlaşması və su ilə təminatı, kəndli ilə mülkədarlar arasında müəyyən bir hüdud təyin etmək, qeyri-qanuni vergilərin qabağını almaq, Xalisə yerlərini (dövlət torpaqları)  və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə məsrəf edən, Azərbaycana geri dönmək istəməyən mülkədarların yerlərini kəndlilərin ixtiyarına verməklə onların torpaq və əkin alətləri ilə təmin edilməsi, fabriklərin təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirləri həyata keçirməklə işsizlik kimi ciddi bir təhlükənin qarşısının alınması, Azərbaycan əhalisinin İran parlamentinə sayına uyğun (bu təqəribən parlament nü­ma­yəndələrinin üçdə birini təşkil etməli idi) deputat seçmə haqqının tələb və təmin edilməsi, seçki prosesinin bütün İranda eyni vaxtda başlanıb və çox tez bir zamanda qurtarmasının təşkili, dövlət idarələrinə soxulmuş satqın və rüşvətxor şəxslər ilə ciddi mübarizənin aparılması, doğru və düzgün dövlət məmurlarının təqdir edilməsi, Azərbaycanda alınan ver­gi­lə­rin yarısından çoxunın Azərbaycanın öz ehtiyaclarına sərf edilməsi, bütün demokratik dövlətlərlə dostluq münasibətləri saxlamaq, mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərə qarşı mübarizə aparmaq, onları dövlət idarəçiliyi işlərindən kənar etmək  kimi əsl məqsədlərini bəyan etməklə Azərbaycanın həm daxilində və eləcə də onun xaricində yaşayan hər bir vətənpərvər azərbaycanlını Milli Hökumətin qurulması kimi müqəddəs bir vəzifənin icrasına çağırırdı. ADF-nin 12 Şəhrivər müraciəti sonda xüsusi olaraq qeyd edirdi ki, “Azər­bay­canın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin pəncəsindən nicat tapacaqdır”.

Səməd müəllim bir neçə qədiqə fasilədən sonra çıxışının 2-ci hissəsini iştirakçıların zövqünü oxşayan məzmunla belə davam etdi: “Firqənin bu müraciəti elə həmin gün (3 sentyabr 1945) çap edilərək şəhərlərdə, qəsəbələrdə və kəndlərdə xalq arasında yayıldı. Bu müraciətnamə Azərbaycan xalqı tərəfindən geniş diqqət və böyük rəğbətlə qarşılandı. Minlərlə azərbaycanlı müraciətnamə yapışdırılmış divarların qabağında toplanıb ürək döyüntüsü ilə onu axıra qədər oxudu, düşündü və alqışladı. Xalqın bu isti münasibəti onu göstərdi ki, ADF-nin tutduğu yol və hədəflər düzgün seçilmişdir, xalqın maraqlarına uyğundur, onun istək, arzu, еһtiyaclarını açıq-aydın bir şəkildə əks etdirir. Xalq İranın ərazi bütövlüyü və istiqlalı çərçivəsində müqəddəratını təyin etmək haqqı istəyirdi, evi olan Azərbaycanı özü idarə etmək istəyirdi, öz dilində mədəniyyət, səhiyyə və dövlət idarəçiliyi istəyirdi. ADF milli bir firqə olduğu üçün cəmiyyətdəki bütün sinif və təbəqələri öz bayrağı altında birləşməyə çağırdı. Bir gün keçdikdən sonra firqənin rəsmi orqanı “Azərbaycan” qəzeti müraciətnamədəki çağırış və şüarları əsas götürərək fəaliyyətə başladı, yeri gəldikcə onların izahına çalışaraq xalqı milli azadlıq üçün mübarizəyə hazırladı (“Azərbaycan” qəzeti, say 1, 05.09.1945). Bir həftə sonra ADF sədri S.C.Pişəvəri Təbrizin “Şir və xurşid” teatr salonunda sözügedən müraciət və şüarlar barədə ətraflı çıxış etdi, bəyanat verdi, xalqa sadə Azərbaycan dilində yaranmış gərgin vəziyyəti, ondan çıxış yollarını, xalq hökuməti qurmağın üsullarını açıb göstərdi. O vurğuladı ki, “deputat təkbaşına heç bir iş görə bilməz. Xalq əl-ələ verib öz dərdlərinə özü çarə tapmalıdır” və sonra da qəti olaraq xalqına belə bir çağırış etdi: “Azərbaycandan başlamalı, buranı əvvəl islah etməli, Azərbaycan xalqının öz gücü ilə burada bir Milli Hökumət yaratmalıyıq. Tehran irticanın başı, istibdadın mərkəzidir. O, ətrafda baş qaldıran bütün hərəkatlara qarşıdır. Birinci növbədə ora göz yumub, birbaşa burada iş görməliyik” (“Azərbaycan” qəzeti, say 4, 16.09.1945).

S.C.Pişəvəri bu nitqində dövlət qurmağın, dövlətçiliyin prinsiplərini də şərh etdi, aydın və sadə bir dildə xalqına elan etdi ki, “demokratik və milli bir hökumətin yaradılması üçün birinci növbədə dövlətin büdcəsini, yəni mədaxil və məxaricini təyin etmək gərəkdir və Məşrutə İnqilabı da bu məsələni həyata keçirmək yolunda meydana gəlmişdir. İndi alınan vergilər və sərf edilən pulların hamısı qeyri-qanunu və oğurluq hesab olunur”. Davamında S.C.Pişəvəri bu dövlətçilik prinsiplərinin qanunlara söykənməsinin, onlara mütləq şəkildə əməl olunmasının zəruriliyinə də toxunaraq bildirdi ki, qanun möhtərəmdir. Qanunsuz bir ölkədə ədalət, təhlükəsizlik, insaniyyət ola bilməz. Amma qanun hər iki tərəfdən (həm hökumət və həm xalq tərəfindən) möhtərəm tutulmalıdır. Əks təqdirdə hakimiyyətdə olanlar həmişə qanunları özləri üçün əllərində bir alət kimi saxlayıb hər vaxt azadlığı məhv etməyə, xalqın haqq və ixtiyarını ayaqlamaq lazım gəldikdə onu meydana çəkib ondan istifadə etməyə çalışırlar. Belə olduğu halda xalqın xeyrinə olan qanunlar yaddan çıxarılaraq arxivlərə verilir”. Ona görə də ADF-nin xalqa müraciətində meydana atdığı şüarların əsasını da qanun təşkil edirdi. Ö üzdən də ADF-nin əsas hədəflərindən biri millətlərin və xalqların hüquqlarını təmin edən Əsas qanunu (Konstitusiyanı) diriltmək yolunda mübarizəyə başlamaq idi. Belə ki, ADF, onun üzvləri və onların təmsil etdikləri sosial təbəqələr üçün birinci növbədə ən böyük, ən əsas qanun əyalət əncüməni (yerli idarəçilik orqanı olan bələdiyyə) məsələsini ortaya gətirib həyata keçirmək istəyi idi.

Pişəvəri şəhər əncümənlərinin seçilməsi və formalaşdırılması məsələsinə də işarə edərək belə bir tövsiyədə bulundu ki, “ilk öncə şəhərləri sahmana salmaq üçün xalqın seçdiyi şəhər əncümənləri köhnə qəbiristan halına düşmüş, küçə və xiyabanlarında üfunət və çirkab başdan aşmış şəhərlərdə işə başlamalıdırlar”. (“Azərbaycan” qəzeti, say 6, 18.09.1945). Bəyanatda o da vurğulandı ki, “dünyada demokratik ölkələrdə dövlət bələdiyyəsinin işlərinə müdaxilə edə bilmir. Ona görə də şəhər əncümənləri Rza xanın yaratdığı bu pis və uğursuz səddi sındırıb işə başlamalı və şəhəri xarabazar halına düşməkdən xilas etməlidir”. Belə bir ağır zamanda Azərbaycan Demokrat Firqəsinin özünün tarixi “12 Şəhrivər” müraciətnaməsi ilə fəaliyyətə başlamasından bir həftə sonra Təbrizdə və bütün Azərbaycanda dərin bir sükut hiss edilirdi. Xalq ADF-nin simasında bir ağırlıq mərkəzi, bir pənahgah tapan kimi olmuşdu. Ümumi təhlükəsizliyi pozan hərəkətlər susdurulmuş, ara qarışdırmaq istəyən ünsürlər təcrid edilməyə başlamışdı. Belə ki, Azərbaycanın istər şəhərlərində, istərsə də kəndlərində xalq firqəyə etimad edib, meydana atdığı təhlükəsizlik şüarını rəğbətlə qarşılayıb, ona riayət edirdi. Azərbaycan təhlükəsizlik və sakitlik cəhətdən İranın başqa yerlərinin hamısından öndə gedirdi (“Azərbaycan” qəzeti, say 8, 20.09.1945). Firqənin bu uğurunu əldə əsas tutan Pişəvəri qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı ADF-ni yaratmaqla dünyaya sübut edəcəkdir ki, yabançılar olmadan onun öz evini idarə etməyə ləyaqət və qüdrəti vardır. Ona görə də ADF birinci növbədə təhlükəsizliyi qorumalı, ondan sonra milli hərəkatı idarə etmək və İran azadlığını təmin etmək üçün Əyalət Əncümənindən ibarət olan bir mərkəzi yaratmalı idi. Əncümənlərin hüquqları çox genişdir. Onlar bütün hökumət idarələrinın işlərinə yetişə bilər. Əyalətin sərvətini, maarif və səhiyyə məsələlərini müstəqil surətdə müzakirə edib, bu barədə ciddi tədbirlər görə bilər. Firqə sədri S.C.Pişəvəri bir öhdəlik şəklində xalqına bunları bəyan etdi: “Biz var qüvvəmizlə çalışacağıq ki, millət bütövlükdə hamısı dövlət işlərinə müdaxilə edə bilsin və hər bir vətənsevər fərdin iradəsi məmləkətin müqəddəratına təsir edə bilsin. Bundan əlavə qabağımızda böyük islahatlar paketi durur. Əvvəla, kəndli ilə mülkədarlar arasında mövcud olmuş ixtilaflfları ədalətli tərzdə həll etmək lazımdır. Sonra maarif və səhiyyə məsələsi, bizcə, qarşıda duran ən böyük məsələlərdəndir. Maarif və səhiyyəsiz bir millət öz istiqlalını ala bilməz və aldığı azadlığı əldə saxlaya bilməz” (“Azərbaycan” qəzeti, say 10, 23.09.1945). Əslində bu bəyanatı ilə Pişəvəri qarşıda Azərbaycanda qurulacaq milli dövlətin fəaliyyət proqramının əsas istiqamətlərini müəyyən etmiş oldu.

Konfransın bundan sonrakı hissəsində çıxışa başlayan İsmayıl müəllim Azərbaycan Demokrat Firqəsinin yaranması münasibətilə iştirakçıları təbrik etdi, 12 Şəhrivər Bəyannaməsinə aid şəraitin gəlib çatması barədə Ulu Öndər Pişəvərinin həyat və mübarizə yolundan söz açdı. Sonra İsmayıl müəllim 12 Şəhrivər Bəyannaməsi, onun verdiyi nəticələrdən həvəslə söhbət etdi. O,  birinci çıxışından sonra Azərbaycan Demokrat Firqəsinin milli himnini gözəl səsi ilə, çox böyük bir həvəs və şövq ilə dinləyicilərə  oxuyarkən, otaq iştirakçılarının gurultulu alqışlarını qazandı. İsmayıl müəllim 2-ci çıxışını Azərbaycan Demokrat Firqəsinin yaranması və onun nəticəsində Milli Məclisin, Milli Hökumətin, milli eyitimin, milli ordunun və sairə nailiyyətlərindən söhbət açdı.

Konfransın gedişatında Səriyyə xanım Ərdəbilli 12 Şəhrivər Bəyannaməsinin tam mətnini Azərbaycan türkcəmizdə sayın otaq iştirakçılarına çatdırdı. Otaqda 50-60 nəfər iştirakçı və dinləyicilər suallarını adminlər vasitəsilə çıxışçılara yönləndirdilər.

Sayın Səməd Bayramzadənin suallara qarşılıq verdiyi çox qaneedici və elmi cavabları iştirakçıların alqışlarını qazandı.

Konfransın gedişatında İsmayıl müəllimin də suallara obyektiv və qaneedici cavabları iştirakçılar üçün çox maraqlı oldu.

Yekun sözü sayın Abdulla bəy Əmir Haşimi Cavanşir söyləyərək, 12 Şəhrivər Bəyannaməsindən 76 il keçməsinə baxmayaraq, onun hər bir sətrinin, hər bir bəndinin bu gün Güney Azərbaycan həyatında, eyni zamanda bütün İran miqyasında zülm altında yaşayan fars, qeyri fars millətlərin ictimai, siyasi, mədəni həyatlarında nə qədər aktual olduğunu müyyən faktlarla göstərdilər. O, Azərbaycan Demokrat Firqəsinin yaranmasının tarixi zərurətdən irəli gəldiyini və bu gün də həmin zərurətlərin daha qabarıq və aşkar bir şəkildə xalqımızın azadlıq, ədalət, Milli Hökumətin bərpası uğrunda mübarizəsində haqlı və zamanın hökmünə uyğun  oduğunu qeyd etdi. 3 saata yaxın davam edən  otaq, Azərbaycan Demokrat Firqəsinin ildönümü barədə təbriklərlə və alqışlarla öz işini bitirdi.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Şərhlər bağlıdır.