Abdulla Əmir Haşimi Cavanşir
12 şəhrivər 1400-cü il (3 sentyabr 2021-ci il)
Əziz oxucular, 3 sentyarbr yenə də, Sulduzda xoşa gəlməz hadisə baş vermişdir. Sulduz Qərbi Azərbaycanın şəhərlərindən biri, qədim türk tayfalarından olan, qarapapaqların məskənidir. Şəhərdə az sayda da mühacir kürdlər yaşayır. Hansı ki, Pəhləvi dövründə, İran-İraq savaşı bitdikdə, İraqdan mühacirət etmiş kürdlərin bir hissəsi Sulduz və onun ətrafında yerləşdirilmişdi. 1979-cu il inqilabından sonra kürd partiyalarından bəziləri Azərbaycandan torpaq payı götürmək üçün, Qərbi Azərbaycanın Savucbulaq və Sulduzda təşkil etmiş silahlı qüvvələri ilə Azərbaycan türk dinc vətəndaşlarına qarşı hücuma keçmiş və onları öz doğma yerlərindən didərgin salmaq istəmişlər. Lakin bir tərəfdən türklərin ayıq-sayıqlığı, digər tərəfdən isə Azərbaycan torpaqlarında hökumət orqanlarından başqa digər silahlı qüvvələrə fəaliyyət izni olmadığı şəraitdən irəli gələn səbəblərə görə, kürd partiyalarının bu artıq tamahlıq cəhtləri baş tutmamışdır. O dövrdə, 1980-cı ildə Sulduz şəhərində qarşıdurma səbəbindən, türklərdən və kürdlərdən bir çox həlak olanlar olmuşdur. Həmin qarşıdurmadan xeyir gözlənən qruplar, həmçinin mərkəzi hökumət bu gündə adların çəkdiyimiz Azərbaycan torpaqlarında dinc əhalinin yaşayış şəraitinə, məişət tərzinə əngəlləmələri davam etdirirlər. Sözün açığı 42 il həmin inqilabdan keçsə də mərkəzi hökumət Qərbi Azərbaycanda, kürd partiyalarına mənsub olan silahlı qüvvələri təmizləyib aradan çıxartmayıb.
Mərkəzi hökumət kürd silahlı qüvvələrini, Azərbaycan türklərinin başının üstündə bir çomaq təkin saxlamaqda və onları hədələmədə, normal gün-güzəranlarını, qorxu və iztirab şəraitində saxlamaqda məsləhət görür. Azərbaycan türkləri dəfələrlə Qərbi Azərbaycan ostanın mənsublarına müraciət etsələr də, kürd silahlı qüvvələrinin törətdikləri cinayətləri üzə çıxartsalar da, mərkəzi hökumət bu barədə dəyərli bir iş aparmır ki, aparmır. Üstəgəl kürdlərə şərait yaradır. Onlarla müzakirələr aparır. Vədə-vədlər verir. Onları nahaq istəkləri və arzuları istiqamətdə stimullaşdırır. Daha doğrusu, rejim bir güllə ilə iki dovşan vurur. Bu səbəbdən Sulduz və Savucbulaq türk dinc əhali, kürd silahlı qüvvələrinin bəlalarından özlərini xilas eləsinlər və qorusunlar deyə rejimə pənah gətirir, rejimin silahlı qüvvələrində çalışmaq, onlara yardim etməyə məcbur olurlar. Özlərini qorumaq imkanın əldə etsinlər.
Rejim digər tərəfdən isə həmin silahlı qüvvələrdən istifadə edib, antitürk siyasətini İran sərhədlərindən kənara çıxararaq, İraq, Türkiyə və Suriyada həyata keçirir. Beləliklə, Sulduzda yaşayan uşaq, qadın, qoca hansı ki, zavodda, fabrikdə işləməli, çöldə cüt sürüb, bağdarlıq edib tarla becərtməyə, məcburdursa, onun üçün sülh, dinc şərait əvəzinə qorxu içərisində işləyib çalşır. Təəssüflər olsun ki, 40 ildən çoxdur kürd silahlı qüvvələri gecə-gündüz bu məntəqəni qorxu və təhlükə içində saxlayır. Məktəb şagirdindən tutmuş, tarla işçisinə qədər, bu qorxunu, əti-qanı, sümüyü ilə hiss edir. Türklər haçansa, silahlı kürdlərə qarşı etiraz səslərini qaldırsalar, pantürkist damğası ilə rastlaşırlar.
Əslində kürd silahlı qüvələri İran rejimi ilə savaşırsa Azərbaycan torpağlarında yox, getsin Tehranda savaşsın. Belə olduqda azərbaycanlılarla birlikdə Tehran rejiminin irqçiliyinə qarşı mübarizə aparmalı olurlar. Bərabərlik və sülh sıralarında addımlayırlar. Azərbaycanlılar kimsə ilə etnik münaqişəyə girmək istəmirlər. Eyni zamanda onlar, ata-baba yurdları olan Azərbaycan torpaqlarını qorumaq əzmindədirlər. Kimlərsə də Urmiyəni, Sulduzu Azərbaycandan ayırmaq istəyir, boş-boş xəritələr yayırlar, onlar xam xəyala dalırlar.
Azərbaycan Demokrat Firqəsi Milli Hökumət dövründə Savucbulaqda yaşayan kürdlərə, Azərbaycan ərazi bütövlüyü çərçivəsində mədəni muxtariyyat vermişdi. Həmçinin Asorilərə, ermənilərə ana dillərində təhsil almaq hüquqlarını həyata keçirmişdi. Azərbyacan Demokrat Firqəsi Azərbaycanda yaşayan bütün dini, etnik azlıqlara hüquqlarının təmin edilməsi uğrunda mübarizəsini davam etdirir.
Şərhlər bağlıdır.