GÜNEY ƏDƏBİ İNCİLƏRİNİN NƏFİS MÜCRÜSÜ – EYNULLA MƏDƏTLİ YAZIR

 

ESMİRA FUADIN HAZIRLADIĞI “GÜNÜMÜZÜN GÜNEY ƏDƏBİYYATI ANTOLOGİYASI” HAQQINDA QEYDLƏR

 

Eynulla MƏDƏTLİ,

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

 Filologiya elmləri doktoru Esmira Fuadın böyük zəhmət və məhəbbətlə tərtib etdiyi və 2018-ci ildə “Elm və Təhsil” nəşriyyatında çap olunan “Günümüzün Güney ədəbiyyatı Antologiyası” kitabını hər dəfə nəzərdən keçirəndə gözlərimin önündə 1996-2001-ci illərdə diplomatik xidmətdə çalışdığım İran, Güney Azərbaycan və İranın demək olar ki, bütün əyalətlərində sakin olan Azərbaycan türklərinin vətənpərvər yaradıcı gəncləri canlanır. İndi onlar 20-25 il yaşlanıblar, ədəbiyyatda öz sözlərini deyib, öz izlərini salıblar. Esmira xanımın toplayıb tərtib etdiyi, maraqlı ön söz yazdığı və təqdim etdiyi şairlərinin hər birinin həyat, yaradıcılıq yoluna dair məzmunlu məlumat verdiyi bu poeziya toplusunun bundan əvvəlki bənzər antologiyalardan köklü fərqi bundadır ki, min səhifəni aşan bu poeziya toplusunda yer alan şairlərimizin əksəriyyəti bizim canlı müasirlərimizdir, ədəbiyyata XX əsrin sonlarında gələn istedadlı, tamamilə yeni təfəkkürlü ədəbi nəslin nümayəndələridir. O zamanlar bu gənclərin bir çoxunu ya şəxsən tanıyırdım, ya da yaradıcılıqlarına bələd idim.

1979-cu ilin fevralında İranda 54 illik qondarma “Pəhləvi” şahlıq rejiminə son qoyulandan sonra ölkədə nəhayət demokratik azadlıqların başlanacağına ümidlənən, ölkədə mütərəqqi ideya – əməli fəaliyyətlərin təşkilatçısı və fəal iştirakçısı olan Azərbaycan türkləri içərisində illərlə qəfəsə salınmış quşlar kimi pərvazlana bilməyən yaradıcılıq eşqi coşqun ümid və həyəcanla təlatümə gəlmişdi.

1979-cu ildə dünya şöhrətli alim, cərrah və bundan da ziyadə dilçi-ədəbiyyatşünas, böyük azərbaycanşünas doktor Cavad Heyətin (1925-2014) təsis etdiyi “Varlıq” jurnalı ilə yanaşı, onlarla ədəbi-bədii nəşrlər meydana çıxdı, xüsusilə, gənc şairlər üçün geniş meydan açılmış oldu. Lakin geniş xalq hərəkatının qələbəsi ilə hakimiyyətə gələn tərəqqipərvər, islahatçı və yenilikçi qüvvələrin, görkəmli şəxsiyyətlərin, demək olar ki, hamısı ilk bir neçə il ərzində hakimiyyətdən uzaqlaşdırıldı, ya da həyatdan qoparıldı, radikal ruhanilərin şəriksiz hakimiyyət illəri başladı. Səkkiz il davam edən İran-İraq müharibəsi də ölkədə azadlığa susamış, ölkə əhalisinin üçdə birindən çoxunu təşkil edən Azərbaycan türklərinə, islam inqilabının lokomotivi olan bu böyük və qəhrəman xalqa təbii insani haqları verməmək üçün daha bir bəhanə oldu. Halbuki o illərdə (1981-1988) İran İslam Respublikasının prezidenti də (Əli Xameneyi – indiki Ali Rəhbər), Baş naziri də (Mirhüseyn Musəvi) Azərbaycan türkü idilər. İslam inqilabının rəhbəri Ayətullah Xomeyni olsa da, o illərdə dövlətin və ordunun aparıcı qüvvələri hələ Azərbaycan türklərindən ibarət idi. Təəssüf ki, bir sıra istedadlı və cəsarətli gənclər təqiblərə və həbslərə məruz qaldılar, ölkəni tərk edənlər çox oldu. Amma Güney Azərbaycanda milli ruhlu ədəbi hərəkat dayanmadı, bu ya digər şəkildə davam etdi və indi də davam etməkdədir.

Ayrıca vurğulanmalıdır ki, 1980-ci illərin əvvəllərindən vüsət alan ana dilli (Azərbaycan türkcəsi) ədəbiyyat, xüsusən, poeziya günümüzədək keşməkeşli olsa da, şərəfli yol keçib. Esmira Fuad bu prosesi kitaba ön sözündə mükəmməl şəkildə ifadə edir: “Azərbaycan türklərinin yaşadıqları əzəli-əbədi, ata-baba yurdlarında ana dilində – doğma türkcədə nə məktəbləri, nə dərs kitabları, nə ilk, orta və ali təhsil imkanları, nə də iş yerləri olub. Yad dildə danışan, bu dildə oxuyub bütün iş həyatını quran qələm adamlarının bu möhtəşəmlikdə ədəbiyyat yaratmaları, bircə kəlmə ilə desəm, əsl möcüzədir!!!”

Antologiyaya tərtibçinin daxil etdiyi 114 şairin şeirin ən müxtəlif növlərində, forma və üslublarında yazdıqları şeirləri Arazın o tayında soydaşlarımızın necə böyük vətənpərvərlik hisslərinə, Azərbaycan sevgisinə və bu ülvi sevginin sərhədsiz, intəhasız və əbədi olduğuna şahidlik edir. Eyni zamanda, bu şeirlərin dərin ictimai-siyasi məzmunu, Azərbaycan fəlsəfi fikrinin zəngin ənənələrindən qaynaqlanan dərin təfəkkür, ölkədə, dünyada, ümumən bəşəriyyətdə gedən proseslərə şair münasibəti tarixi Vətənin vaxtilə bölünmüş bu böyük qismində Azərbaycan-türk ruhunun necə canlı və mübariz olduğunu nümayiş etdirir. Məsələn, 1979-cu ildə Əhərdə doğulmuş, Təbrizdə təhsil almış, psixoloq, jurnalist, şairə xanım Məlihə Əzizpur “İçinizdə hər an ad dəyişdirən mikroblar!” şeirində yazır:

 

Bu bizik,
Tarix yaşlı TÜRK!

Əsrlərin çərçivəsinə sığmayan ƏR
Dustaqlara yerləşməyən NƏR!
…Bu, bizik!
TÜRK oğlu TÜRK!
Oğuz xaqan, Alp Ər Tunqa, Tomris,
Atilla, Babək, Atatürk!

 

Elmi-ədəbi yaradıcılığında Bəxtiyar və Şəhriyar sevgisini qəlbindən qopan hissiyyatları ilə bir sıra maraqlı tədqiqat işlərini oxucularımıza təqdim etmiş Esmira xanım Güney ədəbiyyatımızı təmsil edən şairləri seçərkən görünür vətən-millət şeirlərinə üstünlük verib. Əlbəttə, bu şeirlərdə Vətən dərdi, Azərbaycanın 30 illik Qarabağ yarası qırmızı xətlə keçsə də, ümumbəşəri mövzular, insanlığın dərdləri də dilləndirilir.

Bu möhtəşəm toplunun ilk şeirləri 1960-cı ildə Xiyav (indi Meşkinşəhr) şəhərində doğulmuş Nigar Xiyaviyə məxsusdur. Şeirlərin təqdimatında Esmira Fuad şair və şairlərin doğum tarixləri üzrə xronoloji düzümü əsas götürüb, yəni onların ən “qocaman”ı elə “Azərbaycan qızıyam” deyən 1960-cı il doğumlu Nigar xanımdır. Nigar xanımın “Buraxın yaşayım” şeirində deyilir:

 

Ürək çırpıntılı bir quş yuvası

Başım fırtına meydanı, yanğı dəryası. 

Buraxın yaşayım, bu qara nəfəsi

Yorğun-yorğun tövşəyim,

Boynuma qoyulan həyat payımı. 

Buraxın eşidim.

İçimdə boğulan hay-harayımı

Buraxın… 

 

Rəsul Qədiri (Təbrizdən) “Ağlama, gözəlim” şeirində görün xalqın və Urmu gölünün faciəsini necə vəhdətdə anladır:

 

 Sil gözlərini,

Ağlama gözəlim,

“Urmu gölü”nü boş ver, məni də,

Qoy sevincini görə bilməyənlərin

göz yaşı doldursun gölü.

Mən qəhqəhənə vurğunam.

Ağlama,
Dünyaya yazığın gəlmirmi heç?!

Ağlarsan dünyanı sellər aparar… 

 

Esmira xanımın Antologiyaya daxil etdiyi müəlliflərin əksəriyyətinin poeziyasında Qarabağ dərdi, Təbriz, Bakı, Araz mövzusu Vətən və Ana dili harayı ilə eyni ahəngdə vurğulanır, bir ürək kimi döyünür. Diqqətəlayiqdir ki, bu şeirlərin hamısında nisgillə yanaşı, qurtuluş və birliyə ümid də yer alır. Umud Zəncanlı yazır:

 

…Qarabağdan xəbərsizik,

Ayrılıqdan yanan bizik,

Bakı, Şəki, biz Təbrizik,

Ana Vətən sinə dağlar.

Ay ilk bahar ağlar, gülər,

Xocalıdan xəbər gələr,

Ağdam, Laçın bayram eylər,

Xalq yurduna dönə dağlar.

…Ümid gedər Xankəndinə,

Daşnak düşə kəməndinə, 

Bir-bir çəkə öz bəndinə,

Şuşa çıxa günə dağlar. 

Yaxud:

Qarabağ bizimdir, bizim olacaq,

Can verərik yolunda, yada vermərik.

Pozarıq zalımlar yazan yazını,

Torpağın yel, tufan, bada vermərik… 

 

Hələ bir neçə il əvvəl Muğandan (indiki qondarma adı Parsabad) Mircamal İncik gələcək qələbənin müjdəsini verirdi:

 

Səsləndi “Heyratı”, “Cəngi”, “Koroğlu”,
Üz tutub igidlər cəbhəyə doğru,
Titrəyir qorxudan qəsbkar ordu
Göstərib ordumuz şan, Qarabağda!

 

…Arzumdur elə ki, basıldı yağı,
Ucaldı Şuşada vətən bayrağı,
Görəydim yuxudan ayılan çağı,
Sökülmüş bu səhər dan, Qarabağda!

 

Səid Muğanlı “Adım həyəcandır” şeirində deyir:

 

Bülbülün nəğməsiyəm,
Xanın səsiyəm.
Tarix məndə nəfəs alıb verir
Azığ mağarasında,
Türkün qızıl kitabıyam…
“Qarabağ şikəstəsi”ndə
hay-hay ağlayan dilsiz çənəyəm
Quzu tək mələyən
Qarabağam, qarabaxtam. 

 

Kəleybərdə doğulmuş, hazırda Təbrizdə yaşayan Fərman Mövlan da bir çox həmməsləkləri kimi yaradıcılıqla yanaşı, ictimai-mədəni fəaliyyətləri ilə, vətənpərvər ziyalı mövqeyi ilə diqqəti cəlb edir.

Yad əllərdə qalan Vətən,
Çiçəkləri solan Vətən,
Ölsün anan, ölsün bacın,
Ölsün mən tək balan Vətən! 

– deyən şair Vətəni tərifləyib, onun şərəfinə badələr qaldırıb, amma onun üçün bircə daşı da daş üstünə qoymayanları məzəmmət edir. Təəssüf ki, bu da acı həqiqətdir, həm o tayda, həm bu tayda.

 

Topluda şairə xanımların şeirləri öz həssas və qeyri-standart məzmun və formaları ilə daha xarakterikdirlər. Görünür ki, Esmira xanım da seçimində ülvi qadın duyğularının özünəmxsus şəkildə ifadə olunduğu şeir nümunələrinə üstünlük vermişdir. Məsələn, 1978-ci ildə Təbrizdə doğulmuş Vida Heşməti yazır:

 

Bu gecə
Bayat sevginin bayatılarını
Gözlərimin çayında üzdürəcəyəm…

Bu gecə
Qoxunu ciyərlərimə çəkib,
Qaytarmayacağam.
Bu gecə
Yalnızlığımı ayın hilalından
Asacağam…

 

Meşkində doğulmuş İbrahim Savalan şairliyi ilə yanaşı, geniş ictimai-siyasi fəaliyyəti ilə diqqəti çəkir. Dəfələrlə həbslərə, təqiblərə məruz qalan, lakin yenə şeirlərində millət savaşını davam etdirən şair yazır:

Qızım, mən sənə
Nə mahnı öyrədəcəyəm,
Nə yad dildə surud
(himn marş anlamında – E.M.)
Nə də Quran…
Get, hər nəyə inanırsan, inan. 

 

Topluda şeirləri yer alan istedadlı müəlliflərdən biri də Quzey Azərbaycanda yaxşı tanınan, hazırda Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruzdur. Onun “Vətən boyda nisgil”ni həyəcansız oxumaq olmur:

Məni dindirmə ki, diləm başabaş,
Vətənim boyda nisgiləm başabaş.
Babəkəm ki, kəsilmiş əl-ayağım,
Mən Araz boyda məftiləm, başabaş…
Mən şəhidlər məzarının özüyəm,
Qəbir üstə qərənfiləm, başabaş.
Baxmayın daldalanmışam özümə,
Susmuşam, yoxsa bülbüləm başabaş. 

 

Qaradağlı Əli Qayıb vətən, yurd, ana dili mövzusunu belə qələmə alır:

 

Mən necə yazmayım ana dilimdən?
Parça-parça olan obam, elimdən…
Mən necə yazmayım Qaradağımdan?
Bağrımda sızlayan yara dağımdan,
Ələsgər ocağı Qarabağımdan,
Erməni bayrağı üstündə əsir,
Hələ də yadların əlində əsir.

 

1985-ci ildə Zəncanda doğulmuş xanım Nəsim Cəfəri yaralı vətən dərdini belə ifadə edir:

 

Ürəyim
sınıq bir küzə,
Gözlərim
İsa bulağı… 

Ondan bir yaş kiçik olan Muğanlı Şəlalə Cavanşir “Topnaq altında qalan dilimiz” şeirində İranda onmilyonlarla türkün adından deyir:

 

Sən ölmədin, mənim Türkcəm!

Sən yaşayırsan bağrımızda,

Sən yaşayacaqsan ağlımızda,

Sənin üçün, yalnız sənin üçün

yaşayanlar var, Ana dilim!

Sən bizim gerçək qurtuluş bayrağımızsan, Türkcəm,

Qəlbimizdə dalğalanan bayrağımızsan,

Bayrağımızsan!

Keçən əsrin 90-cı illərindən tanıdığım, Tehranda və Təbrizdə görüşdüyüm vətənpərvər şair, müəllim, tədqiqatçı “Mişov” mədəniyyət dərnəyinin, “Mişov dağı” jurnalının qurucusu, ardıcıl mədəni mübariz Aqşin Ağkəmərlinin şeirlərini həyəcansız oxumaq olmur:

 

Vətən
Vətən! Səni ağladanlara güldüm.
Sənə gülənlərə ağladım…
Səndən olub da səni tanımayanlara
Həm güldüm, həm də ağladım

Yaxud:

Şəhidlər xiyabanı…
Əsarətin sonu burdan keçir…
Azadlığın – özgürlüyün
Yolu burdan keçir.
Bura şəhidlər xiyabanıdır. 

 

Fəranək İpəyin incə, lirik sevgi şeirləri, Süsən Rəzinin “Bir hekayədir Təbriz”i, Fəriba Afaqın “Ana dilim”, Səhər Xiyavinin “Azərin iyirmi biri” şeirləri dərin ictimai məzmuna malikdir, yalnız giley-güzar deyildir, əsl mübarizə çağırışıdır.

 

Həmin illərdən ünsiyyətdə olduğum Sərabdan Bəhruz İmaninin, Xoydan Həmid Şəhanəğinin şeirlərini topluda oxumağım 1990-cı illərin sonları və XX əsrin əvvəllərini yadıma saldı. İslam inqilabının ilk illərindəki kimi, 1997-ci ildə Məhəmməd Xatəminin prezident seçilməsindən sonra əsən mülayimləşmə yelləri, mətbuat və nəşriyyat azadlıqlarına müəyyən qədər yer verilməsi ölkədə, xüsusilə, Güney Azərbaycanda azadfikirlilik ruporuna çevrilən onlarla qəzet-jurnalın nəşrinə şərait yaratmışdı. O zaman Azərbaycan türkcəsində yeni-yeni mətbu orqanlar, nəşrlər işə başladı. Bir gün yaxından tanıdığım professor Əli Daşqın hazırladığı türkcə (azərbaycanca) – farsca lüğətini mənə təqdim etdi, əlbəttə onun və dəyərli məsləkdaşlarının milli fəaliyyətlərini izlədiyimi söyləyib daha da ruh verdim. İndi Esmira xanımın məhəbbətlə hazırladığı və mənim sevə-sevə oxuduğum bu qiymətli topluda Əli Daşqının iki qızının: Maral Təbrizinin (1987) və Çiçək Ağbulutun (1991) dərin məzmunlu şeirlərini görəndə çox sevindim. Ot kökü üstə bitər. Əli Daşqın ocağı ətrafa azərbaycan sevgisi, türklük eşqi, vətən sevdası yaymağa davam edir. Görün Maral nə yazır:

 

Mən türkəm,
Gözüm qartal gözünə bənzər
Ürəyim bozqurdun cəsarətinə…
Mən türkəm,
Baxışım Saramın sevgi yağmuru,
Yolum Arazımın dalğalı seli…
Mən türkəm,
Sevməyi də, bilirəm,
Sevilməyi də…
Adım şanlı bayrağım,
Soyadım bağrıma qazılmış 

səsli harayım…
Mən türkəm,
Adımdan bəlli deyilmi zatən…
Yaxud Çiçəyin dediyi:
Bu dağ, bu daş mənə yetməz,
bir ölkə xəstəsiyəm,
Qopuzda can tapan insan,
tarın da bəstəsiyəm.
Çalar könül məni tel-tel,
sızıldar iç kamanım,
Şikəstənin Qarabağda
həzin şikəstəsiyəm!..

 

Topludakı şeirlərin əksəriyyəti, Esmira Fuadın haqlı vurğuladığı kimi, böyük Dirəniş ədəbiyyatının parlaq nümunələridir. Buradakı şeirləri toplanan şair və şairələrin bir qismi Vətəndən kənarda, bəziləri Azərbaycan Respublikasında yaşayıb-yaratmalı olublar. Çoxları Güney Azərbaycanda, yaxud İranın müxtəlif şəhərlərində yaşayıb yaradıcı fəaliyyətlə məşğuldurlar. Buna baxmayaraq, bu şairlərin hər biri bir mayakdır, bir işıqdır, bir çağırışdır, tarixi Vətənə, doğma elə, xalqa xidmət nümunəsidir. Milli kimlik, milli qürur, Güneyli-Quzeyli Azərbaycan eşqi onların yaradıcılığının əsas qayəsidir.

 

Qadağanlar və senzura şəraitində böyük ideyaları qısa, poetik kodlarla təqdim edə bilmək, tariximizdəki azadlıq hərəkatlarının, dövlətçilik ənənələrinin, qəhrəmanlıq nümunələrinin, türklük və turançılıq məfkurəsinin bu seçmə şeirlərdə necə məharətlə ifadə edildiyini görmək iftixar doğurur. Şükürlər olsun ki, həm bu tayın, həm də o tayın Qarabağ dərdini Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz artıq geridə qoydu. Əminəm ki, bu şanlı qələbəmiz Güneydəki yazarlarımızın ilhamını daha da qanadlandıracaq və yeni-yeni Azərbaycan şeirləri doğulacaq.
 

“525-ci qəzet”,

16.09.21

Şərhlər bağlıdır.