İRAN GERİ ÇƏKİLMƏLİ OLDU: RƏSMİ TEHRAN MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXMAĞA VADAR EDİR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib.

Görüş BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində baş tutub. Tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər. Öz növbəsində, Mövlud Çavuşoğlu İrana qarşı bütün sanksiyaların ləğv edilməli olduğunu söyləyib. Mövlud Çavuşoğlu həmçinin iranlı həmkarı ilə Əfqanıstanda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.

Nazirlər Əfqanıstandakı böhranlı vəziyyətlə əlaqədar davamlı məsləhətləşmələr aparmağa dair razılıq əldə edib. Tehranda üçtərəfli görüşün keçirilməsinə dair razılaşma son zamanlar Azərbaycanla İran arasında yaranmış mübahisəli məsələlərin də müzakirə predmetinə çevriləcəyini deməyə əsas verir. Söhbət ilk növbədə, İrana məxsus avtomobillərin Ermənistan vasitəsilə Qarabağa qanunsuz yüklər daşımasından gedir. Eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycana qaytarılıb. İranın tərəfinin həmin ərazidən yükdaşımaların istifadəsi üçün rüsum ödəmək istəməməsi Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olub. İran maşınları Ermənistan sərhəddində gömrük rüsumu ödədikləri üçün Gorus-Qafan yolundakı Azərbaycan postunda ikinci dəfə xərc çəkməkdən imtina edirlər.

Bu isə İranın dolayısı yolla 21 kilometrlik yolu Azərbaycan ərazisi tanımadığı anlamına gəlir. Ona görə də rəsmi Bakı ilə Tehran arasında Gorus-Qafan yolunun Qubadlı rayonunun ərazisindən keçən hissəsində gömrük-keçid qaydalarının müəyyənləşməsinə dair razılaşma əldə olunmalıdır. Çox güman ki, bu məsələ Tehran görüşündə müzakirə olunacaq. Bundan öncə isə İran xarici işlər nazirinin müavini Bakıya səfər edərək yaranmış problemlə əlaqədar danışıqlar aparacaq. İranın Qarabağdakı separatçılara yardım göstərməsi və Ermənistanın xeyrinə tərəf tutmaqda davam etməsi Türkiyə Prezidentinin irəli sürdüyü “3+3” regional əməkdaşlıq formatının reallaşmasına mane olur. Bu baxımdan, rəsmi Tehranın mövqeyi yalnız Azərbaycanı deyil, Türkiyəni də narahat edir. Ona görə də Türkiyə Tehran görüşündə ortaq razılaşmanın əldə olunmasına çalışacaq. İran yeni geosiyasi reallıqları qəbul edərsə, bu, bölgədə “beşlik” və ya “altılıq” formatında əməkdaşlıq platformasının qurulmasına təkan verə bilər. Əks təqdirdə, prosesin pozulması İranın əleyhinə işləyəcək.

Azərbaycan, İran və Türkiyə rəsmilərinin danışıqlar aparması hər üç ölkə arasında əməkdaşlığa yardım edir. Bu baxımdan, Ceyhun Bayramov, Mövlud Çavuşoğlu və Hüseyn Abdullahianın gözlənilən görüşü indiki çətin vəziyyətdə məsləhətləşəmələrə ehtiyac yaranmasından irəli gəlir:

“Türkiyə və İranın ortaq problemləri və ortaq mənafeləri var. Bu , özünü Suriyada və İraqda göstərir. Hesab edirəm ki, Türkiyə və İran perspektivdə PKK terror qruplaşmasına qarşı birgə hərbi əməliyyatlar apara bilər. Türkiyə və İranın ümumi mövqeyi olan məslələrdən biri də Azərbaycanla bağlıdır. Hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı işğalçı kimi qəbul edir. Qarşıda duran məsələ “3+3” formatının reallaşmasıdır. Digər problem İran yük maşınlarının Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olması ilə bağlıdır. Bu isə Azərbaycanı və Türkiyəni narahat edir. Perspektivdə Ermənistanla Türkiyə arasında pəncərənin açılması da günlikdədir. Bu, həm də İran-Ermənistan bazarına da təsir göstərə bilər. Yaxud regionda əməkdaşlıq üçün yeni şərtlər və şərait var. Bunlar da hər üçü ölkənin nazirləri tərəfindən müzakirə olunmalıdır. Mənə elə gəlir ki, “3+3” formatı müzakirə ediləcək əsas məsələlərdən biri olacaq. İranda dövlət siyasətini ölkənin ali lideri Ayətullah Seyid Əli Xameneyi müəyyən edir. Ona görə də Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Tehranda aparılacaq danışıqlarını Ayətullah Seyid Əli Xameneyinin xeyir-duası ilə də baş tutacağını demək olar”.

Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin əməkdaşlığa dair görüşü olub. Ermənistan özünü yaxşı aparsa, bu əməkdalıq format dörd ola bilər. İran və Gürcüstan da bura qoşulsa, “altılıq” platforması yaranar. Bu isə Cənubi Qafqazda böyük inkişaf üçün böyük imkanlar açır.

İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı İranın xarici siyasətində yeni eranın başlandığını deyib. O, bildirib ki, bu yenilik əsasən qonşu dövlətlərə qarşı yönəlib. Amma İran-Azərbaycan münasibətlərində yeni eranın başlandığını görmək mümkün deyil. Bu mərhələnin yaranmasından yalnız Tehranda keçiriləcək üçtərəfli görüşdə razılaşma əldə edildikdən sonra danışmaq olar.

İran 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi şəraitə uyğunlaşmalıdır:

İran əvvəllər Azərbaycanı və Ermənistanı qarşı-qarşıya qoymaqla və manipulyasiya etməklə vəziyyətə təsir göstərirdi. Məsələn, İran Ermənistana yardım göstərirdi, Azərbaycan etiraz edəndə öz şərtlərini qəbul etdirməyə çalışırdı. İndi vəziyyət dəyişib. İran yeni şəraiti qəbul etməli və özünü ona uyğunlaşdırmalıdır. Artıq Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Qarabağda sülhməramlı qüvvələri yerləşdirilsə də, müvəqqətidir. İran isə özü istəyərək dəyişmir. Regionda yaranmış şərait İranı məcbur edir ki, dəyişsin. Bu da İbrahim Rəisinin prezidentliyi ilə bağlı deyil. Dünyada və bölgədə gedən proseslərin nəticəsidir. Məsələn, İran əvvəllər “Taliban”ı özünə düşmən hesab edirdi. “Taliblər” 1998-ci ildə İanın Məzar-Şərifdəki konsulluğunun bütün əməkdaşlarını qətlə yetirmişdi. Amma bu il “Taliban” Məzari-Şərif şəhərini zəbt edəndə, İran konsulluğunun əməkdaşlarına toxunmadı. İran hazırda “Taliban”la əməkdaşlıq edir. Bu, İranın istəyindən irəli gəlmir, beynəlxalq siyasi proseslər bunu diqtə edir.

İran qonşu ölkələrə münasibətdə siyasətinə dəyişiklik etməsə, özünütəcridə gedəcək. Son hadisələr də sübut edir ki, bu təcrid ətraf ölkələrə də ciddi ziyan vurur. Ermənistanın timsalında bu, özünü açıq göstərdi. Ona görə də İbrahim Rəisinin qonşu ölkələrə yönəlik xarici siyasəti böyük məsələ deyil. İran yerləşdiyi region ölkələri ilə həmişə əməkdaşlıq edib. Amma İran xarici siyasət kursunda problemli olduğu ölkələrlə vəziyyəti gərginləşdirir. Sonra bu gərginlikdən istifadə edib vəziyyəti idarə etməyə çalışır. Son günlər İran Azərbaycanla münasibətləri dövlət sərhədinə hərbi texnika yerləşdirənə qədər gərginləşdirdi. Bunun ardınca xarici işlər nazirinin müavinini Bakıya göndərir, sonra nazirlər görüşəcək və beləliklə, pik həddə çatmış gərginliyi aşağı salmağa çalışır. Amma İranla Azərbaycan arasında münasibətlər heç vaxt normal səviyyədə olmayacaq və bunun fundamental səbəbləri var.

Sədrəddin Soltan,
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert

Şərhlər bağlıdır.