AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 4 OKTYABR 2021-Cİ İL TARİXLİ KONFRANSI
GENİŞ MÜZAKİRƏLƏR VƏ ƏTRAFLI TƏHLİLLƏR
Əziz oxucular, 4 oktyabr 2021-ci il tarixində Azərbaycan Dempkrat Firqəsinin “Clubhouse”da canlı yayım vasitəsilə konfransı keçiriıdi. Tədbirin mövzusu “Azərbaycan Milli Hökuməti zamanında maarif” idi. Konfrans həftənin 1-ci günü Təbriz vaxti ilə saat 20:30-da öz işinə başladı. Otaqda bir çox soydaşlarımız, Azərbaycan Demokrat Firqəsinin üzvləri və Azərbaycan sevdalıları, o cümlədən Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə iştirak edirdilər. Əsas çıxışçı Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü Səməd Bayramzadə idi. Otağın admini, ADF üzvü Rəhim Şahbazi Azərbaycan Milli Hökumətinin himnini səsləndirməklə konfransı açıq elan etdi. Tədbir Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr üzrə məsulu Abdulla Əmir Haşımi Cavanşirin giriş sözü ilə açdı. O, Milli Hökumətin milli təhsil sisteminin qərarlarını xatırladaraq, həm Pəhləvi şahlıq rejimi dövründə, həm İran İslam Respublikasında 40 milyonluq Azərbaycan türkünün ana dilində təhsil almaq imkanlarından məhrum olduqlarını təəssüflə qeyd etdi.
Sonra əsas çıxışçı Səməd Bayramzadəni mikrafona dəvət etdi. Səməd müəllim “Azərbaycan Milli Hökuməti dövründə maarif” mövzusunda çox ətraflı və məzmunlu bir çıxış etdi. Belə ki, onun çıxışı hər dəfə otağın iştirakçılarının alqışları ilə qarşılandı.
Məruzəçi çıxışında öncə İranda Pəhləvilərin iş başına gəlməsini və bundan sonra Cənubi Azərbaycanda maarif və mədəniyyətin vəziyyətini şərh edərək dedi:
– Dövlət çevrilişi yolu ilə Qacar türklərinin hakimiyyətinə son qoyan və hakimiyyəti pəhləvi sülaləsi adından idarə edən Rza şah və oğlu Məhəmməd Rza İranda sayına görə böyük millətlərdən biri olan azərbaycanlılara qarşı bütün sahələr üzrə fars şovinizmi yönündə ideoloji-təbliğati işləri həyata keçirməklə, əməli olaraq onlara qarşı assimilyasiya siyasəti yürütməyə başladı.
Bu əsnada da Pəhləvilərin İranda hakimiyyəti illərində azərbaycanlıların milli inkişaf imkanları hədsiz dərəcədə pisləşmişdi. Belə ki, azərbaycanlılara öz hakimiyyətlərini məhv edə biləcək bir qüvvə kimi baxan hakim dairələr onlara qarşı amansız bir şəkildə açıq milli assimilyasiya siyasəti həyata keçirmişlər (“Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)”, Bakı, “Elm”, 1985, s.8).
1925-ci ildən Tehranda çıxan “Ayəndə” jurnalının redaktoru Mahmud Əfşar İran hakim dairələrinin mənafeyini və əsas məqsədini təmsil edən “Milli vəhdət” proqramını işləyib hazırlamışdı və orada deyilirdi: “Biz bütün rayonların və qəbilələrin vəhdətinə nail olmayınca, yəni hamını tam mənada iranlı etməyincə gələcəyimiz zülmətli olacaqdır. Hamımız bir nəfər kimi çalışmalıyıq ki, bütün İranda fars dili ümumi dil olsun və getdikcə əcnəbi dilləri sıxışdırıb çıxarsın”.
Məktəblərdə təhsil fars dilində idi. Müəllimlər fars dilində dərs deməyə borcluydular. Azərbaycan mədəniyyət idarəsinin rəisi Möhsüni deyirdi: “Türk (Azərbaycan – S.B.) dilində danışan hər bir kəsin başına eşşək noxtası keçirin və tövlədə axura bağlayın”. Mədəniyyət idarəsinin rəisi olmuş Zövqi isə ibtidai məktəblərdə türk dilində (Azərbaycan – S.B.) danışanlar üçün cərimə qutuları qoymuşdu. Yerli dillərdə təhsil, qeyri-fars dilində kitab və qəzet çapı qadağan edilmişdi (Hamed Yusif Pur Sola. Azərbaycan Rza şah dövründə http://shirindil.blogfa.com/post-89.aspx).
O çıxışının davamında 1945-ci ilin sentyabrında Cənubi Azərbaycanda (İran Azərbaycanında) Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış Azərbaycan Demokrat Firqəsi (ADF) tərəfindən 12 dekabr 1945-ci il tarixində (21 Azər) İranın istiqlal və bütövlüyünü saxlamaq şərtilə yaradılan Azərbaycan Milli Hökumətinin (AMH) maarif və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər barədə geniş bəhs etdi və dedi:
– İkinci dünya müharibəsindən bu günə kimi Cənubi Azərbaycan maarifi və mədəniyyəti sahəsində görülmüş ən mütərəqqi, ən demokratik, ən fəal, diqqətəlayiq və yaddaqalan işlər 1945-1946-cı illərdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinə məxsusdur.
ADF-nin 1945-ci ilin sentyabr ayının 3-də qəbul olunmuş 12 Şəhrivər müraciətində ana dilində təhsil məsələsi 1-ci üç şüar sırasında dayanmışdı. Həmin şüarda deyilirdi: ” Azərbaycanın ibtidai məktəblərində üçüncü sinfə qədər dərslər yalnız Azərbaycan dilində aparılmalıdır və üçüncü sinifdən yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli universitetin təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.”
1945-ci ilin oktyabr ayının 2-də Təbrizdə keçirilən ilk qurultayinda da ADF ana dilində təhsil məsələsinə xüsusi önəm verdi və bu məsələ Məramnamənin “Xalq maarifi haqqında” bölümündəki 26-31-ci maddələrində öz əksini tapdı. Həmin bölümün 27-ci maddəsində istər dövlət, istərsə xüsusi mədrəsələrdə tədrisin ana dilində aparılması, bunun üçün dərhal dərs kitabları və sairə tədris ləvazimatının hazırlanması lüzumu, Azərbaycanda yaşayan kürd, erməni, və aysori və bu kimi etnik qrupların da öz ana dillərində mədrəsə açmaq haqqı və hüququ təsbit olunurdu. Məramnamənin 28-ci maddəsində Təbrizdə milli universitet yaradılması qeyd olunurdu. 29-cu maddədə yaşlıları savadlandımaq və onlara müəyyən xüsusi bilik vermək üçün bütün şəhər və kəndlərdə məktəblərin və sənət evlərinin açılması nəzərdə tutulurdu. 30-cu maddədə isə ibtidai məktəbdən tutmuş ali məktəbə qədər bütün dərs kitabları və proqramlarına yenidən baxılması, istibdad və zülm təbliğ edən sözlərin çıxarılması və təzə nəsli demokratiya və azadlıqsevər ruhda tərbiyə etmək üçün təzə dərs kitabları və proqramlarının yaradılması ciddi bir vəzifə olaraq Milli Hökumətin qarşısında qoyulurdu (“Azərbaycan” qəzeti. ADF orqanı, say 24, 18 mehr 1324/10 oktyabr 1945-ci il).
Azərbaycan Maarif nazirinin 1 saylı əmri
Milli Hökumətin qarşısında duran bu vəzifələrin icrası Azərbaycan Maarif naziri Məhəmməd Biriyanın nazirlik üzrə qəbul etdiyi elə ilk əmrində öz əksini tapdı. 10 maddədən ibarət həmin əmrdə deyilirdi!
Azərbaycan Xalq Konqresinin və Milli Məclisinin qərarı və Milli Dövlətin (Milli Hökumətin – red.) proqramı üzrə Azərbaycan xalqının iradəsi ilə balalarımızı ana dilimizdə təlim və tərbiyə etmək üçün aşağıdakı maddələr nəzərə alınsın:
- Bütün milli dövlət məktəblərində Azərbaycan dilində təlim və tərbiyə işlərini qurmaq üçün hazırlıq aparılsın.
- Birinci maddənin icrası üçün Azərbaycan Maarif nazirliyi nəzdində milli tədris kitabları hazırlamaqdan ötrü dərs kitabları şöbəsi yaradılsın.
- Dərs kitablarını hazırlayan heyət alim və təcrübəli müəllimlərdən təşkil edilsin.
- Azərbaycan dilində nəşr olunan bütün dərs kitablarına həmin heyət nəzarət edib öz fikrini Maarif Nazirliyinə bildirsin.
- Dərs kitabları şöbəsində ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və sair sahələrə aid olan kitablar hazırlansın.
- Dərs kitabları şöbəsinin rəyasətinə təcrübəli və məlumatlı bir şəxs seçilsin.
- Dərs kitabları şöbəsi 5 günə qədər şöbənin proqram və büdcəsini təmin edib təsdiq üçün Maarif Nazirliyinə versin.
- Dərs kitabları şöbəsinin məsulları bir aydan gec olmamaq şərti ilə birinci sinifdən dördüncü sinfə qədər bütün elmi və texniki dərs kitablarını Azərbaycanda hazırlayıb nəşr olunmasını yerinə yetirməyə borcludurlar.
- Bütün milli və dövlət məktəblərinin müdirlərinə göstəriş verilir ki, dərs kitabları çap olunub nəşr edildikcə hər sinfə aid olan kitablardan istifadə edib dərhal ana dilində tədrisə başlansın.
- Hörmətli məktəb müdiri, müəllimləri, maarif işçiləri və maarifə bağlı olan digər cənablar dilimizin və milli mədəniyyətimizin tərəqqi və inkişafı üçün əsas amil olan yuxarıdakı maddələrin icrasına tezliklə başlamalıdırlar (“Azərbaycan” qəzeti. ADF orqanı, say 84, 3 dey 1324/24 dekabr 1945-ci il).
Bundan sonra Milli dövlətin maarif sahəsində əsaslı islahatının icrası məqsədilə ibtidai siniflərdə ana dilində dərs kitabı yazmaq üçün Təbrizin təcrübəli müəllim və maarif xadimlərini 21 dekabr1945-ci il tarixində Maarif Nazirliyinə dəvət etdilər və növbəti gün, dekabr ayının 22-də onlar üç komissiyaya bölünüb işə başladılar.
1- Dördüncü sinfin kitabının yazılması komissiyasına cənab Məhmmədli Abbasi sədr və cənab Dehqani katib seçilmişdilər.
Azərbaycan ədəbiyyatı və tarixinə aid parçalar, habelə ədəbi nəsr nümunələrini yazmağa cənab Məhəmmədli Abbasi təyin olunmuşdu. Xanım Azərbaycan, xanım Rəssam və cənab Həsənzadə onunla əməkdaşlıq edirdilər.
Əxlaq məsələlərinə aid hissələrin yazılması cənab Furqaniyə, fizika bölümü cənab İslami, cənab Dehqani, cənab Yavəri və cənab Çavuşiyə, hesab bölümü cənab Fərivərə tapşırılmışdı. Həndəsəni cənab Yavəri və cənab Əscədi, şeir parçalarını cənab Milani, cənab Səba və cənab Sahir, səhiyyə bölümünü cənab Ümid və cənab Dibaiyan, geyim və evdarlıq bölümünü xanım Rəssam və xanım Fəthicud, rəsm və nəqqaşlığa aid olan işləri cənab Müvəzzizadə və cənab Yasəmi, coğrafiya bölümünü cənab Sahir, oyuncaq bölümünü xanım Kələntəri qəbul etmişdilər.
2- Üçüncü sinif üçün ümumi dərs kitabının yazılma komissiyasına cənab Nicat sədr və cənab Derəfşi katib seçilmişdilər. Qərara alınmışdı ki, aşağıda adları göstərilən müəlliflər – xanım Nihalbar, xanım Bəradəran, xanım Seyid Sirac, cənab Azəri, cənab Ajiri, xanım Şücai, cənab Abedinzadə, cənab Sübhani, cənab Nicat, cənab Derəfşi hər biri 3-cü sinif kitabının müvafiq bölümlərini yazıb hazırlasınlar və ikinci iclasda təqdim eləsinlər.
3- İkinci sinfin kitabının yazılma komissiyasına cənab Səfai sədr və cənab İsfahanizadə katib seçildilər və belə qərar olundu ki, Səfai, Dərbəndi, Kuhi, Zərrinəzadə, mühəndis Mobin, Məhəmməd və İsfahanizadə cənabları hər bir mövzu barəsində öz yazdıqlarını növbəti iclasda ortaya qoysunlar (“Azərbaycan” qəzeti. ADF orqanı, say 86 5 dey 1324/26 dekabr 1945-ci il).
Azərbaycan Milli Hökumətinin 6 yanvar 1946-cı il tarixli qərarına əsasən Azərbaycan dili bu milli rayonun rəsmi dili elan edildi (“Azərbaycan” qəzeti. ADF orqanı, say 96, 19 dey 1324/9 yanvar 1946-cı il). Bu qərarın müvafiq maddələrinə görə Azərbaycanda yaşayan başqa millətlərə öz işlərini öz ana dillərində aparmaq hüququ verildi, lakin bununla belə onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə bərabər Azərbaycan dilini rəsmi dövlət dili olaraq işlətməli idilər (Maddə 8). Azərbaycanda yaşayan xırda millətlərə də xüsusi milli məktəblərində təlimi öz ana dillərində aparmağa icazə verildi. Bununla yanaşı Azərbaycan dilinin tədrisi məcburi idi (Maddə 9). Azərbaycan Milli Hökuməti Maarif Nazirinin məktəblərdə tədrisin Azərbaycan dilində olması haqqındakı qərarını təsdiq etməklə məktəblərin milli dilə keçməsini bütün müəllimlərə bir milli vəzifə kimi tapşırdı (“Azərbaycan” qəzeti. ADF orqanı, say 96, 19 dey 1324/9 yanvar 1946-cı il).
Milli Hökumətin hakimiyyətdə olduğu müddətdə bu milli rayonda Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında maarif və mədəniyyət sahəsində bir sıra mütərəqqi islahatlar həyata keçirildi. Milli Hökumət büdcənin 40%-nin milli dil bazasında maarif və mədəniyyət işlərinə sərf edilməsini qərara almışdı (21 Azər (1324-1325) nehzəti İran milli-demokratik hərəkatı tarixinin parlaq səhifəsidir (toplu). Hizbi Tudeyi İranın Azərbaycan təşkilatı – ADF MK-nın nəşriyyələrindən, yersiz, 1976, s.77).
Azərbaycan Maarif Nazirliyinin əməkdaşları yeni gələn nəsillərin səadəti və istedadlı bir cəmiyyətin bünövrəsini möhkəmləndirmək üçün üçün əllərindən gələni edirdilər. Tehran hökumətindən miras qalan maarif sistemi ilə ciddi mübarizə aparmaq hər bir fərdin qarşısında ən mühüm vəzifə olaraq dayanırdı. Məktəblər üçün hazırlanmış yeni kitablarda da bu məsələlər nəzərdə tutulurdu.
6 yanvar 1946-cı il tarixində keçirilən nazirlər kabinetinin iclasında Azərbaycan millətinin arzularını və Azərbaycan Xalq Konqresinin qərarlarını nəzərə almaqla xalqın milli və mədəni tərəqqisini təmin etmək üçün Azərbaycan Milli Hökuməti Təbriz şəhərində Azərbaycan Dövlət Universitetinin təşkili barədə qərar qəbul etdi. Azərbaycan Dövlət Universiteti 3 fakültədən ibarət olmaqla təşkil olundu 1. tibb fakültəsi, 2. kənd təsərrüfatı fakültəsi, 3. pedoqoji fakültə. Pedaqoji fakültə isə tarix, dil və ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat, təbiət şöbələrindən təşkil olunmuşdu.
Həmin tarixdə də yetim və sahibsiz uşaqların tərbiyəsi haqqında Azərbaycan Milli Hökumətinin müvafiq qərarı qəbul edildi. Həmin qərara görə Maarif Nazirliyinin təsis etdiyi yetimlər məktəbi 400 yoxsulun təhsil və tərbiyəsinə imkan verməli idi. Həmin qərarın 5-ci maddəsinə görə, Milli Məcilis sədrinin rəhbərliyi altında təşkil edilən “Xeyriyə cəmiyyəti” xeyirxah və maarifpərvər insanların köməyi ilə ianə toplayıb bütün yetim, imkansız və sahibsiz uşaqların, həmçinin, ayrı mədrəsələrdə təhsil alan yoxsul uşaqların təhsil və tərbiyə vəsaitini hazırlamalı idilər.
1946-cı ilin yanvar ayının birinci 10 günlüyündə Azərbaycan Ali Maarif Şurası təsis edildi. Şuranın nəzdində savadsızlıq ilə mübarizə üçün dərs kitablarının tərtibi və ibtidai sinif kitablarının ana dilimizdə yazılması üçün komissiyalar təşkil olundu. Bu komissiyalar Azərbaycan mətbuat heyətinin nəzarəti altında işləyirdilər. 2-ci, 3-cü, 4-cü sinif kitablarının yazılması üçün təşkil olunan komissiyaların üzvləri pedaqoji texnikumların ibtidai siniflər bölməsini qurtarmış müəllimlərdən təşkil olunmuşdular (“Azərbaycan” qəzeti. ADF orqanı, say 98, 21 dey 1324/11 yanvar 1946-cı il).
“Azərbaycan” qəzeti AMH qurulduqdan düz bir ay sonra 13 yanvar 1946-cı il tarixində yeni açılan məktəblər barədə xalqa çox cəlbedici bir müjdə verdi. Təbrizdə “Qarağac”, “Ərani”, “Əmirxiz” və “Tərbiyət” məktəbləri, Marağada “Rüşdiyə” və “Şükuhi” məktəbləri, Orunqdakı Til kəndində “21 Azər”, “Bennis” (Bennis Təbrizin Şəbüstər rayonunda yerləşən Xamne bölgəsinə aid bi kənddir), “Möcüz”, “Çöhrəqan” və “Kuzəkonan” məktəblərinin təsisi bu xoş müjdənin ilk sədalarını əks etdirirdi (“Azərbaycan” qəzeti. ADF orqanı, say 99, 23 dey 1324/13 yanvar 1946-cı il).
Maarif Nazirliyi, bu sahədə çalışan mütəxəssislər, müəllimlər gələcək nəslin, onun milli şüurunun formalaşması uğrunda yorulmadan çox böyük bir şövq və inamla çalışırdılar. Nazirliyin 1945-ci il dekabr ayının 22-də qəbul etdiyi qərara görə 4-cü sinif üçün ana dilində dərs kitabını hazırlamağa məsul olan komissiya öz işini təyin olunmuş vaxtdan bir həftə qabaq yerinə yetirdi. Bu komissiyadakı ali təhsil görmüş mütəxəssislər, təcrübəli müəllimlər dərsliyin yazılması işində öz vəzifə borclarını şərəflə yerinə yetirmişdilər (“Azərbaycan” qəzeti. ADF orqanı, say 102, 26 dey 1324/16 yanvar 1946-cı il).
Azərbaycan Ali Maarif Şurasının nəzdində ana dilində elmi istilahlar və Azərbaycan ədəbiyyatının inkişafı üçün “Lüğət tərtibi” adında bir komissiya yaradılmış və onun əsasnaməsi də yazılmışdı. Həmin Komissiyanın fəaliyyətinin nəticələri ardıcıl olaraq yerli qəzetlərfdə öz əksini tapırdı. Belə ki, komissiya tərəfindən Azərbaycan türkcəsində tərtib və təsdiq olunmuş yeni istilahlar cədvəlləri qəzetlərdə öz əksini tapırdı ki, onlar xalq arasında işlənsin və dildə öz yerini tutsun (“Azərbaycan” qəzeti. ADF orqanı, say 96, 19 dey 1324/9 yanvar 1946-cı il; “Azərbaycan” qəzeti. ADF orqanı, say 105, 30 dey 1324/20 yanvar 1946-cı il).
Artıq 29 yanvar 1946-cı il tarixli ADF orqanı Azərbaycan” qəzeti Maarif Nazirliyinin rəsmi məlumatına əsasən rəsmi olaraq bildirirdi ki, müəyyən olunmuş komissiyalar öz vəzifələrini təyin edilmiş vaxtda icra edib və eyni zamanda hər dörd kitabın yazılıb hazırlanması sona çatıbdır (Azərbaycan” qəzeti. ADF orqanı, say 112, 9 bəhmən 1324/29 yanvar 1946-cı il).
Artıq Novruz bayramı ərəfəsində Maarif Nazirliyi xalqa daha bir xoş müjdə verdi ki, yuxarı yaşda adamlar üçün də Azərbaycan dilində dərs kitabları fövqəladə nəfis bir tərzdə çapa hazırlanmış və yaxın günlərdə nəşriyyat idarəsi tərəfindən xalqın istifadəsinə veriləcəkdir (Azərbaycan” qəzeti. ADF orqanı, say 142, 15 esfənd 1324/6 mart 1946-cı il).
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Milli Hökumətin maarif sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan kəndlərində 2000-dən yuxarı, şəhərlərdə isə 500-ə yaxın müxtəlif təhsil ocaqları açılmışdı”.
S.Bayramzadə Təbrizdə təsis edilmiş “Azərbaycan” universitetinin təşkili barədə AMH-in Baş nazir S.C.Pişəvəri tərəfindən imzalanmış qərarın tam mətnini oxudu:
“Millətimizin arzularını və Azərbaycan Xalq Konqresinin qərarlarını nəzərə alıb milli və mədəni tərəqqimizi təmin etmək üçün Azərbaycan Milli Hökuməti üzümüzə gələn dərs ilindən və vətənimizin mərkəzi Təbriz şəhərində Azərbaycan Dövlət Universitetinin təşkilini zəruri saydığı üçün aşağıdakı qərarı qəbul edir.
- Azərbaycan Maarif Nazirliyi universitetin təşkili üçün lazım olan büdcəni tənzim edib 1 aya qədər dövlət heyətinə təqdim etsin.
- Azərbaycan Dövlət Universiteti hələlik 3 fakültədən ibarət olmalıdır: 1. tibb fakültəsi, kənd təsərrüfatı fakültəsi, 3. pedoqoji fakültə. Pedaqoji fakültə tarix, dil və ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat, təbiət şöbələrindən təşkil olunmalıdır.
- Maarif Nazirliyi 10 günün müddətində Azərbaycan Dövlət Universiteti üçün lazım olan binanı seçib dövlət heyətinə məlumat verməlidir.
Azərbaycan Maarif Nazirliyi indidən universitetin müəllim və professor heyətini seçməklə universitet üçün Azərbaycan dilində elmi vəsait hazırlamağa başlamalıdır”.
Bundan sonra Səməd müəllim 12 iyun 1946-cı il tarixində açılaraq fəaliyyətə başlayan Təbriz universitetinin maliyyələşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, 1946-cı ilin iyun ayının 13-də (yəni universitetin rəsmi açılışından bir gün sonra) Tehran hökuməti ilə AMH arasında imzalanmış 13 iyun 1946-cı il tarixli müqavilənin 5-ci maddəsinə edilən 3-cü əlavədə deyilirdi: “İran məşrutiyyətinə Azərbaycan xalqının etdiyi görkəmli xidmətlərindən, azadlıq və demokratiyanın bərqərar edilməsi yolunda Azərbaycan xalqının göstərdiyi fədakarlıqdan qədirdanlıq etmək məqsədi ilə dövlət Azərbaycandakı gömrük gəlirinin 5 faizinin Azərbaycan Universitetinin ehtiyaclarına sərf edilməsinə razılıq verir”. Təəssüf ki, bu müqavilə talesiz oldu. 21 Azər hərəkatı yerli irticanın və beynəlxalq imperializmin əlilə qan dəryasında böəulduqdan sonra XV dövrə Məclis də bu müqavilənin təsdiqini heç gündəmə də gətirmədi.
Universitetin tibb fakültəsinin yaradılması və fəaliyyəti barədə də otaq iştirakçılarının müvafiq sualını cavablandıran S.Bayramzadə AMH Səhiyyə naziri Övrəngin hələ 11 dey 1324/1 yanvar 1946-cı il tarixində verdiyi müsahibəsinə əsaslanaraq bildirdi ki, bu fakültənin fəaliyyətinin təşkili və tənzimlənməsi bir sıra mövcud çətinliklərlə üzləşmişdi. Bu haqda Səhiyyə naziri sözügedən müsahibəsində həkimin azlığı məsələsinə işarə edərək deyirdi: “…Təbriz şəhəri istisna olmaqla Azərbaycanda doktor və həkim çox azdır… Bu problemi aradan qaldırmaq üçün Milli Hökumətimiz nəzərə almışdır ki, milli universitetin təsisinə tibb fakültəsinin açılışı ilə başlansın… Nazirimizin bu fikrini əməl mərhələsinə gətirmək üçün indidən layihələr hazırlanmaqdadır. Fəqət fakültədə təhsil müddəti 6-7 il olduğundan təcili və zəruri ehtiyacları rəf etmək üçün hökumətin təsdiq etdiyi halda, müəyyən tibbi personal və ixtisaslı həkim hazırlamaq məqsədi ilə bir qısa müddətli məktəb də təsis olunacaqdır” (Azərbaycan” qəzeti. ADF orqanı, say 91, 12 dey 1324/2 yanvar 1946-cı il). Bu üzdən də sonrakı mərhələdə Təbriz şəhərində qısamüddətli tibb işçiləri, feldşerlik və mamalıq məktəbləri təşkil olundu”.
Sonda Səməd müəllim otağın admini Rəhim Şahbaziyə və bütün iştirakçılara bu mövzuda onun çıxışını dinlədiklərinə, mövzu üzrə verdikləri suallara görə təşəkkür edərək çıxışına yekun vurdu.
Konfransın gedişatında növbəti çıxışçı Pərviz müəllim Kazımi AMH dövründə milli eyitim barədə mühüm məqamlara toxundu. O bele dedi: İran İslam Respublikasında milli eyitim probleminin bir neçə baza məqamlarına toxunmalıyıq və probleminin aktuallığını xüsusi qeyd etməliyik. Daim diqqətimiz mərkəzində olduğunuzu millətimizə xatırlatmalıyıq. Pərviz müəllim təkid etdi ki, biz istedadlı xalqın övladlarıyıq və bu gün İranda məktəblərə gedən övladlarımız irticai bir təhsilə məruz qalır, bu təhsillə xalqımızın dili, düşüncəsi və gələcəyi zəncirlənir.
Həmçinin iki saat yarımlıq konfrans ərzində Azərbaycan Demokrat Firqəsinin Mərkəzi komitəsinin üzvü Səriyyə xanım Ərdəbilli maraqlı faktlarla dinləyicilərimizi məlumatlandırdı. O dedi: Təbriz Universitetinin fakultəsinin yaradlması fəaliyyəti bol-bol faktlarla göz önündədir.
Otağımızın iştirakçılarından olan cənab Sərrafi, doktor Süleymani və İsmayıl müəllim maraqlı çıxış, faktlar, xatirələrlə konfransa xüsusi məzmun və dəyər verdilər.
Konfrans Abdulla Əmir Haşimi Cavanşirin bu gün də İran adlanan ölkədə milli eyitim hüquqlarının əldə edilməsi uğrunda mübarizədə qeyri fars millətlərlə müştərək mübarizənin təşkili barədə təklifi otaq iştirakçılarının alqışları ilə qarşılandı.
İki saat yarım zamanında keçirilən konfrans ərzində milli eyitim mövzusunda yekdil mövqe ifadə olundu.
Konfrans raportunu tərtib edən: Beyrək
Şərhlər bağlıdır.