AZƏRBAYCAN MAARİF NAZİRİ CƏNAB MƏHƏMMƏD BİRİYAYA
Azərbaycan Demokrat Firqəsi tərəfindən Milli Hökumətin təşkil edilməsi münasibəti ilə bütün firqə üzvlərini alqışlayaraq öz atəşin salamlarımı təbriklərimlə bərabər qəbul etməyinizi rica edirəm. Əziz rəhbərimizdə olan fitri sədaqət və zəka, çox doğru insan və böyük şəxsiyyət Azərbaycanda dağılan və ayaqlar altında tapdalanan zəhmətkeşlərə təşkilat yaradıb, onları mübarizə meydanına hazırlayaraq öz haqlarını alıb və əllərinə keçirilən yollarını göstərib, zülmətdən işığa doğru hidayət edə bildi.
Əziz ustad, sizin aydın və qiymətli əsərləriniz İran xalqının qəflət yuxusundan ayılmasına böyük bir kömək olmuşdur. Beləliklə, ana yurdum Azərbaycanda yaşayan xalqlar sizin təki qəhrəman oğullarla fəxr edir.
Neçə gün bundan öncə Bakıda nəşr olunan “Kommunist” qəzetəsində Azərbaycan Demokrat Firqəsinin nailiyyətlərini oxuyaraq ürəyim sevinməkdən çırpınmağa başladı və şadlığın çoxluğundan özümdə bir həyəcan hiss etdim və ixtiyarsız bu sözlər gözlərimin qabağında göründü:
“Yenə zəfər bizimlədir”.
Əfsus ki, məndə yazıçı və şairlik istedadı olmadığı üçün yaşadığım duyğuları sizə çatdıra bilmirəm. Ancaq bu qələm ilə öz xalqıma və rəhbərlərimə bağlı olan məhəbbətimi bildirib və sizin bu müvəffəqiyyətinizi yenə də təbrik
edirəm və ümidim budur ki, sizin rəhbərliyiniz altında Azərbaycanın maarif və mədəniyyəti böyük inkişafa nail olsun, öz ana dilində böyük məktəblərə və institutlara sahib olsun, savadsız və geri qalan cəmiyyət öz ana dilini az müddət içərisində öyrənməyə başlayıb savadlızlığın və cahilliyin zəncirlərini tikə-tikə edib öz həyatlarını elm və savad ilə başa yetirsin.
Biz Azərbaycan tələbələri sizə söz veririk ki, müvəffəqiyyətlə öz təhsilimizi davam etdirib öz xalqımıza, ana yurdumuz Azərbaycanın irəli getməsinə kömək etməyə canla, başla hazır olaq. İki aydan artıqdır ki, biz dərs oxumaq üçün Sovet ölkəsinə gəlmişik. Ancaq bu iki ayda bizə o qədər hörmət və sayğı göstərilib ki, bizi öz qonağımızdan və əziz qonşumuzdan təşəkkür etməyə aciz edibdir. Doğrudan demək olar ki, Sovet ölkəsində bizlərin divarlarımızda yazdığımız “Çörək hamı üçün, maarif hamı üçün, səhiyyə hamı üçün” kimi şüarlar tamamil yerinə yetirilibdir, xüsusilə də mədəniyyətin inkişafı burada həddən artıq müşahidə olunur. Bizim ümidimiz budur ki, İran və Sovet xalqlarının arasındakı qardaşlıq və böyük mədəni əlaqə sarsılmaz bir əlaqə olsun. Bizim xalqımız da azadlıq yolunda irəliyə doğru addım atıb və atacaqdır.
Sonda rica edirəm, mənim salamlarımı və təbriklərimi cənab Pişəvəri, Badeqan, Xəlil dayı, Çavuşi, Qiyami, İbrahimi, Mirrəhim Vilai və başqalarına yetirəsiniz.
Müvəffəqiyyətinizin daha da yüksəlməsini arzu edirəm.
Yaşasın böyük Demokrat Firqəsi, yaşasın firqəmizin rəhbərləri, yaşasın birlik!
Irtica ünsürlərinə ölüm!
Məhəbbətlə əlinizi sıxıb xudahafizlik edirəm.
Bakı, Bəhrami.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 113, 30 yanvar 1946-cı il
Toplayanı və təqdim edəni: Səməd Bayramzadə,
Tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.