İRANIN ZƏNGƏZUR DƏHLİZİNƏ ALTERNATİVİ BAŞ TUTMAYACAQ: PULU YOXDUR

İran rəsmiləri son günlər Zəngəzur dəhlizinin reallaşması əleyhinə yönəlmiş ardıcıl bəyanatlar səsləndirirlər.

Regionda yeni nəqliyyat və kommunikasiya marşrutu formalaşdırmağa çalışan İran Rusiya, Türkiyə, Azərbaycan və Çinin “Bir kəmər-Bir yol” kəmərindən yan keçməklə Avropa bazarına çıxış imkanı əldə etmək niyyətindədir. Söhbət Fars körfəzindən başlayaraq İran, Ermənistan və Gürcüstan üzərindən keçməklə Qara dəniz vasitəsilə yüklərin Bolqarıstan və Yunanıstan limanlarına daşınmasını nəzərdə tutan layihədən gedir. İranın hakimiyyət dairələri Zəngəzur dəhlizinə alternativ kimi irəli sürülən bu layihəni “Qafqaz dəhlizi” adlandırır.
Əslində, rəsmi Tehran Çindən və Hindistandan daşınan yüklərin də bu yolla nəql olunmasında maraqlıdır. Yəni İran Çinin prosesdən kənarda qalmasını istəmir.

Tehran hakimiyyətini narahat edən məqam daha çox “Bir kəmər-Bir yol” layihəsinin Mərkəzi Asiya üzərindən keçməklə Cənubi Qafqazda Zəngəzur dəhlizinə birləşməsidir. Bu isə həm Azərbaycanın, həm də Türkiyənin bölgədə strateji mövqeyini gücləndirə bilər. Ona görə də İran tranzit daşımalar üçün regionda nəqliyyat dəhlizlərinin şaxələndirilməsini təklif edir. Əsas məqsəd Cənubi Qafqazda İranın geosiyasi və geoiqtisadi rolunu artırmaq, xüsusilə də Türkiyəni və Azərbaycanı strateji əhəmiyyətli layihələrdən kənarda qoymaq və Ermənistan üzərində təsirini saxlamadan ibarətdir. İran rejimi bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın son bəyanatının da, məhz Tehran, Moskva və Pekin arasında Cənubi Qafqazda regional dəhlizlərə nəzarət uğrunda rəqabətdən qaynaqlandığı ehtimal edilir. “İran Rusiyadan və Çindən asılı olmaq niyyətində deyil, bu ölkələrlə münasibətlər qarşılıqlı maraq əsasında inkişaf etdiriləcək”,- Abdullahian belə deyib.

Nazirin sözlərinə görə, xarici siyasətin əsas xüsusiyyətlərindən biri Tehranın milli maraqlarını maksimum dərəcədə artırmaq üçün dünyanın digər bölgələrində mövcud olan bütün imkanlardan istifadə etməkdir: “Şərqə baxmaq Qərb vektorundan tamamilə imtina etmək demək deyil. Qərb liderlərinə coğrafi olaraq Asiyada olduğumuzu, Çin, Rusiya və Hindistanın bizə yaxın olduğunu səmimi şəkildə bildirdik”.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cebhe.info”-nun əməkdaşı Müşfiq Abdullaya verdiyi müsahibənin azerbaycan-ruznamesi.org-un oxucuları üçün maraqlı olacağını nəzərə alaraq həmin fikirləri oxuculara təqdim edirik.

İran, Rusiya və Çin regional proseslərdə, diktatura rejimlərinin müdafiəsində tərəfdaş üçlüyü kimi çıxış edir. ABŞ-ın sanksiyalarına cavab verilməsində Rusiya və Çin İranı müdafiə edir:

“Çini və Rusiyanı İranın sabit müttəfiqi sayırlar. Çünki hər üç ölkə Qərbin sanksiyalarına məruz qalıb. İran Rusiyaya və Çinə görə təkrarən sanksiyalara məruz qalmamaq üçün onlardan asılı olmadığını bildirir. Amma heç kimə sirr deyil ki, İran iqtisadiyyatının 40 faizinə Çin nəzarət edir. Ötən il imzalanmış ikitərəfli müqaviləyə əsasən, İran şirkətləri Çinin nəzarəti altında fəaliyyət göstərəcək. Hətta həmin şirkətlərin mühafizəsi üçün Çindən İrana təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Bundan başqa, Çin İranın ən böyük neft və qaz alıcısıdır. Çinin və Rusiyanın Qərbə münasibəti həm də ABŞ-ın və Avropanın İrana münasibətinə təsir göstərib. Ona görə də İran rəsmiləri belə bəyanat verirlər ki, guya müstəqildirlər və Çin və Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq edirlər.

Əgər belədirsə, Rusiyanın Ermənistana göndərdiyi silahlar nə üçün Gürcüstan üzərindən deyil, İran vasitəsilə ötürülürdü? Deməli, İran regionda Rusiyanın və Çinin dayaq nöqtəsidir. Koronavirus dünyada Çindən sonra ikinci ölkə kimi İranda yayıldı. Çünki İran xəbərdarlıqlara baxmayaraq, Çinlə ticarət əlaqələrini dayandırmadı. Nəticədə, COVİD-19 virusu İran vasitəsilə digər ölkələrə keçdi. Ermənistandan və Qarabağdan gələn erməni sürücülər koronavirusa ilk dəfə İranda yoluxmuşdular. Yəni əlaqələr bu qədər dərin və sıxdır. O ki qaldı, İranın Fars körfəzindən Qara dənizə nəqliyyat dəhlizi çəkmək layihəsinə, bu cəfəng ideyadır. İran riskli ölkədir, İraqda, Suriyada, Yəməndə, Fələstində müxtəlif münaqişələrdə iştirak edir. Üstəlik, ölkədə hakimiyyət daxilində münasibətlər birmənalı deyil. Hakimiyyətin aşağı strukturlarında çox ciddi narahatlıq var. Belə bir ölkəyə heç bir xarici dövlət öz malını ixrac etməz”.

Qeyd edək ki, İran Ticarətinin İnkişafı Təşkilatının prezidenti Əlirza Paymanpak Azərbaycana sərt çıxış edib. Yerli KİV xəbər verir ki, Paymanpak İranın Rusiya və Avropaya gedən ticarət dəhlizlərinin Azərbaycan ərazisindən yan keçəcəyini əlavə edib.

“İran mallarının Azərbaycan ərazisindən keçməsi həmişə problemli olub. Bunun nəzərə alaraq, Azərbaycana alternativ olan iki dəhliz üzərində dayandıq. Marşrutlardan biri Ermənistandan başlayıb Gürcüstan ərazisindən Rusiyaya keçir. Bu yol bir aya hazır olacaq. Digər yol isə Xəzər dənizindən keçir”,– deyə məmur söyləyib. İranın Yollar və Şəhərsalma nazirinin müavini Xeyrullah Hademi də ILNA agentliyinə müsahibəsində analoji açıqlama ilə çıxış edib.

“Ermənistan İrandan Gürcüstana yeni tranzit yolu yaratmağı planlaşdırır və Tehran bu yolun tikintisində iştirak etmək niyyətindədir”,- deyə Hademi bildirib. “Ermənistan İrandan Gürcüstana yeni tranzit yolu yaratmağı planlaşdırır. Bu yolun tikintisində iştirak etməyə hazır olduğumuzu bildirdik”,-deyən nazir müavini əlavə edib ki, ermənilərin münaqişələri ilə heç bir əlaqəsi olmayan yeni dəhliz yaratmaq planı çox vacib məsələ və əsas vəzifədir. “Birincisi, bu Gorus-Qafan avtomobil yolunu əvəz etmək üçündür. İkincisi, İranın Şərqi Azərbaycan əyalətini İrəvanla birləşdirən avtomobil yoluna alternativdir. Mövcud yol son dəyişikliklərə görə, Azərbaycanın bir hissəsi sayılan ərazidən keçir”.

Hademi iddia edib edib ki, Azərbaycan tərəfi yalnız bir keçid məntəqəsinin olduğu kiçik hissəyə görə keçid haqqı toplayır. Sədrəddin Soltanın sözlərinə görə, Zəngəzur dəhlizinə alternativ yol çəkmək üçün İranın maliyyə vəsaiti yoxdur. Ona görə də verilən açıqlamalar həqiqəti əks etdirmir:

“İranın və Ermənistanın bu yolu çəkmək üçün böyük maliyyə vəsaiti olmadığına görə, ümid Çinə qalır. Həmin vəsait heç Rusiyada da yoxdur. Çinin isə belə riskə gedəcəyi ehtimalı çox azdır. Bu layihəyə görə Ermənistanın yükləri Rusiyaya getmək üçün vaqonları gərək Avropadan keçməklə göndərilsin. Yaxud Ermənistan qarlı qış aylarında yol bağlananda Rusiyaya Fars körfəzindən keçməklə yükdaşımalar həyata keçirsin. Amma Zəngəzur dəhlizinin açılması həm İrana, həm də Ermənistana sərfəli olmaqla yanaşı, həm də xeyli qənaət edir. Zəngəzur dəhlizi təhlükəsizlik baxımından etibarlı olmaqla yanaşı, riskli də deyil. Zəngəzur dəhlizinin uzanluğu cəmi 44 kilometr olduğundan onun çəkilməsi böyük vəsait tələb etmir.

Cənubi Qafqazda iki transit dəmir yolu xətti fəaliyyət göstərəcək. Bunlardan biri Bakı-Tiflis-Qars, digəri Türkiyədən Naxçıvana, oradan isə Zəngəzur dəhlizindən keçməklə Azərbaycanın digər ərazilərini birləşdirən dəmir yolu marşrutu olacaq. İki şaxələnmiş nəqliyyat marşrutunun fəaliyyəti regionun inkişafına təkan verəcək. Ona görə də İran nəqliyyat nazirinin söylədiyi fikirlər cəfəngdir və baş tutmayacaq. Qeyd edim ki, İran 20-25 il əvvəl bu layihəni irəli sürüb. Bundan başqa, İranın təbii qazının Ermənistana, oradan isə Gürcüstana və Qara dənizə çıxarılmasına dair bir ideya da var idi. Bu da reallaşması mümkün olmayan layihədir. Çünki Avropa İranı etibarlı tərəfdaş hesab etmir. Ona görə də heç bir beynəlxalq şirkət İrana sərmayə yatırmır.

Bu səbəbdən də İranın layihələri kağız üzərində qalacaq. Belə layihələrdən biri də İran təbii qazının Pakistandan keçməklə Hindistana və Çinə nəqlini nəzərdə tutur. 100 milyard dollarlıq bu layihə də İran hakimiyyətinin etibarlı tərəfdaş olmaması səbəbindən baş tutmadı. İran regionda və dünya iqtisadiyyatında etibarlı tərəfdaş kimi nüfuzunu çoxdan itirib. Dünyanın aparıcı ölkələri beş ilə yaxındır öz şirkətlərini İrandan çıxarıblar. BP, “Lukoil” “Statoil” kimi böyük şirkətlər İranı tərk edib. İranın məqsədi Azərbaycandan keçən nəqliyyat-infrastruktur layihələrini gözdən salmaq, guya ona alternativ yaratmaq, yni zamanda, İran-Ermənistan qardaşlığını nümayiş etdirməkdir.

Bunlar isə mənasız addımlardır. İran öz ölkəsində fəhlələrin, müəllimlərin, təqaüdçülərin pulunu ödəyə bilmir. İran hakimiyyəti iqtisadi islahat aparmaq üçün vəsait tapmır. İrandakı bütün texnologiyalar köhnəlib, yenisini də ala bilmir. İran mülki aviasiyasında istifadə olunan təyyarələrin 70 faizi istismara yararsız haldadır. Belə bir ölkə yolu necə çəkə bilər? Ona görə də heç kim İranın layihələrinə investisiya ayırmayacaq. Real layihə Zəngəzur dəhlizidir. Ermənistan ərazisindən alternativ yol inşa etmək üçün Gorus-Tatev istiqamətində dağın altından böyük tunel çəkilməlidir. O tuneli çəkmək üçün də nə İranın, nə Ermənistanın vəsaiti var. İrana həmin yolun inşasına böyük maliyyə ayırmaqdansa, Azərbaycanın Gorus-Qafqan yolunda yerləşdirdiyi gömrük-keçid məntəqəsinə rüsum ödəyib oradan hərəkət etməsi daha sərfəli olar”.

Şərhlər bağlıdır.