NİZAMİ GƏNCƏVİ ƏLYAZMALARININ TƏDQİQİ ŞÖBƏSİ YARADILIB

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının vəsatəti əsasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Nizami əlyazmalarının və eyni zamanda xarici ölkələrin kitabxana, muzey saxlanclarından, şəxsi kolleksiyalardan əldə olunan nüsxələri tədqiqata cəlb etmək məqsədilə Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına “Nizami Gəncəvi əlyazmalarının tədqiqi” şöbəsi yaradılıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə “Nizami Gəncəvi əlyazmalarının tədqiqi” şöbəsinə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli ictimai əsaslarla rəhbərlik edəcək.

Yeni yaradılmış şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Xarici ölkələrin kitabxana və muzey fondlarında mühafizə olunan Nizami əlyazmalarının aşkarlanması, surətlərinin əldə olunaraq ölkəyə gətirilməsi;

-Nizami əsərlərinin əlyazmalarının geniş təsviri və növbəti mərhələdə əlyazma nüsxələrinin mühafizə olunduğu ölkələr üzrə əsər adlarına uyğun vahid kataloqunun hazırlanması;

-İnstitutda mövcud olan və xaricdən gətirilmiş Nizami əlyazmalarının tədqiqata cəlb olunması, növbəti mərhələdə mövcud materiallar əsasında Nizami “Xəmsə”sinin yeni elmi-tənqidi mətninin hazırlanması;

-Nizami əsərlərinin əlyazma nüsxələrindəki miniatür nümunələrinin sənətşünaslıq baxımından tədqiqi;

-Nizami “Xəmsə”sinin yeni tənqidi mətni əsasında yeni filoloji tərcüməsinin (Azərbaycan, ingilis və rus dillərinə) hazırlanması;

-Nizami əlyazmalarının bədii tərtibat xüsusiyyətləri qorunmaqla orijinalına uyğun elmi bərpası.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yaradılmış Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsi “Nizami Gəncəvi İli”nin əhəmiyyətli elmi hadisəsidir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.