ALİM ŞƏRH EDİR

SEPAH KİMDİR, NƏDİR?

İranda bir – birindən ayrı, müstəqil fəaliyyət göstərən iki ordu vardır. Bunlardan biri, hər bir ölkədə olduğu kimi, hökumətə tabe olan və ölkənin daxili işlərinə qarışmayıb, onu xarici quvvələrdən qoruyan silahlı qüvvələrdir ki, molla rejimi onlara çox da etibar etmir. “İnqilab keşişçiləri korpusu” (“Sepah”) adlanan ikincisi isə yalnız ali dini rəhəhbərə (əvvəllər Xomeyniyə, sonra isə Xaməneiyə) tabe olan və dini rejimi xarici və daxili “düşmənlərdən” qoruyan daha güclu ordudur. Bu ordu əslində dövlət içərisində dövlətdir. Hələ şah rejimi devrilən zaman varlı adamlardan müsadirə edilən zavodlar, fabriklər və başqa mülklər Sepahın ixtiyarına verilmişdi. İndi isə onun şirkətləri saysız – hesabsızdır.

Sepahın fəaliyyətini dini rəhbərdən başqa heç kəs yoxlaya bilməz, ona görə də Sepah nəinki evlər tikir, yollar çəkir, xarici ticarət həyata keçirir, hətta qaçaqmalçılıqla da məşğul olur. Məsələn, ölkənin əsas siqaret və narkotik qaçaqmalçısı Sepahdır.

Vaxtilə Əhmədi Nejad açıq şəkildə şikayət edirdi ki, Sepahın ticarəti də kömrükdən keçməli və ondan da vergi tutulmalıdır, ancaq molla üsuli – idarəsində prezidentin sözünə baxan kimdir. İranın xaricdə keçirdiyi hərbi əməliyyatları və terroristlərə verdiyi yardımları da Sepah maliyələşdirir və həyata keçirir.

Rejimin yuxarı eşalonlarındaki korrupsiya əməllərinin çoxu da Sepahın daxilində baş verir. Sepahın tərkibində “Bəsici” (“Səfərbərlik dəstələri”) adlanan bir qurum da vardır. Ölkədə baş verən xalq qiyamlarının yatırılmasında daha çox bu qurumun üzvlərindən istifadə edilir. Mülki geyimdə olan, bıçaq, beşbarmaq və zəncirlə silahlanmış bu adamlar tələbələri və digər qiyamçıları döyüb şil – küt edir və tuturlar. Bəsicilərin, maaşdan əlavə, digər imtiyazları da vardır: onlara vəzifələr verilir, uşaqları universitetlərə güzəştlə qəbul edilir və s.

Sepahın daxilində çoxlu casusluq şəbəkələri də vardır. Bir sözlə, molla rejimini dövlət çevrilişlərindən, daxili və xarici “düşmənlərdən” qoruyan əsas qüvvə Sepahdır.

Kamil Allahyarov,
filologiya üzrə elmlər doktoru, professor

Şərhlər bağlıdır.