Sirr deyil ki, İran vətəndaşları koronavirusa qarşı vaksinasiya olunmaq üçün Ermənistana gedirlər. Ermənistan hara, İran hara? Görün nə boyda fərq var?
İranın keçmiş Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökumətin koronavirus əleyhinə mübarizəni pis aparmasına dair parlamentə sorğu verilib. Məlumatı İran parlamentinin orqanı olan “İCANA” agentliyi yayıb. Bildirilib ki, parlamentin Səhiyyə Komissiyasının məsələ ilə bağlı hazırladığı hesabat qanunverici orqana təqdim edilib. Həsən Ruhaninin prezidentliyi dövründə pandemiyaya qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat 235 deputatın 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.
Hesabatda bildirilib ki, Həsən Ruhani hökumət başçısı olduğu dövrdə koronavirusa qarşı apardığı mübarizədə cəmiyyətə düzəldilməsi mümkünsüz olan maddi və mənəvi ziyan vurub. Onun hökuməti dövründə İran COVID-19-dan ölənlərin sayının yüksək olduğu dövlətlərdən biri olub. Məsələ ilə bağlı Həsən Ruhani hələ ki açıqlama verməyib.
Mövzu ilə bağlı Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Şərq”ə açıqlamasında bildirib ki, hazırda İranda iqtisadi vəziyyət tənəzzülə uğrayıb. Politoloq diqqətə çatdırıb ki, orada vəziyyət o qədər acınacaqlıdır ki, hakimiyyət günahı bir-birində axtarır:
“Ümumiyyətlə, İranda həmişə belə vəziyyətlərdə günah keçisi axtarılır. Xatırladım ki, Mahmud Əhmədinejada qarşı da müxtəlif iddialar var. Hətta o da müxtəlif ittihamlarla təqib olunur, eləcə də Həsən Ruhani.
Ölkədə sosial vəziyyət, o cümlədən tibb sahəsində vəziyyət hələ ki, pis durumdadır. Heç şübhəsiz ki, bu yerdə diqqət hökumətin üzərinə gəlir və hökumətin başında da prezident dayanır.
İranda koronavirusa qarşı mübarizədə çox bərbad haldadır. Demək olar ki, dünyanın ən bərbad ölkələrindən biridir. Hətta xəstəxanalarda çarpayılar azdır, yoluxma və ölüm sayı günü-gündən artır.
Bax, bütün bunların hamısı öz növbəsində İran səhiyyə sisteminin pis təşkil olunduğunun bariz nümunəsidir. Bundan başqa, sirr deyil ki, İran vətəndaşları koronavirusa qarşı vaksinasiya olunmaq üçün Ermənistana gedirlər. Ermənistan hara, İran hara? Görün nə boyda fərq var?
Buna görə də bütövlükdə İranda yaranmış bu yarıtmaz vəziyyətlə bağlı günahkar axtarılır. Bəs, bu günahkar kimdir? Həsən Ruhani. Niyə Həsən Ruhani? Çünki o, hökumətin başçısı olub. Koronavirusa qarşı mübarizənin təşkilinə də cavabdeh odur. Ona görə də 167 deputat hesabat hazırlayıb və o, hesabatda Həsən Ruhani hökumətinin yarıtmaz fəaliyyətini sübuta yetirib və sənədi məhkəmə araşdırmasına göndəriblər. Bax bu, İranda siyasi vəziyyətin göstəricisidir. Belə bir misal var:
“Torpaq bərk olanda öküz öküzdən görər”. Yəni İranda vəziyyət o qədər acınacaqlı olmaqda davam edir ki, indi hakimiyyət günahı bir-birində axtarır. Bütün bunlar hakimiyyətdaxili didişmənin, münaqişənin mövcudluğunun göstəricisidir”.
Sədrəddin Soltan,
politoloq
Şərhlər bağlıdır.