Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran daxil olmaqla beş ölkəni ətrafında birləşdirən Xəzər Dənizinin hüquqi statusu ilə bağlı konvensiya məsələsi 1996-cı ildən açıq problem kimi qalır. 22 il sonra, həmin konvensiya bütün sahil dövlətləri arasında imzalandı.
Amma ilk baxışdan həll edilmiş kimi görünən məsələ, hələ də açıq qalıb. Çünki İran hələ də konvensiyanı ratifikasiya etməyib. Qarşılıqlı razılaşmaya görə isə, konvensiya ancaq onu bütün dövlətlər imzalayandan sonra qüvvəyə minir.
Qeyd edək ki, bu konvensiya sahil dövlətləri tərəfindən Xəzərin resurslarından hərtərəfli istifadəni hüquqi qüvvəyə mindirən bir sənəddir. Sənəd, həmçinin Xəzərdə hərbi təlimlər, dənizdən ticari və istehlak məqsədləri üçün istifadə edən dövlətlərin məsuliyyəti barədə razılıqdır. Buna baxmayaraq, Xəzər dənizini hələ də “Mazandaran gölü” adlandıran İran bu məsuliyyətdən yayınmağa çalışır.
Əslində İranın konvensiyanı imzalamama səbəbinin kökü tarixi və geosiyasi münasibətlərlə bağlıdır. Tarix boyu fars ideologiyası dörd ölkəni bir arada birləşdirən nəhəng hövzəni göl kimi təsəvvür edir. Bu da sahilyanı dövlətlərin ciddi narazılığına səbəb olur.
Dünən Moskvada keçirilən görüş zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiana Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ən qısa zamanda ratifikasiya etməyi təklif edib. Qeyd edək ki, Tehran bundan əvvəl Xəzərdə Azərbaycan-Türkiyə birgə təlimlərindən narazılığını bildirərək, bunun Xəzərin statusu və razılaşmaya uyğun olmadığını bildirmişdi. Maraqlıdır ki, bu tələb həmçinin İranın ABŞ və onun Avropadakı müttəfiqləri ilə Vyanada nüvə danışıqları apardığı və rəsmi Tehranın Rusiya və Çinin diplomatik dəstəyinə ehtiyacı olduğu bir vaxta təsadüf edir.
Sənədi ratifikasiya etməyən və bununla da bu hövzədə bütün prosesləri ləngidən İranın mövqeyi artıq Moskvanı da özündən çıxarıb. Lavrovun hamının qarşısında İrana konvensiyanı imzalamamaqla bağlı irad tutması da bu narazılığın ifadəsidir.
Bəs İran bu tələbdən sonra sənədi imzalayacaqmı, yoxsa dar günündə mədət umduğu Rusiyanın tələbini qulaqardına verəcək?
Orta Şərq Araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan məsələ ilə bağlı EDNews.net-ə açıqlama verib. Azerbaycan-ruznamesi.org həmin yazını dərc edir. Son hadisələr İranın Xəzərlə bağlı tutduğu mövqenin həm də Rusiyanın maraqlarını təmin etmədiyini göstərir: “Çünki uzun illərdir ki, ABŞ Xəzəri öz milli maraqları və milli təhlükəsizlik zonasına aid edib. Yəni bu o deməkdir ki, Xəzərdə ABŞ-ın maraqları var. İran isə Xəzərin bölünməsi məsələsi ortaya çıxandan indiyə qədər müxtəlif bəhanələrlə konvensiyanı imzalamaqdan boyun qaçırır.
Rusiyanın məqsəd və maraqlarına gəlincə onu deyə bilərəm ki, son zamanlar Xəzər dənizində Azərbaycan və Türkiyə hərbçilərinin Azərbaycan sektorunda birgə keçirdiyi təlim həm Rusiyanı, həm də İranı sanki silkələyib. Bu səbəbdən də Rusiya İranı bu sənədi qısa bir müddətdə təsdiqləməyə çağırıb. Çünki Rusiya ehtiyat edir ki, Azərbaycan bölgədə başqa ölkə ilə də hərbi təlim keçirə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın NATO ilə əməkdaşlığı var və ola bilsin ki, NATO-nun başqa bir üzvü ilə Azərbaycan öz sektorunda hərbi təlim keçirsin. Belə olduğu halda, Rusiya NATO-nun onun sərhədlərinə yaxın ərazidə hərbi manevr etməsinə görə ehtiyat edir. Bu səbəbdən də Rusiya İranı bu addımı atmağa tələsdirir”.
Politoloq həmçinin İranın Rusiyanın tələbinə əks gedəcəyi təqdirdə onu nələr gözlədiyi barədə də danışıb.
“İranın bu tələbə uymaması Rusiyanın umduğu maraqların təmin edilməməsi deməkdir. Belə olan təqdirdə Rusiya İrana müəyyən təzyiqlər edə bilər. Sənədin imzalanması Rusiya ilə İran arasında gedən danışıqlardan asılı olacaq. Hesab edirəm ki, İran bu məsələdə Rusiyanın sözündən çıxmayacaq. Çünki İran regionda və dünyada bir sıra atdığı addımları Rusiya ilə uzlaşdırmağa çalışır”.
Elnur Ənvəroğlu
Şərhlər bağlıdır.