S.C.PİŞƏVƏRİNİN 10 FEVRAL 1946-CI İL TARİXLİ NİTQİNDƏN

RƏHBƏR TƏBRİZDƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞDAN SÖHBƏT EDİR

Cənab Pişəvərinin 10 fevral 1946-cı il tarixində Təbrizdə hərbi xidmətə çağırış idarəsində milli hərbi xidmət haqqında söylədiyi nitqindən:

“… Biz öz milli azadlığımızı mühafizə etmək üçün böyük mütaliələr və mübahisələrdən sonra bu nəticəyə gəlib çıxmışıq ki, azadlığı xalq gərək öz qüvvəsi ilə saxlasın. Xalqın əgər öz qüvvəsi olmazsa, azadlıq müftə və zəhmətsiz də verilsə, onu saxlamaq olmaz.

… xalqa bir böyük dayaq lazımdır. Bu da milli qoşundan ibarətdir. … Qoy bütün dünya bilsin ki, Azərbaycan milləti yaşamaq üçün ölməyə hazırlanmışdır.

… Biz milli qoşunumuzu yaratmalıyıq. Bu qoşun ilə azadlığımızı və daxili təhlükəsizliyimizi qorumalıyıq. İndiyə qədər bu işi fədai qüvvələri görüblər və fədakarlıq ilə də görüblər. Amma əgər Tehran mürtəce hökuməti istəyə, Azərbaycan azadlığını boğa, onda Azərbaycan xalqı o hökuməti əzib və Tehranda Azərbaycanı tanımağa yarayan bir hökumət yaratmağa çalışacaqdır (şiddətli alqışlar).

Bizim qabağımızda iki yol durur. Ya gərək razılıq olunsun, biz azadlıqla iqtisadi, maarif və milli vəzifələrimizi icra edək. Əgər bu işi icra etməyə qoymazsalar, biz özümüz məcburuq, Tehrana gedək, oranı alaq və azad, demokrat bir hökumət quraq və öz xalqımızın milli azadlığını bu yol ilə təmin edək. Bu bizim böyük vəzifəmizdir (gurultulu alqışlar).

… həqiqətdə bizim xalqımız böyük və qəhrəman bir xalqıdır. Onun heç bir vəchlə Tehran, İsfahan və başqa yerlərin əhalisi ilə oxşarlığı yoxdur. O, … öz azadlığı uğrunda mübarizəyə qalxmışdır, o fars deyil və farslardan fərqlidir. Dünənki çıxışlar göstərdi ki, xalqımız özünü tanıyıb və öz milliyətini təyin edibdir. Azadlığın mənasını düşünüb və onun qədir-qiymətini dərk etmişdir.

… Mən Tehrandan çoxlu sayda məktublar almışam. Bu məktublarda yazırlar ki, siz hərəkət edən kimi Tehranın daxilində böyük inqilab vücuda gələcəkdir. Mərkəzi hökumət bizi bu işə vadar edərsə, bütün İran xalqları əsarətdən xilas olacaqlar. Amma bilməlisiniz ki, böyük arzuları qeyri-müntəzəm qüvvə ilə yerinə yetirmək olmaz. Bizim gərək topumuz, təyyarəmiz və hər cür silahımız olsun. Biz evimizin palazını satıb tank, top, təyyarə almalıyıq. İranda azadlıq Azərbaycan azadlığından asılıdır…

Biz iki yol ayrıcındayıq. Ya gərək Tehran hökuməti azadlıq yolu ilə gedə və bizim azadlığımıza mane olmaya, əgər getməsə biz onunla getməyəcəyik və əgər mümkün olsa, onu yıxıb yerində bir demokratik rejim yaradacağıq (alqışlar).

Azərbaycan xalqı həmişə öz azadlığına maraq göstərmişdir. Səfəviyyə hərəkatını iki, ya üç şeyx yaratdı. Onda hələ demokrat firqəsi də yox idi. Bizim isə müntəzəm, qüdrətli bir firqəmiz olduğu belə bir halda daha böyük ordu yaratmağa qadirik. Millətimizin böyük keçmişi vardır və bir daha dünyaya göstərəcəkdir ki, sadiq, səmimi, fədakar, qüdrətli və davamlı bir milllətdir. O qədirbilən və səmimidir. Ona yalnız bir başçı lazım idi və indi o başçı firqəmiz olmaq üzrə meydana gəlmişdir. Etiraf etmək lazımdır ki, firqə xalqımızı bu 5 ay müddətində çətinliklərdən və əyri-buruq yollardan keçirmişdir və gələcəkdə də keçirəcəkdir. Tehran hökuməti Azərbaycana bir gün Fərruxu böyük səlahiyyət və pul ilə göndərirdi, bir gün də Bəyatı. Bəyat cənab Siracmirin evində bizə deyirdi ki, “biz sizin muxtariyyətinizi təmin edərik”. Biz ona dedik ki, “siz bu gün deyirsiniz, amma sabah inkar edə bilərsiniz. Bizə isə həqiqi təzmin lazımdır. O isə milli xalq qoşunu ola bilər.

Həqiqət isə həmişə topun ağzından çıxar”.

Bir millət həqiqəti fəqət top və güllə vasitəsi ilə göstərə bilər. Ah və naləyə kimsə baxmaz. Bizim hökumətimiz demokratik hökumətdir. Bütün təbəqələrin hökumətidir. Qoy ruhanilər, tacirlər və bütün təbəqələr əl-ələ versinlər və muxtariyyətimizi qursunlar.

Qoy cavanlar milli qoşunda iştirak eləsinlər və qocalar da onlara libas, paltar və corab göndərsinlər. Biz bu yoldan xeyir görə bilərik, Milli Hökumət qurulan gün vədə verdiyimiz kimi xalqımızın mal, can və namusunu hifz edəcəyik. Hətta dükanların qabağında yatacağımızı da vəd verdik. Hamı bilir ki, verdiyimiz vədəyə mərdliklə əməl etmişik.

İndi də xalqın malını və namusunu hifz eləməyə söz veririk və sözümüzün üstündə duracağıq.

Biz iftixarla deyə bilərik ki, bütün xalq bizim arxamızdadır. Kəndlinin hamısı, fəhlələrin hamısı, şəhərin orta təbəqəsi, bəlkə də ali təbəqəsi ümumiyyətlə bizim dalımızdadır.

Xalq birləşəcəkdir. Biz buna inanırıq. Burada gərək qanun hökm sürsün və qanunu qorumaq üçün də top, tüfəng və güllə lazımdır.

… qoy hamı hərbi libas geyinsin.

Mən özüm də geyinəcəyəm. Qoy hamı bilsin ki, dünyada bir millət var ki, onun bütün üzvləri, arvad və kişi öz azadlığını müdafiə etmək üçün silah götürmüşdür. Hökumət ilə xalq arasında ixtilaf olmamalıdır. Gərək xalq özü öz hökumətini qorusun…

İndiyədək biz baş ucalığı ilə dediklərimizi yerinə yetirmişik. İndi bizim düşmənlərimiz, bizi “neçə nəfər separatçı” adlandıranlar belə bizə bir irad tuta bilmirlər. Onlar yalnız kiçik bəhanələr tuturlar. Məsələn, dil məsələsini bizə bir günah bilirlər. O ağalar bunu bilməlidirlər ki, azərbaycanlı fars deyil və özünəməxsus dili var. Zor ilə də onu fars eləmək olmaz…

… Ölkədə (Azərbaycan nəzərdə tutulur – S.B.) ayrı-seçkilik aradan gedib. Vahid, birləşmiş bir xalq əmələ gəlmişdir. Bu birliyi qorumaq üçün, yenə də təkrar edirəm, qoşun lazımdır. Qoy biz evimizin xalçasını, mebelini satmalı olsaq da, silah alaq və milli qoşunumuzu yaradaq, azadlığımızı saxlayaq. Yeri gələrsə, Tehrana gedib azadlıq əleyhinə mübarizə edən irticaın ocağını dağıdaq. Tehranlılar üçün də demokratik hökumət quraq (sürəkli gurultulu alqışlar).

Toplayan və təqdim edəni: Səməd Bayramzadə,

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.