FRANSADA BİABIRÇILIQ: KİLSƏLƏRDƏ 330 MİN UŞAQ ZORLANIB

Fransada keşişlər uşaqlara qarşı cinsi istismar hallarında “Katolik Kilsəsinin institusional məsuliyyətini” qəbul edib.

Azerbaycanruznamesi.org Reyting.az-a istinadən xəbər verir ki, Kilsələrdə Cinsi İstismar üzrə Müstəqil Komissiyanın (CIASE) yüz minlərlə uşağın kilsələrdə cinsi istismara məruz qaldığını açıqladığı hesabatdan sonra ölkədəki keşişlər hesabatı qiymətləndirmək üçün Lourdes şəhərində toplaşıb.

Fransa Yepiskoplar Konfransının prezidenti Erik de Moulins-Beaufort verdiyi açıqlamada keşişlərin bu cinsi zorakılıq hallarında “Kilsənin institusional məsuliyyətini” qəbul etdiklərini və sui-istifadənin kilsədə “sistemli bir fenomen” olduğunu bildirib. Bu məsuliyyətin ədalətin təmin edilməsi və şikayətlərin aradan qaldırılması məsələsini özü ilə gətirdiyini qeyd edən De Moulins-Beaufort, kilsə daxilindəki təcrübələrin bu işlərin məhkəmə orqanlarına çatdırılmasına və məsul şəxslərin cəzalandırılmasına mane olduğunu söyləyib.

Kilsələrdə Cinsi İstismar üzrə Müstəqil Komissiyanın oktyabrın 5-də açıqladığı hesabatda 1950-ci ildən bəri kilsələrdə 216 min uşağın cinsi istismara məruz qaldığı bildirilib. Özəl məktəb və katolik kilsəsinə bağlı qurumlarda çalışanlar tərəfindən törədilən cinsi zorakılıq hallarını da əlavə etməklə, bu rəqəm 330 minə çatıb və kilsələrdə cinsi istismarın “sistemli bir hadisə” olduğu qeyd edilib.

Müstəqil komissiyanın sədri Jean-Marc Sauve deyib ki, Katolik Kilsəsi cinsi istismar hadisələri ilə bağlı lazımi tədbirlər görməyib. O, Katolik Kilsəsinin məsuliyyət daşıdığını bəyan edib. Fransa Yepiskoplar Konfransının prezidenti Erik de Moulins-Beaufort isə “etirafın sirrinin Fransa qanunlarından üstün olduğunu” bildirməsi ciddi müzakirələrə səbəb olub.

Fransanın daxili işlər naziri Kerald Darmanin bir neçə gün sonra De Moulins-Beaufortu Nazirliyə çağırıb və ona Fransa qanunlarından üstün heç nə olmadığını deyib. Darmanin vurğulayıb ki, “etiraf sirri” 200 ilə yaxındır hüquqda özünə yer tapıb, amma 15 yaşından kiçik uşaqlara qarşı cinsi istismar və cinayətlər barədə məlumatı olan keşişlərin bunu məhkəmə orqanlarına bildirməsi vacibdir.

Müstəqil komissiyanın üzvü Laetitia Atlani-Duault deyib ki, etiraf iclasları rahiblərin uşaqların cinsi istismarı hallarını bildirməsinə mane olmamalıdır.

Qeyd edək ki, katolik kilsəsində “etiraf sirri” insanın öz günahlarından tövbə etməsi və həm də etirafı kimi qəbul olunur.

Başqa sözlə, keşişlər və rahiblər “etiraf sirrini” əsas gətirməklə məsuliyyətdən yayınmağa çalışırlar.

Şərhlər bağlıdır.