ŞEYX MƏHƏMMƏD XIYABANI HƏRƏKATININ MÜASIR AZƏRBAYCAN VƏ İRAN TARIXŞÜNASLIĞI VƏ ELMI ƏDƏBIYYATINDA ÖYRƏNILMƏSI

Azərbaycanın azadlıq, müstəqillik və dövlətçilik tarixində yer tutmuş şəxsiyyətlərdn biri də Şeyx Məhəmməd Xiyabanidir. Bu sahədə həm Güney, həm də Quzey Azərbaycanda müəyyən tədqiqatlar aparılıb, yazılıb ortaya çıxsa da, tarixşünaslıqda Xiyabani və onun adı ilə bağlı olan hərəkatın dolğunluqla və ətraflı verilməsi demək deyildir. Bu tərəfdə sovet hakimiyyətinin mövcud olması, İranda Pəhləvi rejiminin şovinist siyasəti, bir sıra başqa mövzular kimi Xiyabani mövzusunun da istənilən səviyyədə tədqiqinə və oxuculara çatdırılmasına imkan verilməmişdi. Buna baxmayaraq Arazın hər iki sahilində yazıb-yaradan tarixçi alimlərimiz ciddi basqılar şəraitində olsa da, müəyyən əsərlər qələmə almış, tədqiqatlat aparmışlar.

Azərbaycan tarixşünaslığı və elmi ədəbiyyatında

1945-1946-cı illərdə Güney Azərbaycanda olmuş, sovet ordusu sıralarında xidmət etmiş məşhur jurnalist, tədqiqatçı-alim Qulam Məmmədlinin də bu sahədə tədqiqatları olub. Q.Məmmədli Güney Azərbaycanda olduğu müddət ərzində Ş.M.Xiyabani ilə maraqlanıb, onun doğulduğu kənddən başlamış Təbriz kitabxanasına qədər araşdırma aparıb və Xiyabani hərəkatında iştirak etmiş, onu yaxından tanıyan insanlarla təmasda olub. Əldə etdiyi materiallar ona sonrakı illərdə Xiyabani haqda dəyərli kitab yazmağa imkan verib. Q.Məmmədlinin bu kitabı Xiyabani Azərbaycanın quzeyində ictimaiyyətə tanıtdırmaqda ilk vasitə olub. Kitab 1949-cu ildə Bakıda “Azərbaycan” nəşriyyatında çap edilib. “Xiyabani” (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən)” adlı 160 səhifədən ibarət olan bu dəyərli əsər sovet dövründəki siyasi mühitin basqılarına baxmayaraq Xiyabani haqqında, onun elmi, siyasi, dini, fəlsəfi görüşləri barədə oxucuda müəyyən təsəvvür yaradır.(Məmmədli Qulam. Xiyabani (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən) Bakı: Azərnəşr, 1949, 160 s.) Kitabda Xiyabaninin çıxışlarından verilmiş iqtibaslar gənc nəslin vətənpərvərlik ruhunda və tərbiyəsində mühüm rol oynamış və oynamaqdadır.

M.Xiyabani mədəni-maarif, xüsusilə siyasi tərbiyə və təlim məsələlərinə də əhəmiyyət verirdi. Q.Məmmədli Xiyabaninin ana dilimizin qorunması ilə bağlı apardığı mübarizə haqqında yazır: “O, Azərbaycanda aparılan farslaşdırma siyasətinə qarşı mübarizə aparırdı, xalqın maariflənməsinə və mədəni olmasına çalışırdı. Mədəni-maarif işlərinin tərəqqisi yolunda var qüvvəsi ilə fəaliyyət göstərirdi. 1918-ci ilin baharında Bakıdan Təbrizə gəlmiş teatr heyəti Xiyabani tərəfindən məmnuniyyətlə qarşılanmışdı. Əksəriyyətlə Cənubi Azərbaycan gənclərindən olan həmin artistlər iqtisadi cəhətdən çətinlik çəkirdilər. Tamaşaları hazırlamaq üçün vəsait yox idi. Buna görə də artistlərin əhval-ruhiyyəsi düşkün idi. Bundan xəbəri olan Xiyabani artistləri qəbul etdi və ruhdan düşməməyə çağırdı: “Siz biletlərinizin satılıb-satılmamağına baxmayın, tamaşanı hazırlayın, oynayın, qoy camaat gəlib baxsın; pul məsələsi haqqında düşünməyin, onu mən yerbəyer elətdirərəm”, – deyə artistlərin həvəslə işləməsinə yardım edirdi. Şeyx öz nitqlərindən bəhs edib əhalini tamaşalara cəlb edirdi”. Xiyabaninin Azərbaycanın dil, maarif və mədəniyyətinin inkişafı yolundakı siyasəti düşmənlərin xoşuna gəlmirdi. Onlar hər cür vasitə ilə bu gözəl təşəbbüsə mane olurdular. Lakin xalq Şeyxin ətrafında toplaşır və onu diqqətlə dinləyirdi. O, xalqın ana dilində danışdığı üçün sözləri əhaliyə çatır və təsir bağışlayırdı.

Biz güman edirik ki, böyük tədqiqatçı-alim Qulam Məmmədlinin şəxsi arxivində Xiyabani və hərəkatı ilə bağlı işıq üzü görməyən çoxlu materiallar vardır. Onları üzə çıxarıb tədqiqata cəlb etmək Azərbaycanda xiyabanişünaslıq üçün gözəl töhfə ola bilər.(Talıblı S.Ə. Şeyx Məhəmməd Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığında. “Gənc alimlərin II Respublika İnnovativ Yarmarkası” çərçivəsində “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları”. Gənc alimlərin elmi konfransının materialları. Bakı: Azərbvaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondu, 2012, s. 410)

“Təcəddüd qəzeti” 1917-ci ilin aprelin 9-da nəşrə başladı. Tədqiqatçı Qulam Məmmədlinin göstərdiyi kimi, “Onun imtiyaz sahibləri və baş mühərrirləri ilk zamanlarda dəyişdirilsə də, siyasi rəhbərlik əsas etibarilə Xiyabaninin üzərində qalırdı” Qəzetin 65 nömrəsi, yəni 137 və 202-ci nömrələr rəsmən Xiyabaninin müdirlik və baş mühərrirliyi ilə çap olunmuşdu.

M.Xiyabani hərəkatının görkəmli tədqiqatçısı, tarix elmləri doktoru, professor Şövkət xanım Tağıyevanın xidmətləri üzərində xüsusilə dayanmaq istərdim.Professor Ş.Ə.Tağıyevanın 1956-cı ildə rus dilində çap olunan “1917-1920-ci illərdə İran Azərbaycanında milli azadlıq hərəkatı” monoqrafiyasında Güney Azərbaycanda ingilis imperializminə və İran irticaçılarına qarşı aparılan mübarizələrin sosial-iqtisadi köklərini araşdırmış və milli azadlıq hərəkatı və onun məğlubiyyətinin səbəblərini göstərməyə çalışmışdır. Burada Xiyabaninin ictimai-siyasi fəaliyyəti geniş şəkildə əks olunmuşdur.(ТагиеваШ.А. Национально-освободительное движение в Иранском Азербайджане в 1917-1920 гг. Баку: 1956, 120 с.)

Ş.Tağıyeva “1920-ci il Təbriz üsyanı” adlı əsərində Şərqin müstəmləkə və asılı ölkələrində I Dünya müharibəsinin sonlarına doğru başlamış milli azadlıq inqilabları dövrünün təbii nəticəsi olan Güney Azərbaycandakı 1917-1920-ci illər milli azadlıq və demokratik hərəkatı, ölkədəki sosial-iqtisadi və siyasi zəmin üzərində meydana gələn bu hərəkatın ən yüksək mərhələsi olan 1920-ci il Təbriz üsyanı, üsyan nəticəsində yaranan Milli Hökumətin fəaliyyəti tədqiq edilir. (Tağıyeva Ş.Ə.1920-ci il Təbriz üsyanı. Bakı: Elm, 1990, 148 s.). Kitabda inqilaba rəhbərlik etmiş Azərbaycan Demokrat Partiyası və onun başçısı Şeyx Məhəmməd Xiyabaninin İran irticasına və İngiltərə imperializminin ölkədə işğallar siyasətinə qarşı yönəlmiş mübarizədəki rolundan danışılır, beş aydan çox davam etmiş üsyanın yatırılması və hərəkatın məğlubiyyət səbəbi araşdırılır.

Professor Şövkət Tağıyeva 1998-ci ilin dekabrında Təbrizin yaxınlığındakı Şərəfxana məntəqəsində keçirilən I Beynəlxalq Azərbaycançılıq Simpoziumundakı çıxışında qeyd edirdi ki, Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbaycanda və bütün İranda imperializmə qarşı və demokratik azadlıqlar uğrunda mübarizə aparmış ictimai-siyasi xadimlər içərisində xüsusi yer tutur. İranın, o cümlədən, Azərbaycanın XX əsrin əvvəllərindəki siyasi mühitində bişmiş M.Xiyabani müasiri olduğu Şərqin və Qərbin qabaqcıl ictimai fikrinin bəhrələrini mənimsəyən, inqilabiliklə elmiliyi, nəzəriyyə ilə fəaliyyəti birləşdirə bilən nadir siyasi xadimlərdən idi. (Birinci Beynəlxalq Azərbaycançılıq Simpoziumunun bildiri toplusu. Azərbaycan Elm və Mədəniyyət Araşdırma Mərkəzinin nəşri, Təbriz: Keyhan, 1378, 410 s.)

Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyətı” adlı monoqrafiyasında Xiyabaninin ictimai, siyasi fəaliyyəti, fəlsəfi görüşləri, publisistikasi tədqiq və təhlil edilmişdir. (Vüqar Əhməd. Şeyx Məhəmməd Xiyabani (həyatı, mühiti və ədəbi fəaliyyətı). Bakı: Mütəllim, 2010, 410 s.)Tədqiqatda Qulam Məmmədli, Şövkət Tağıyeva, eləcə də Rusiya alimlərinin Xiyabani haqqında fikirlərinə münasibət bildrimiş, onlarln bu sahədə apardıqları tədqiqatları dəyərləndirilmişdir. O cümlədən, ilk dəfə olaraq fars dilində yazılmış İran alimlərindən Əli Azərinin, Əhməd Həsənin Xiyabani haqqında, onun dərin mənası, böyük nüfuzu, nurlu siması, böyük şəxsiyyəti barədəkəlamlar müəllif tərəfindən tərcümə edilərək münasibət bildirməklə onlara istinad edilmişdir. Kitabda ilk dəfə olaraq Ş.M.Xiyabaninin ədəbi fəaliyyəti, redaktorluğu, publisistikası, publisistikanın mövzu dairəsi və s. təhlil süzgəcindən keçirilmişdir.

Mirzə İbrahimov “Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında” məqaləsində yazırdı: “Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycançılıq ruhu daha artıq özünü göstərirdi. Səttar xan inqilabından sonra güclənən irtica və təzyiq, hakim fars dairələri və istibdadın artan zülmü Azərbaycanı mütüləşdirmir, yatırdıb sakit etmir, əksinə, daha artıq oyadır və hərəkətə gətirirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq milli xasiyyət kəsb etməyə başlayırdı. Şeyx Məhəmməd, Tehran hakimlərinin Azərbaycanda yaratdığı zorakılıq və səfalət mənzərəsini xalqın nəzarətində canlandırırdı”.(İbrahimov Mirzə. Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında // İnqilab və mədəniyyət jurnalı. Bakı: 1947, № 4.)

Qeyd etmək lazımdır ki, Pəhləvilər hakimiyyəti illərində (1925-1979-cu illər) Güney Azərbaycanda milli hərəkat və bu hərəkata başçılıq edən şəxsiyyətlər haqqında yazmaq rəsmən yasaq edilmişdi. Bu cəhətdən Ş.M.Xiyabani şəxsiyyəti və başçılıq etdiyi hərəkat haqqında İran tarixşünaslığında böyük boşluq var idi. Doğrudur, 1960-cı illərdə görkəmli tarixçi Əli Azərinin “Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanı” adlı fundamental əsəri yazılıb oxuculara təqdim edilmişdir. 512 səhifədən ibarət olan bu dəyərli kitab rejimin nəzarətindən kənarda çap edilmişdir. Mərhum alim Əli Azərinin bu kitabı Şeyx Məhəmməd Xiyabani və onun başçılıq etdiyi hərəkat haqqında ən müfəssəl mənbə hesab olunur, 3 iri fəsildən ibarət olan kitabda Xiyabaninin həyatı və keçdiyi mübarizə yolu geniş səpkidə əks olunmuşdur. Əli Azərinin Xiyabani haqqında kitabında diqqəti çəkən mühüm cəhətlərdən biri həmin dövrün sosial-siyasi və mədəni durumunun şərhi, Xiyabaninin silahdaşlarının fəaliyyəti, Azərbaycan Milli hakimiyyətinin 5 ay ərzində icra etdiyi tədbirlər və nəhayət, Xiyabaninin nitqlərinin bir hissəsi kitabda verilmişdir. (Azəri Əli. Qiyame Şeyx Məhəmməd Xiyabani dər Təbriz. Çape dovvom.Tehran: Bonqahe mətbuati Səfi Əli Şah, 1344 h.ş., 512 s.).Kitab eyni zamanda Ankarada da nəşr olunmuşdur. (Ali Azeri. Azadistan devleti ve Şeyx Muhammed Hiyabani (1918-1920). Ankara, 277 s.).Ümumiyyətlə, Əli Azəri Güney Azərbaycan tarixşünaslığında Xiyabani və onun başçılıq etdiyi hərəkat haqqında dəyərli salnamə yazan müəllif kimi çox qiymətlidir. Əli Azərinin xiyabanişünaslıqda açdığı cığır Xiyabani haqqında sonralar yazmış müəlliflər üçün zəngin və etibarlı mənbə olmuşdur.

1979-cu il İran inqilabından sonra Xiyabani irsinə müraciət edənlər sırasında tarixçi-alim Səməd Sərdariniyanın, Zəhra Vəfalının, Hüseyn Düzgünün və başqalarının adlarını qeyd etmək olar.

Təbrizli tarixçi-alim Səməd Sərdariniya “Azərbaycan məşhurları” adlı kitabın II cildində Ş.M.Xiyabaniyə, onun silahdaşlarından olan Hacı Məmmədəli Badamçıya, Hacı Mirzəli Gəncəviyə və başqalarına xüsusi yer verilmişdir. (Səməd Sərdariniya. Məşahire Azərbaycan, celde dovvom, Təbriz, h.ş. 1364, 544 s.). S.Sərdariniyanın əsərində Xiyabani Güney Azərbaycan xalq hərəkatının qorxmaz və dönməz zəkalı xadimi kimi təqdim olunur. Kitabın 41-52-ci səhifələri bilavasitə Ş.M.Xiyabaniyə həsr edilib. Oçerkvari yazılmış bu yazıda oxucu Xiyabani şəxsiyyətinin böyüklüyünü onun geniş elmi, fəlsəfi və dini dünyagörüşünün müxtəlif çalarlarını görür.

İranda inqilabdan sonra Xiyabani haqqında yazan müəlliflərdən biri də Zəhra xanım Vəfalıdır. Zəhra xanım özünün çap etdirdiyi “Azərbaycana şöhrət gətirənlər” kitabında Azərbaycanın görkəmli şəxsiyyətləri sırasında Ş.M.Xiyabaniyə xüsusi yer ayırmışdır. O öz kitabında Xiyabanini Vüsuqqudövlə dövlətinin ingilislərlə bağladığı əsarət gətirici gizli müqavilənin ifşa olunmasında Şeyxin yorulmaz mübarizəsini tarixi faktlarla sübut etmişdir. (Vəfalı Zöhrə. Namavərane Azərbaycan. Təbriz: Enteşarate Zeynəb, 1378 h.ş., 98 s.)

Ş.M.Xiyabaninin Güney Azərbaycan tarixşünaslığında yeri haqqında danışarkən Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvərinin Şeyxin “Gülüstan” bağında heykəlinin açılışı zamanı nitqini xüsusi qeyd etməliyik. S.C.Pişəvəri 1946-cı il oktyabrın 2-də Xiyabani büstünün açılışı ilə əlaqədar söylədiyi tarixi nitqində demişdir: “Rəşidlik zirvəsinə baxsaq, Səttar xan qəhrəman imiş. O, düşmən qabağında təslim olmamışdı. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Sərdar rəşid imiş, Şeyx o xasiyyətlərə malik halda, bir də onun alimlik məqamı var idi.(Pişəvəri S.C. 21 Azər (əski ılifba ilə). 1340)

Azərbaycan Milli Hökumətinin (12.12.1945-12.12.1946) mövcud olduğu bir il ərzində Xiyabaniyə büst qoymaqla yanaşı, Xiyabaninin adına məktəb də verilmişdi. Xiyabaninin ailəsi üçün Azərbaycan Milli Hökumətinin qərarı ilə xüsusi təqaüd də ayrılmışdır.

Güney Azərbaycanın görkəmli siyasi xadimi, yazıçı doktor Salamulla Cavid “Xatirə dəftərindən” adlı kitabında Xiyabani şəxsiyyətinə və onun başçılıq etdiyi hərəkata xüsusi yer vermişdi. Doktor Salamulla Cavid öz yazısında təkcə Xiyabanini yox, onun silahdaşlarını da yad etməklə bərabər, “Təcəddodiyyun” və “Tənğidiyyun” cinahlarının mövqelərindəki fərqli cəhətləri açıqlamış, Xiyabaniyə tərəfdar olan “Təcəddodiyyun”cinahını xüsusi rəğbətlə oxuculara təqdim etmişdi.

Güney Azərbaycanın müasir alimlərindən olan Hüseyn Düzgün həm də bir şair kimi tanınır. O özünün Xiyabaninin həyat və mübarizəsinə həsr etdirdiyi poemasını, 1990-cı ildə (1379) “Şeyx Məhəmməd Xiyabani həmmaməsi” kitabında dolğun lövhələrdə əks etdirmişdir.

Güney Azərbaycanın görkəmli ədəbi simalarından olan Həmid Nitqi Şeyx Məhəmməd Xiyabani haqqında şeirində Xiyabani hərəkatını, onun böyük şəxsiyyət olduğunu qeyd edir. (Nitqi Həmid. Seçilmiş əsərləri. Bakı: Avrasiya press, 2005.)

Güney Azərbaycan tarixşünaslığında Xiyabani şəxsiyyəti və onun başçılıq etdiyi hərəkat haqqında yazan müəllifdən biri də Xiyabani məfkurəsinə düşmən olan Əhməd Kəsrəvi olmuşdur. Ə.Kəsrəvinin Azərbaycan xalqının milli kimliyi, mədəniyyəti və tarixi haqqında fars şovinist mövqeyindən yazılmış əsərləri bizə məlumdur. Kəsrəvi Xiyabani hərəkatının əvvəlində hərəkata qoşulmuş, özünü Xiyabaniyə yaxın adam kimi göstərməyə çalışmışdır. O, Xiyabaninin milli ruhuna və hərəkatın milli yön aldığını gördükdə hərəkatdan uzaqlaşmış, sonra isə “Tənğidiyyun” adlı dəstəyə başçılıq edərək, Xiyabaniyə və onun başçılıq etdiyi hərəkata düşmən mövqeyi bəsləmişdi. Buna baxmayaraq Ə.Kəsrəvi sonralar Ş.M.Xiyabani qiyamı adlı kitabının bir çox yerində Xiyabani şəxsiyyətinin böyüklüyünü, savadlı olmasını, alovlu nitqləri ilə kütləyə təsirini etiraf etməyə məcbur olmuşdur. Onun 172 səhifədən ibarət olan kitabının son fəslində (VI fəsil) “İşin başa çatması və Xiyabaninin öldürülməsi” adlı bölməsində bir sıra həqiqətləri ortalığa gətirmiş və Xiyabani şəxsiyyətinin böyüklüyünü yazmaq məcburiyyətində qalmışdır.(Kəsrəvi Əhməd. Qiyame Şeyx Məhəmməd Xiyabani. Virayiş və müqeddeme Məhəmmədəli Homayun Katuzyan. Tehran: Nəşre Mərkəz, 1376 (1998), 172 s.)

Tarixşünaslıqda Xiyabani və Xiyabani hərəkatı haqqında bəhs etdiyimiz bu bölmədə “Azərbaycan” qəzeti tərəfindən nəşr edilmiş “Şeyx Məhəmməd Xiyabani. Azərbaycan və Azərbaycan demokratik qüvvələri” kitabçası üzərindı dayanmaq lazımdır. Mərhum alimimiz Qafar Kəndlinin dəyərli müqəddiməsi ilə oxucuya təqdim olunan bu kitabda Xiyabaninin bir sıra məqalələri və nitqləru verilmişdir. Kitabçanın “Qorxu və cəsarət” adlanan bölməsi hər bir vətənpərvər insanımız üçün dəyərli nəsihət və örnəkdir. Kitabçada Xiyabani qorxunu xalqların qul olmasının başlıca səbəblərindın sayır. (“Şeyx Məhəmməd Xiyabani. Azərbaycan və Azərbaycan demokratik qüvvələri”. 1961: “Azərbaycan” ruznaməsinin nəşriyyəsi.)“Qorxmamalıyam, buna görə də nə qorxuram, nə də qorxmaq istəyirəm”. Xiyabaniyə görə, mübariz insanın qərarə belə olmalıdır.

Tarix elmləri doktoru Eynulla Mədətli “İranda Azərbaycan tarixi məsələləri” adlı əsərinin IV fəslində “Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkatı”nə tədiq edərkıın yazır ki, “1920-ci ilin aprel-sentyabr aylarında Сənubi Azərbaycanda Milli hökumətin yaradılması ilə nəticələnən M.Xiyabani hərəkatına dair İran tarixşünaslığında onlarla maraqlı tədqiqat əsərləri, kitablar, xatirələr, məqalələr yazılmışdır. Həm Sovetlər dönəmində, həm də 1991-ci ildən başlanan müstəqillik illərində Azərbaycan Respublikasında da Azərbaycan milli-demokratik hərəkatları tarixində əhəmiyyətli yer tutan M.Xiyabani hərəkatı, Təbriz üsyanı və Milli hökumətin fəaliyyəti geniş tədqiq edilmişdir.” (Mədətli E. İranda Azərbaycan tarixi məsələləri. Bakı: Turxan, 2020, – 508 s.)

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90” adlı elmi konfrans keçirilmiş və məqalələr toplusu nəşr edilmişdir. (Azadlıq uğrunda mübarizə tariximizdən: M.Xiyabani hərəkatı-90. AMEA Şərqşünaslıq İnstitutu. Bakı: Bakı çap evi, 2011, 232 s.) Topluda “Şeyx Məhəmməd Xiyabani hərəkatı və onun Güney Azərbaycanın azadlıq hərəkatında yeri”, “Ş.M.Xiyabaninin dini-fəlsəfi görüşləri”, “Ş.M.Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığında”, “Şeyx Məhəmməd Xiyabani hərəkatı və Güney Azərbaycandakı ədəbi mühit” və s. mövzularda araşdırmalar öz əksini tapmışdır.

İran tarixşünaslığında

Bundan başqa İran müəlliflərindən Ə.Kəsrəvinin (Kəsrəvi Ə. Tarixe-hicdəhsaley-e Azərbaycan, 1333, Tehran, 1943.), Turac Atabəkinin(Atabəki Turac. Azərbaycan dər İrane moaser. Tərcüme Məhəmməd Kərim Eşqi. Tehran: 1376, 1998.), Z.Qiyaminin(Şərhe hal və eqdamate Şeyx Məhəmməd Xiyabani be qələme çənd nəfər əz dustan və aşniyane u, Zeynəl Abidin Qiyami. Donya, yazdəhom, şomare 4), H.Məkkinin(Məkki Hüseyn. Tarixe bist sale İran. Celde 1-3. Tehran: 1944-1946), B.Kavənin(Qiyame lahutiye Təbriz bəhmən 1300. Tehran: Nəşre Şirazeh, 1376, 146 s.)və s. əsərlərində Ş.M.Xiyabani hərəkatı və onun fəaliyyəti haqda məlumatlar öz əksini tapmışdır.

İran mətbuatı və dərgilərində

Xiyabani şəxsiyyəti və onun başçılıq etdiyi hərəkat haqqında İranda və Cənubi Azərbaycanda çıxan bir sıra qəzet və jurnallarda xüsusi yer verilmişdir. “Nəvide Azərbaycan”, “Şəmse Təbriz”, “Azərbaycanın səsi”, “Əxtər” kimi qəzetlər, “Varlıq”, “Tribun”, “Xudafərin”, “Azərbaycanın günəşi”, “Yol” və s. dərgilərdə Xiyabani haqqında çoxsaylı yazılarla rastlaşmaq mümkündür.

Xarici tarixşünaslıq və elmi ədəbiyyatda

Qeyd edək ki, sovet dövründə də Xiyabani hərəkatı və Şeyxin siyasi fəaliyyətini əks etdirən A.A.Vişneqradovanın “İran Azərbaycanında inqilabi hərəkat”,(Вишнеградова А.Революционное движение в Персидском Азербайджане// Новый Восток, 1922, №2.), Q.Q.İlyinskinin “Şeyx Məhəmməd Xiyabani” (Ильинский Г. Шейх Мухаммед Хиябани //Революционный Восток. 1934, № 6(28).)adlı məqalələrində, eləcə dəamerikalı tarixçiT.Svietoxovskinin “Rusiya Azərbaycanı. 1905-1920” (Swietochowski T. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press, 2004 – 272 p.)əsərində məlumatlar verilmişdir.

Bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan xalqının ictimai, siyasi və dövlət xadimi olan Ş.M.Xiyabani və onun başçılıq etdiyi o taylı bu taylı Azərbaycan tarixşünaslığında mühüm yer tutur. Lakin bunu qənaətləndirici etmək olmaz. Bu böyük şəxsiyyətin fəaliyyəti hərtərəfli tədqiq və təhlili tədqiqatçıların gündəmində duran məsələ olmalıdır. Xiyabani XX əsr tarixmizin bir nöqtəsidir. Onu hərtəfərli öyrənmək yeni və gələcək nəsillərə çatdırmaq hər bir xiyabanişünasın vətəndaşlıq və ziyalılıq borcudur.

Sübhan Talıblı,
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.

Şərhlər bağlıdır.