İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.
İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığını artırmağa hazır olduğunu bəyan edib: “İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə münasibətləri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları və qədim dini və mədəni kökləri var”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyi gözlənilir. Bu barədə məlumatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında verib. Abdullahianın sözlərinə görə, İran və Türkiyə arasında əməkdaşlıq üçün uzunmüddətli yol xəritəsi yaradılacaq. “Ümid edirik ki, uzunmüddətli əməkdaşlıq barədə sənəd cənab Ərdoğanın gələcəkdə Tehrana edəcəyi səfər zamanı iki ölkə Prezidentlərinin iştirakı ilə imzalanacaq”, – deyə İranın XİN rəhbəri əlavə edib.
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan bunu EDNews.net–ə şərh verib. Azerbaycan-ruznamesi.org həmin söhbəti dərc edir.
Politoloqun sözlərinə görə, Türkiyə ilə İran arasında olan münasibətlər son 20 ildir ki, inkişaf edən xətt üzrə davam edir: “Rəcəb Tayyib Ərdoğan və onun komandası Türkiyədə hakimiyyətə gələndən sonra rəsmi Ankaranın Tehrana münasibəti dəyişib. Birincisi, İran Türkiyənin təhlükəsizliyinə təhdid edən dövlətlər siyahısından çıxarılıb. Sanksiyalardan İranın az zərər çəkməsi üçün Türkiyə bu ölkəyə dəstək verib. Habelə, İranın nüvə proqramının dinc məqsədlə olmasını müdafiə edərək İstanbulda bu istiqamətdə konfrans keçirilib. Sonrakı dövrlərdə də İranın təbii neft, qaz, eləcə də karbohidrogen ehtiyatlarını alıb xaricə ötürülməsini təşkil etməklə Türkiyə İran iqtisadiyyatına dəstək verib. Son dəfə İraqda bu dövlətin maraqları ciddi şəkildə toqquşur. İraqda İran yönlü hərbçilərin Türkiyəyə qarşı fəaliyyəti də rəsmi Ankara tərəfindən mənfi qarşılanır. İlk növbədə, Bəşər Əsəd hakimiyyətinə qarşı maraqlar toqquşur. Ancaq Suriya və İraq əraziləri bütövlüyünün qorunması məsələsi bu iki ölkənin vahid mövqeyidir. Odur ki, bir sıra ortaq mövqedə olan məsələlərdə əlaqələr inkişaf etdirilir və ziddiyyətli məsələlər müzakirə olunur. Suriyanın İdlib şəhərinə Bəşər Əsəd hərbçilərinin hücumu və orada dinc əhalinin öldürülməsi kimi məsələlər İranla Türkiyə arasında olan ziddiyyətli məqamlardandır”.
- Soltan qeyd edib ki, 44 günlük müharibə Cənubi Qafqazdakı geostrateji maraqlara da təsir göstərdi, o cümlədən İran hakimiyyətini də silkələdi: “İran hakimiyyəti Cənubi Qafqaza, Azərbaycana bundan sonra fərqli siyasi yanaşma irəli sürməyə məcbur olacaq, yaxud bu istiqamətdə fəaliyyət göstərəcək. Azərbaycanla İran arasında ötən aylarda yaşanan gərginliklər sübut etdi ki, İranın təlaşı əbəsdir. Azərbaycanla əməkdaşlıq etməklə regionda təhlükəsizliyi təmin etmək, regionun inkişafına dəstək vermək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə danışıqlarından sonra bəyan etdi ki, Azərbaycan tərəfinin İsraillə münasibəti başqa dövlətlərlə Azərbaycanın münasibəti kimidir və burada əlahiddə heç bir münasibət yoxdur və Azərbaycan ərazisində İsrail hərbçiləri yoxdur. Bu, Ərdoğanın İrana ismarıcı və çağırışıdır. Bununla Türkiyə Prezidenti İranı Azərbaycanla münasibətdə gərginliyə son qoymağa və əməkdaşlığa çağırdı. Türkiyə və İran xarici işlər nazirlərinin Tehranda görüşü bu çağırışın davamı kimi də görünə bilər. Həmin görüşdə Türkiyə ilə İran arasında ticari və iqtisadi əlaqələrlə yanaşı, həm də İran Prezidenti İbrahim Rəisi ilə Cənubi Qafqazdakı vəziyyət və iqtisadi əməkdaşlıq, o cümlədən 3+3 formatı da müzakirə olunub. Ehtimal etmək olar ki, perspektivdə bu istiqamətdə əlaqələr daha da artacaq”.
Politoloq əlavə edib ki, digər tərəfdən BƏƏ İran vasitəsilə Türkiyə ilə ticarət əlaqəsi qurmaq niyyətindədir: “Ola bilsin ki, perspektivdə bu mövzu da Türkiyə rəsmiləri və Türkiyənin Prezidenti Ərdoğanın İrana nəzərdə tutulan səfəri zamanı müzakirə olunsun. İran regionda əgər gerçəkçi olarsa, Azərbaycan və İranın əməkdaşlığı hər iki ölkənin və regionun təhlükəsizliyinin inkişafına böyük təkan verəcəyini bilməmiş deyil. Bu baxımdan, İran tərəfi hələ ki, bəyanat şəklində bunu bildirir, amma gələcəkdə İranın bu əməkdaşlığı davamlı edəcəyi İranın Rusiya və Ermənistanla münasibətlərindən asılı olacaq. İran regionda əməkdaşlıqdan başqa çıxış yolu olmadığını bildiyindən Azərbaycan və Türkiyə ilə əməkdaşlığa, diplomatik danışıqları bərpa etməyə gedir. Türkiyə ilə İranın yaxınlaşması əməkdaşlıq etməsi təbii ki, Azərbaycanın siyasi, hərbi, təhlükəsizlik maraqlarına və Cənubi Qafqaz regionu təhlükəsizliyinə uyğundur. Bu həm də iki ölkənin yaxınlaşması, həm də regiona aid olmayan ölkələrin təzyiqinin azaldılmasına da dəstək verə bilər”.
Gülnar Səlimova
Şərhlər bağlıdır.