Soçi görüşü və üç ölkə rəhbərinin bəyanatına dair əvvəl də yazmışam. Bu yazımda bəzi məqamları bir az da dəqiqləşdirmək istərdim.
Əvvəlcə, sənədin preambula hissəsindəki “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə bağlı məsələyə aydınlıq gətirim.
Əlbəttə, Rusiya və Ermənistan rəsmilərinin leksikonunda və rəsmi sənədlərində bu ifadə olsa da, Soçi bəyanatının qərar hissəsində “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Preambuladakı ifadə isə 10 noyabr bəyanatının adı ilə bağlıdır (Rusiya vaxtı ilə 9 noyabr). Yəni həmin bəyanat imzalananda belə bir adda münaqişə vardı; sənəd hansı münaqişəyə son qoyulduğu haqda suala cavab verməli idi; preambula deyilən şey zatən bundan ötrü var. Bu arada əvvəlki yazımda yazdığım fikri də qəribçiliyə salmayın: boğulan… preambuladan da yapışar. Ermənistan revanşizmindən nə desən, gözləmək olar…
Bununla yanaşı bir məsələni təkrar vurğulayım: Azərbaycan münaqişənin keçmişdə qaldığını dəfələrlə bəyan edib, hətta BMT Baş Məclisinin sessiyasındakı çıxışında və başqa mötəbər səviyyələrdə Azərbaycan prezidenti İlham Əliyev “Dağlıq Qarabağ” ifadəsinin yanlış olduğunu dəfələrlə deyib. Belə bir coğrafi vahidin olmadığını diqqətə çatdırıb. Ancaq Ermənistan və Rusiya öz rəsmi sənədlərində hələ də bu ifadəni işlədirlər. Eləcə də, Azərbaycanın Qarabağ regionunda erməni əhalinin yaşayan bölgələrini hələ də Sovet dövründəki adları ilə adlandırırlar: Xankəndiyə “Stepanakert”, Ağdərəyə “Mardakert” və sair deyirlər. Amma, məsələn, biz Ermənistanın Gümrü şəhərini “Leninakan” adlandırmırıq. Yaxud Sankt-Peterburq şəhərinə “Leninqrad”, Samara şəhərinə “Kuybışev” demirik. Rusiya bu şəhərlərin adlarını dəyişib, biz də Rusiya dövlətinin qərarına hörmətlə yanaşaraq, həmin şəhərləri Sovet dövründəki adları ilə çağırmırıq. Yaxud Çeçenistan Respublikasına “İçkeriya Çeçen Respublikası” demirik. Çünki Rusiyanın rəsmi sənədlərində “İçkeriya” adı daşıyan bir inzibati ərazi vahidi yoxdur; orada münaqişə dövründə Çeçenistana müstəqillik tələb edən hərəkat onu “İçkeriya” adlandırırdı. Hətta o zaman da Azərbaycan dövləti həmin ərazini Rusiya rəsmi sənədlərindəki adı ilə tanıyırdı. Eyni yanaşmanı biz Rusiyadan da gözləməkdə haqlıyıq. Bu baxımdan, Soçi bəyanatında həmin ifadənin yalnız tarixi sənəd adı kimi yer alması, sənədin mətnində mahiyyətcə yer almaması mühüm bir addımdır, Azərbaycanın israrlı diplomatiyasının nəticəsidir. Və düşünürəm ki, Rusiyanın öz dövlət sənədlərində də düzəliş etməsinə bir təkan ola bilər.
İkinci dəqiqləşdirmək istədiyim məsələ dəhliz məsələsi ilə bağlıdır. Doğrudur, sənəddə “dəhliz” ifadəsi yer almayıb. Orda “iqtisadi və nəqliyyat əlaqələri” ifadəsi üç ölkənin baş nazirlərinin müavinlərinin başçılığı ilə hələ 11 yanvar 2021-ci il görüşündən sonra formalaşdırılmış üçtərəfli işçi qrupunun adında işlədilib. Ancaq Rusiya prezidenti Vladimir Putin o ərəfədə RF Xarici İşlər Nazirliyinin kollegiyasındakı çıxışında Cənubi Qafqazda nəqliyyat-kommunikasiya dəhlizləri ilə bağlı işi sürətləndirməyi prioritet olaraq diplomatik idarəyə tapşırmışdı. Eyni zamanda 26 noyabr görüşündən sonra iki prezidentin və baş nazirin media üçün brifinqində də Putin dəmir yollarının və avtomobil yollarının açılması haqda danışmışdı. “Dəhlizlər” ifadəsini işlətmişdi. Bu, elə həmin “Zəngəzur dəhlizi”ni ifadə edir. Bu, Azərbaycanın gündəmə gətirdiyi bir anlayışdır və indi Azərbaycan, Rusiya və Türkiyənin ortaq işlətdiyi bir siyasi-diplomatik leksik vahidə çevrilib. Artıq dünyada da “Zəngəzur dəhlizi” ifadəsi özünə populyarlıq qazanaraq beynəlxalq leksikona daxil olmaqdadır. Dünya mediasında da yer alır. Doğrudur, bu anlayışı qısqanclıqla, hətta müqavimətlə qarşılayanlar da var. Ancaq o “müqavimətçi” dairələr də anlamalıdır ki, “Zəngəzur dəhlizi” deyəndə Ermənistanın ərazisinin o hissəsində heç bir dəyişiklik olmur. Zamanında Bakı-Tiflis-Qars dəmir yolu ideyası ortaya çıxanda, layihəyə həmin ad qoyulanda, bu, Gürcüstanın Tiflis, Türkiyənin Qars şəhərlərinə ərazi iddiası kimi şərh olunmalı idi?! Ermənistandakı radikallar, revanşistlər və xaricdəki bəzi dairələr, yəni bu qədər absurd düşünürlər?! Yaxud o xəstə məntiqlə bir tunelə La-Manş boğazının adını vermək Fransa ilə Böyük Britaniya arasında ərazi mübahisəsi yaratmalıymış?! Nə qədər gülünc! Ermənistan mediasındakı yazılarda, hətta parlamentdə təmsil olunan partiyaların rəhbər şəxslərinin açıqlamalarında belə: “Zəngəzur dəhlizinə icazə verilsə, Zəngəzur əldən gedəcək” deyə bir isterika var.
Belə təəssürat yaranır ki, sanki Ermənistanda yeganə ağıllı siyasətçi varsa, o da Nikol Paşinyandır (nə qədər qəribə görünsə də).
Paşinyan, görün, Soçi görüşündə nə deyir:
“Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm”.
Düzdür, burda Ermənistan baş nazirinin ritorikasında “demokratik yolla seçilmişəm, “Demokratiya sammiti”nə dəvət almışam, amma siz almamısınız” kimi lovğalıq tonu da hiss olundu. Hətta bəlkə Qərbə mesaj verir ki, “demokratik yolla seçilmiş hökumət” regionda sıxışdırılır. Ancaq lovğalansa da, əzabkeş kimi görünməyə çalışsa da, yenə reallıqla barışan tərz sərgilədi. Bəzi analitiklərə görə, Paşinyan Soçi görüşü ərəfəsində səsləndirdiyi radikal, revanşist bəyanatlarını “yeyərək” geri çəkildi. Amma o “döyüşkən” çıxışlar, obrazlı desək, hava limanına gəlib çıxa bilmək üçün də edilmiş ola bilərdi. Ən azı.
Hər bir halda, şair demiş: “Deyilən söz yadigardır”. Yəni tarixdə qalacaq. Ancaq bu tarix o tarixdən – arxiv, salnamə tarixindən deyil ki. Bu, gələcəyin… tarixidir.
Bəli, Soçi görüşü artıq tarixə keçdi, ancaq orda imzalanan sənədlər gələcəyin konstruksiyasıdır axı. O öhdəliklər arxivə deyil, icraata gedəcək (ən azı getməlidir deyək). Bu üzdən imzalı qərarlardan geri durmağın əvvəl-axır bir bədəli var. Ermənistan isə bu cür davranışa görə bədəl ödəməyin necə bir duyğu olduğunu yaxşı bilir. Həm də çox yaxın tarixdən. Necə deyərlər, reallığın dadı damağından hələ də getməyib…
Bahəddin Həzi
Şərhlər bağlıdır.