S.BAYRAMZADƏNIN TƏQDIMATINDA:

İRAN İSLAM REJIMINI GÖZLƏYƏN TALE...

İRANDA DAVAM EDƏN ETIRAZLAR VILAYƏT-I FƏQIH HÖKUMƏTININ TABUTU ÜZƏRINƏ MIX VURAN ÇƏKICDIR…

İranın 28 dekabr 2017–7 yanvar 2018-ci il tarixləri arasında Məşhəd və Xorasanın digər böyük şəhərlərində (o vaxtkı Əmək və Sosial Rifah Naziri Əli Rəbiinin iddiasına görə 160 şəhərdə) bahalığa, işsizliyə, ümumiyyətlə Həsən Ruhaninin iqtisadi siyasətinə  və 2019-cu ilin noyabr ayının 15-də benzinin qiymətinin 200 faiz bahalaşmasına qarşı baş vermiş genişmiqyaslı son etirazlar, eləcə də bunların ardınca Xuzistan və İsfahan əhalisinin nisbətən kiçik etirazları artıq İran hökumətində sabitlik illüziyasına son qoymaqdadır.

Təəssüflə qeyd edilməlidir ki, İrandakı mövcud hakimiyyət indiyə kimi iqtisadiyyatın sabit olduğu  və bu gün də həmin sabitliyin davam etdiyi iddiasındadır. Amma bu iddianın arxasında İrandakı hakim dairələrin etiraf etməyi sevmədikləri başqa bir fakt da var. Başqa sözlə, məsələnin əsil mahiyyətini başa düşmək üçün iddialar və faktlar bir-birindən ayrılmalıdır.

Hər hansı bir ölkədə sabitlik siyasi məsələdən daha çox ölkənin iqtisadi inkişaf xüsusiyyətlərinə və durumuna söykənir. Heç kim üçün gizlin deyildir ki, Vilayəti-Fəqih hökuməti İranda iş başına gəldiyi gündən iqtisadi sahədə söz sahibi olmayıbdır.

Bu hakimiyyət özünün bir neçə onillik ömrü üçün İran xalqının milli kapitalına, yəni neftin satışına çox şey borcludur. Əgər bu sərvəti Vilayəti-Fəqih hökumətinin iqtisadi tənliyindən çıxarsalar, o zaman onların əlində qalacaq vəsait “heç nə”dən bir az artıq olacaqdır.

Ölkədəki bu vəziyyət və iqtisadi səmərəsizlik zamanla ölkənin müxtəlif təbəqələrinin etirazına səbəb olur. İranın siyasi sferasında geniş vüsət alan və dağınıq şəkildə olsa da baş verən bütün etirazların mərkəzində əsasən iqtisadi məsələlər dayanır. Üstəlik, zaman keçdikcə hakimiyyətin səmərəli və məsuliyyətli bir idarəetmə siyasətinin olmaması üzündən İran xalqının tələb və etirazları siyasi məzmun kəsb etməyə başlayır. Belə ki, hakimiyyət nə qədər səmərəsiz çalışarsa, etirazların iqtisadi xarakteri və məzmunu da bir o qədər siyasi mahiyyət kəsb edəcəkdir.

Son illərin etiraz aksiyalarında iqtisadi tələblərdən sonra dərhal Vilayəti-Fəqih hakimiyyətinə qarşı kəskin siyasi şüarların səsləndirildiyi açıq-aydın görünürdü. İndi də İranda 2017-ci ilin dekabrı – 2018-ci ilin yanvarı və 2019-cu ilin noyabrında olduğu kimi irimiqyaslı etirazları stimullaşdırmaq üçün benzinin qəfil bahalaşması və buna bənzər böyük səbəblər olmalıdır. Amma bu, pərakəndə və kiçikmiqyaslı etirazlara məhəl qoymamaq üçün bəhanə ola bilməz.

Vilayəti Fəqih hökuməti qəti şəkildə bacardığı qədər böyük sarsıntıların yaranmasının qarşısını alır. Çünki o, bu cür sarsıntıların siyasi nəticələrini görür. Belə ki, kiçik həmkarlar ittifaqı etirazlarının ictimailəşdirilməsi və toplanması da keyfiyyətcə sıçrayış nöqtəsinə qədər yüksələ və Vilayəti-Fəqih hökumətinin qarşısında dayana bilməyəcəyi bir tufana çevrilə bilər. Bu etirazların əsasında, hətta kiçik də olsa, Vilayəti Fəqih hökumətinin müxtəlif iqtisadi sahələrdə səmərəsizliyi dayanır.

Bu arada Vilayəti-Fəqih hökuməti, şübhəsiz ki, öz səmərəsizliyini və sabitlik illüziyasının sonunu etiraf edə bilməz və etmək də istəmir. Belə olduğu halda da etiraz seli daha tez alovlanacaq. Bu səbəbdən də hakim dairələr ölkənin iqtisadi problemlərinin, çətinliklərinin səbəbləri barədə daim mediadan istifadə etməklə müxtəlif bəhanələr gətirirlər. Bununla belə İsfanda Zayəndərud çayında su çatışmazlığı və onun yaratdığı problemlərlə bağlı on minlərlə əkinçi hökumətə qarşı etiraz aksiyasına toplaşdı və bütün əhali də onlara qoşuldu.

2019-cu ilin noyabrındakı daha böyük və geniş miqyasda baş vermiş etirazlar nümunəsində deyə bilərik ki, xalq qarşısında üzr istəyən Vilayəti-Fəqih hökuməti benzinin qiymətinin bahalaşmasını digər ölkələrə nisbətdə İranda onun çox ucuz olduğunu bəhanə gətirdi və bununla da ölkədə benzin qaçaqmalçılığına rəvac verildi…

Bütün hallarda, kövrək iqtisadiyyatın hər gün törətdiyi və artmaqda olan maddi çətinlikləri, onun nəticələrini öz real həyatlarında görən insanların  hakim dairələrin bəhanələrinə qarşı etirazları onların planlarını alt-üst edir və İranda sabitlik illüziyasının sonunun çatdığını təsdiqləyir.

Səməd Bayramzadə,

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.