İNQİLABÇI, GENERAL VƏ FİRQƏ RƏHBƏRİNİN TƏRÇÜMEYİ-HALI

QULAM YƏHYA DANİŞYANIN ÖZ ƏLİ İLƏ YAZDIĞI AVTOBİOGRAFİYA (1906-1986)

Mən Danişyan Qulam Yəhya oğlu 1906-cı ildə Sarab mahalının Əsgərabad kəndində kasıb kəndli ailəsində anadan olmuşam.

1918-ci ildə anam ilə Bakı şəhərinə atamın yanına gəldik. Atam Balaxanı neft mədənində işləyirdi. Mən özüm 14 yaşından, yəni 1920-ci ildən çilingər şagirdi, sonra isə çilingər işlədim. Eyni zamanda fəhlə-gənclər məkyəbində təhsil aldım.

Sonra 1925-ci ildə SOV.İKL sıralarına daxil oldum.

1927-1929-cu illərdə Bakıda iki illik Partiya Məktəbini qurtarandan sonra, 1931-ci ilə qədər Lenin rayonunda partiya komitəsində işlədim .

1931-ci ildən Lenin rayon komitəsində kadr şöbə müdiri və rayon zəhmətkeşlər deputatları Soveti sədri vəzifəsində 1935-ci ilə qədər işlədim.

1935-1937-ci illərdə Xalq Təsərrufatı İnstitutunda oxudum.

1927-ci ildə anam və bacılarım, atam isə 1932-ci ildə İrana getdilər. 1937-ci ildə məsləhət oldu mən də İrana gedim.

Məni İran polisi kəndə çatmamış yolda tutdu. 1937-1939-cu ilə qədər Ərdəbildə zindanda oldum. 1939-cu ildə məni zəmanətə buraxdılar. Bu şərtlə ki, kənddən kənara çıxmayım. Mən bu vaxtdan özgə ad ilə Miyanada dəmir yolunda işləməyə başladım.

Sovet ordusu İrana gələnə qədər orada, yəni 1941-ci ilə qədər mexanik işlədim.

1941-ci ildə Hsizbe Tudeyi İrana daxil oldum, siyasi fəaliyyətə başladım. Onun üstündə yenə tutub həbs olundum.

1943-cü ildə həbsdən zəmanətlə buraxdılar.

1943-1945-ci ildə Miyana mahalının komitə sədri vəzifəsində seçildim.

1945-ci ildə məni Təbrizə istədilər. Orada Azərbaycan Demokrat Firqəsini təşkil verdik.

1945-ci ildən mənə tapşırıldı ki, fədailəri təşkil edib, ətraf yerli orqanlarından yoldaşların hazır olduqlarını güzariş verdik. Bizə tapşırıq verildi ki, noyabr 1945-ci ildə işə başlamaq, daha doğruçu əmniyyətin murtəçe dəstəsini silah və fədailəri azad etmək lazımdır.

Firqənin Mərkəzi Komitəsinin tapşırığına görə Təbriz şəhərinin azad edilməsi mənə tapşırıldı. 1945-ci il dekabr ayının 20-də Təbrizin azad olunmasında fədailər qəhrəmanlıq göstərdilər. Təbriz azad oludnu. 21 Azər nehzətinin qələbəsi və Azərbaycan Milli Hökümətinin yaranmasındakı xidmətlərimə görə “21 Azər” medalı, “Səttərxan” ordeni ilə təltif olundum. Həmçinin mənə generallıq hərbi dərəcəsi verildi və Zəncan cəbhəsinin fərmandehi vəzifəsini mənə tapşırdılar.

1946-ci il dekabr ayında mühacirətdə öz fəaliyyətimi davam etdirib, 1947-1952-ci illərdə İcraiyyə Heyətinin üzvü və təşkilat şöbə müdiri vəzifəsində  işləmişəm.

1952-1954-cü illərdə ADF-nin Mərkəzi Komitəsinin sədri olmuşam

1954-1957-ci illərdə Sov.İKP nəzdində Ali Partiya Məktəbində oxumuşam.

1957-1959-cu illərdə Bakı Partiya Məktəbində dekan işləmişəm.1959-cu ildən indiyə qədər Azərbaycan Demokrat Firqəsinin sədri seçilmişəm.

1960-cı ildən hizbe Tudeyi İranın MK İcraiyyə heyətinin üzvüyəm.

SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 60 illiyi mühasibətilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşam.

SÖZARDI, YAXUD FARS DİLİNDƏ “XATERATE-QULAM YƏHYA DANEŞYAN” KİTABI

Qulam Yəhyanın dolğun tərcümeyi-halını dostları, tanışları qələmə aldılar, düşmənlər də iftiralar yaymaqdan çəkinmədilər. Lakin bu kitablar içərisində ikisi bugünədək maraqla oxunmaqdadır. Biri Azərbaycan dilində, digəri farsca olan xatirələridir.

Onun başa çatmamış tərcümeyi-halında həyatının yalnız bir hissəsi işıqlandırılıb. Ömür yolunun 1906-1986-cı illərini əhatə edib.

Qulam Yəhya Seyid Cəfər Pişəvəridən sonra partiyanın əvəzsiz rəhəbərlərindən biri idi. Minlərlə ali və orta ixtisas təsilli kadrların hazırlanmasında, partiyanın bir çox tanınmış simalarının yetişdirilməsində, insanların məişəti və digər qayğılarıyla bağlı problemlərin həllində silinməz xidmətləri oldu. Məhz buna görə də, biz eyni zamanda Seyid Cəfər Pişəvəri ilə yanaşı özümüzü general Qulam Yəhyanın da yetirmələri sayır, onlarla fəxr edirik.

Bütün bunlar barədə onun həyat və fəaliyyətindən bəhs edən kitablardan daha ətraflı məlumatlar alırıq.

Bu günlərdə Norveçdə yaşayan Səməd Niknan da 115 illik yubileyi  tamam olan Qulam Yəhyanın ömür yolundan bəhs edən eyni adlı kitabı fars dilinə çevirərək oxuculara ərmağan edib. Onu da deyək ki, Səməd 2 il əvvəl təşkilatımızda olarkən kitabın Azərbaycan dilində olan nüsxəsini istəmişdi. Demişdi ki, fars dilinə çevirib sizə qaytaracağam. Həmin kitabı fars dilini bilən hər bir kəsin oxumasını məsləhət görərdik.

Xatirələr 2000 tiraj nəşrlə çapdan çıxıb və rəğbətlə qarşılanacağı şəksizdir.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.