AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN TƏBRİKİ!

DOĞRU-DÜZGÜN YOLLA, YENİ QƏLƏBƏLƏRƏ DOĞRU

Haqqı, ədaləti müdafiə etməyən, onun naminə hər cürə fədakarlığa hazır olmayan xalqın azadlıq, müstəqillik, suverenlik kimi bəşəri nemətlərə əli çatmaz. Azərbaycanlılar tarixən buna haqq etdiklərinin fərqindədirlər. Şimalımız 30 ildir ki, müstəqil dövlətdir. Cənubumuzda isə bitib-tükənməyən mücadilədəyik. Bu istək bizi illər boyu mübarizələrə səsləyib. Hansı sınaqlardan çıxmamışıq?! Türkmənçay və Gülüstanın işğalçı sülh müqavilələrindən sonra keçilən yola nəzər salaq. Bu tayda çarizmi, sovet işğalını, 20 yanvarı və nəhayət azad dövləti gördük. O tayda isə Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin və bir illik ömrü olan Seyid Cəfər Pişəvərinin yaratdığı Azərbaycan Milli Hökumətinin bar – bəhrəsini daddıq. İndi şükürlər olsun ki, 35 milyondan yuxarı soydaşımızın vüqarla danışdığı, gələcəyinə böyük ümidlər bəslədiyi milli dövləti var – Azərbaycan Respublikası.

Dünyada Azərbaycan xalqı kimi ikinci bir xalq yoxdur ki, birləşmə, bütövləşmə üçün mənəvi haqqı olmasın. Yadımıza 1988-ci ilin son dekabr günü düşür. Onda Arazın hər iki sahili insanlardan qələbəlik idi. Məlum olurdu ki, sərhəd telləri səmimiyyətin üzərinə tikanlı məftilləri çəkə bilməyib. İnsanlar illərlə uzaq düşdükləri adamlardan doğmalarını soruşurdular. Dekabr göstərdi ki, sinfi formasiyalı cəmiyyətlər bu insanların səmimiyyətini heç vaxt bir-birindən ayıra bilməz. Arazın hər iki sahilinə toplaşanlar Azərbaycan, Birlik sözlərini dönə-dönə dilə gətirirdilər. Bax beləcə tarixin səhifəsinə qızıl hərflərlə yazıldı: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü!

Əslində 1945-ci il dekabrın 12-də xalq birlik ifadəsini dilə gətirməyə mənən tam hazır idi. Sadəcə beynəlxqlq şərait bu imkanın üzərindən xətt çəkirdi. Hələ sovet dönəmində Güneyli mühacirlərə göstərilən hərtərəfli qayğı Ümummilli Liderimiz Heydər Əliyevin bu məqsəd naminə həyata keçirdiyi işlərdən biri idi. Belə bir imkan 1988-ci ildən reallaşmağa başladı. Xalq rəhbərə Ulu Öndər adını verdi. Cənubumuzda isə Seyid Cəfər Pişəvəri bu günədək həmin adla dərin hörmət və ehtiramla anılır.

İndi fəxr edirik ki, dünya azərbaycanlılarının böyük ehtiram və fəxrlə adını çəkdikləri, yolunda hər cürə fədakarlığa hazır olduqları  Vətəni, Azərbaycan Respublikası adlı qibləgəhı, ümidgahı var. Ölkəmiz müstəqil sözünü deyən, BMT-də hörmət sahibi olan nüfuz sahibidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 31 Yanvar-Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqa təbrikində deyildiyi kimi, bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Ölkəmiz Qoşulmama Hərakatının sədridir. BMT-dən sonra ikinci ən böyük təhsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir.

Əlbəttə, bütün bunlar Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsi, sülhsevər siyasətə xidmətləri ilə bağlıdır. Qarabağ azaddır, bir vaxtlar biz güneylilər də hər qarışı uğrunda döyüşmüş, şəhidlər vermiş, canımız, qanımız bahasına qarış-qarış torpaqları azad etmişik. Birinci Qarabağ müharibəsi ölüm-dirim yolunda mübarizə idi. O sınaqdan şərəflə çıxdıq. İki il əvvəl düşmən qarşısında hərtərəfli, yüksək təlim keçən, hazırlıqlı bir orduyla üzləşdi. Azərbaycanın elə bir rayonu, şəhəri yoxdur ki, orada yaşayan mühacir ailələrindən Vətən yolunda canını qurban verən tapılmasın. Onlar iftixarımızdırlar.

İki il əvvəl 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində zəfər bayramına çıxdıq. Həmin gənclərin sinələrində parlayan ordenlərə, medallara iftixarla baxırdıq: Belə igidləri olan xalq məğlubedilməzdir!  Qələbə imkan verib ki, 2022-ci ili Şuşa şəhərinin 270 illiyini məhz həmin şəhərdə qeyd etmək imkanımız olsun. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi: “Pənahəli xan 1757-ci ildə Şuşanın təməlini qoyub və biz bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq Şuşanın bərpasını sürətləndirmək məqsədi ilə mən yeni ili “Şuşa ili” elan edirəm”.

Qarabağa ikinci köç başlamaq ərəfəsindədir. Bu torpağa yeni həyat gələcək, abad qəsəbələr, kəndlər, şəhərlər yaranacaq. Çünki Cənab Prezidentin dediyi kimi: “biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi Vətəni olan Azərbaycanla fəxr edirlər”.

Azərbaycan Demokrat Firqəsi 2021-ci ili fəaliyyətində yeni, uğurlarla yadda qalan səhifələrlə qeyd etdi. Həyata keçirilən təşkilatı tədbirlər göstərir ki, biz nə sağ, nə sola diqqət və əhəmiyyət vermədən öz yolumuzla, doğru-düzgün və sınaqlardan çıxmış yolumuzla addımlamalıyıq. Hazırda Azərbaycanla yanaşı digər dövlətlərdə də yaşayan firqəçilərimizin daha çox təşkilatlanmaları, həyata keçirilən tədbirlərdə iştirak etmələri, təşkilata maddi və mənəvi dəstəyini əsirgəməmələri onun seçdiyi yolun düzgün olduğunu göstərir. Təşkilatın Avropada və Amerikada keçirilən tədbirlərində sıralarımız daha da sıxlaşır. Biz bu sevinci xüsusilə 21 Azər hərakatının 46-cı ildönümünə həsr olunmuş konfranslarda yaşamışıq.

2021-ci ildə İranı başdan-ayağa tətillər bürüdü, etiraz aksiyaları biri-birini əvəz elədi. Bu onu göstərdi ki, mübarizə əzmimiz yatmayıb, daim ayıq-sayıqdır və bu ümid və arzularla qələbələrə çatacağık!

Yaşasın Azərbaycan Demokrat Firqəsi, milli azadlıq hərakatının bütün yol yoldaşlarına atəşin salamlar!

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Azerbaycan-ruznamesi.org saytının baş redaktoru

Şərhlər bağlıdır.