HƏSƏN DƏMİRÇİNİN YUBİLEYİ ANKARADA QEYD OLUNDU

YUBİLYARA ÜMUMXALQ MƏHƏBBƏTİ 

Görkəmli musiqiçi, bəstəkar, pedaqoq və şair Həsən Dəmirçinin yubileyi Ankarada dərin məhəbbət və rəğbət hiss ilə qeyd olunub.

AZƏRTAC-ın Türkiyədən verdiyi məlumata istinad edən azerbaycan-ruznamesi.org  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında təşkil olunan tədbirdə Azərbaycan və Türkiyənin tanınmış ictimai nümayəndələri, eləcə də Ankarada yaşayan və fəaliyyət göstərən təbrizlilər iştirak ediblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Ankarada fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı təmsilçisi Elçin Qafarlı, Ankara Universitetinin əməkdaşı Rıza Heyət, şair-yazıçı, ssenarist Azəryar Danişvərin çıxışları maraqla dinlənilib.

Matiqlər Həsən Dəmirçinin zəngin mənalı həyat və yaradıcılığından bəhs edərkən bildiriblər ki, ölməz sənətkar nadir yaradıcılıq üslubu ilə poeziya və musiqisevərlərin qəlbini oxşayıb. Onun dərin məzmunlu şeirləri, nota köçürdüyü nəfis əsərləri ilə Azərbaycan-türk mədəniyyətinin zənginləşməsinə və inkişafına böyük töhfələr verdiyi vurğulanıb. Onlar  əminliklə bildiriblər ki, zaman keçdikcə Həsən Dəmirçinin yaradıcılıq irsi daha dərindən araşdırılacaq və nəsillərin təbliğ payı olacaqdır.

Mərasimin bədii hissəsində Həsən Dəmirçini müəllifi olduğu “Durnam uçdu”, “Haraylı Təbriz”, “Hey, hey”, “Oğlum” mahnıları görkəmli tarzən Erol Çətin tərəfindən ifa edilib.

Atabəy Barış isə böyük şairin “Eşq olsun”, “İstək”, “Ey Ana Vətən” adlı şeirlərini səsləndirib.

Şərhlər bağlıdır.