TƏBRİZ

Qartal oynağısan, şahin yuvası,

Sən ay Səttarxanlar məkanı Təbriz!

Olubsan aslanlar,şirlər obası,

Götürüb şöhrətin cahanı Təbriz!

Gəldi elə gün ki axmır göz yaşın,

Azad nəfəs alır torpağın, daşın.

Mahnılar oxuyur bacın, qardaşın,

Gül əvəz eləyir tikanı Təbriz!

Baxıram hüsnünə dalıram xeyli,

Sanki aşiq olmuş Məcnuna Leyli.

Olma əziz diyar bir də gileyli,

Könlümün sevimli cananı Təbriz!

İntiqam şairin salma dilindən,

Ayrılma heç zaman dönməz elindən.

Bu söz qalsın sənə yadigar məndən,

Ol məzlum köməyi, hayanı Təbriz!

Könlümdə bar verir böyük arzular,

Çatsın xoş günlərə qoy tamarzılar.

Tarixlərdə qızıl xətlə yazılar:

Ey azad çəmənin tərlanı Təbriz!”

MƏDİNƏ GÜLGÜN

Təqdim etdi: Məsud Ələmdar Müzəffər

Şərhlər bağlıdır.