TARİXİMİZİN YADDAN ÇIXMAYACAQ SƏHİFƏLƏRİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN BAŞÇISI

S.C.PİŞƏVƏRİNİN BMT BAŞ ASSAMBLEYASINA MÜRACİƏTİ

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir.Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir.

İran zülmkarları Azərbaycanı öz hakimiyyəti altına alaraq, onun sərvətini amansızcasına taladılar.Nəticədə, Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı.

Şövinist dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi.

Buna baxmayaraq, Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı.Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatıdır.Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi.

Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı.

Tehran hökumətinin müqavimətinə baxmayaraq, bu ilin 21 azərində (12 dekabr)

Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ilə başa çatdı, Atlantik xartiyasına uyğun olaraq Milli Məclisin, Azərbaycan Milli Hökumətinin  qurulması ilə nəticələndi.

Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb.

5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünun altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir.

Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır.

Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb.Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.

Azərbaycan xalqının iradəsi ilə Atlantik xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.

BMT BAŞ Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.

Təbriz,

28 yanvar 1946 – cı il.

Şərhlər bağlıdır.