ŞAH TAC İLƏ GETDİ, ƏMMAMƏ İLƏ QAYITDI…

1979-cu il yanvarın 16-da İran xalqı şahın qaçmasına sevinərək küçələrə çıxdı. “Ettelaat” qəzetindəki “Şah getdi” başlığı 1979-cu ilin yaddaqalan başlıqlarından biri idi. 1978-1979-cu illər İran inqilabı təkcə Pəhləvi şahlarının avtoritar və istibdad hərəkətlərinin nəticəsi deyildi, həm də İran xalqının azadlıq uğrunda kütləvi mübarizəsinin nəticəsi idi.

Məhəmməd Rza şah Pəhləvinin hakimiyyətinin ilk illərində İranda vəziyyət onun hakimiyyətinin son illərindən çox fərqli idi. Belə ki, Müsəddiqin baş nazir olması, millətçi spektrin iş başına gəlməsi, eləcə də Məhəmməd Rza şahın hakimiyyətindəki boşluğu nəticəsində yaranan nisbi azadlıqlar, bu əsnada sol və liberal intellektual spektrin fəaliyyəti İranın qarşıdurmalar səhnəsinə çevrilməsinə səbəb oldu.

XX əsrin 30-cu illərinin siyasi kontekstində Məhəmməd Rza Pəhləvinin varlığını dəyərləndirən Qərb imperializmi onun mövqeyini İranın bir nömrəli gücü kimi bərqərar etməyə çalışırdı. Amma bu yolda o, zəhmətkeş kütləni, azadlıqsevər insanları, eləcə də doktor Məhəmməd Müsəddiq və doktor Hüseyn Fatemini maneə olaraq görürdü. Müsəddiq İranın neft sənayesini milliləşdirməklə Britaniyanın əlini zəngin neft mənbəyindən kəsmişdi. Buna görə də ABŞ və İngiltərə dövlət çevrilişi hazırlamaqla Müsəddiqi baş nazir postundan devirməyə və İranda monarxiyanın mütləq hakimiyyətini möhkəmləndirməyə çalışdılar.

Məhəmməd Rza şahın ilk qaçışı da elə bu zaman baş verdi.

1953-cü ilin avqust ayının 13-də Müsəddiqin baş nazir vəzifəsindən uzaqlaşdırılmasına dair fərmanı gizli şəkildə imzalayan şah avqustun 16-da İranın şimalındakı Kelardəşt şəhərinə qaçdı. Polkovnik Nəsiri də həmin gün, zirehli texnika və hərbi qüvvə ilə Müsəddiqin devrilməsi əmrini verdiyi tarixdə, Müsəddiqin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi. Bu xəbəri eşidən şah öz şəxsi təyyarəsi ilə öncə Bağdada, sonra isə Romaya uçdu.

Göründüyü kimi, 16 avqust çevrilişi uğursuzluğa düçar oldu. Lakin ABŞ və İngiltərənin qətiyyəti və əzmi 1953-cü il avqustun 28-də Müsəddiqin devrilməsi ilə nəticələndi. Ordu tərəfindən edilən çevriliş nəticəsində Müsəddiq hökuməti çökdü, İran neftinin milliləşdirilməsi hərəkatrında iştirak və Müsəddiqi müdafiə edən xalq, onun həm sol, həm də azadlıqsevər qüvvələri məğlub edilmiş oldu. Bir çox insanlar həbs olunduqdan sonra öldürüldü və ya edam dəstələrinə təhvil verildilər.

28 Avqust dövlət çevrilişi İranın azadlıqsevər xalqının qəlbində bir ümidsizlik və  bədbinlik hissi yaratsa da, onların bədəninə uzun ömürlü bir yara vursa da, bu yara və ümidsizlik İranda istibdad rejimini devirmək və xalqın hakimiyyətini bərqərar etmək üçün polad iradəyə çevrildi.

Mərkəzi Kəşfiyyat İdarəsi, Mi 6 tərəfindən təşkil edilən və Zahidinin komandanlığı altında həyata keçirilən 28 avqust dövlət çevrilişinin uğurundan cəmi üç gün sonra Məhəmmədrza şah hakimiyyəti tam ələ keçirmək və möhkəmləndirmək niyyəti ilə İrana qayıtdı. Bir neçə il sonra isə “Şahın və xalqın inqilabı” və ya “Ağ İnqilab” adı altında bir sıra islahatlar həyata keçirdi. Şah bu əsnada torpaq islahatlarını həyata keçirməklə İranda təhkimçilik sistemini aradan qaldırmağa çalışdı.

İranın daha çox sənayeləşməsi, cəmiyyətin strukturunun feodalizmdən kapitalizmə doğru dəyişməsi, artan neft qiymətləri və İran rialının möhkəmlənməsi İran iqtisadiyyatında əhəmiyyətli inkişafa səbəb oldu. İranda sənayenin belə bir xətt üzrə inkişaf etdiyi bir halda, şah səhv təhlil və proqnozlara söykənərək dördüncü inkişaf planına nisbətən beşinci inkişaf planına qoyulan investisiyaların həcmini altı dəfə artırdı və onun həyata keçirilməsində israr etdi.

Bu səhv planlaşdırma, neftin qiymətinin düşməsi və bunun nəticəsində rialın devalvasiyası, İran iqtisadiyyatının “Hollandiya xəstəliyinə” (ölkə iqtisadiyyatının effektivliyinin xammal ixracının artımı səbəbindən enməsi deməkdir) tutulması bir tərəfdən, urbanizasiyanın güclənməsi, xəstə İran iqtisadiyyatında işçilərin sayının artması digər tərəfdən cəmiyyətdə böyük sinfi uçurum yaratdı.

Sinfi şüuru formalaşmağa başlayan fəhlələr dərk etməyə başladılar ki, İran zəhmətkeşləri ilə birlikdə mütəşəkkil bir şəkildə ümumxalq mübarizəsi apara və inqilabın hərəkətverici qüvvəsi kimi rejimi və onun sistemini dəyişdirə bilərlər. Küçə nümayişləri və çıxışları onların mübarizəsinin yalnız bir hissəsini təşkil edirdi.

1978-ci il avqust ayının sonlarında Tehran neftayırma zavodunun işçiləri tətilə başladılar və bundan sonra İsfahan, Şiraz, Təbriz və Abadan neft emalı zavodlarının işçiləri də onlara qoşuldular. Bundan bir neçə gün sonra da Tehran sement zavodunun işçiləri maaşların qaldırılması, hərbi vəziyyətin ləğvi və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə tətilə başladılar. Tətil dalğası bütün ölkəni bürüdü və çox keçmədi ki, işçilər iqtisadi tələblərlə yanaşı siyasi tələblər də irəli sürdülər. Nəticədə nəinki bir çox neft emalı zavodları, hətta əksər neft yataqları da bağlandı.

1978-ci ilin sentyabr ayının sonlarına doğru tətillərin sayı və miqyası artdı. Oktyabrın ayının əvvəllərində siyasi və iqtisadi güzəştlər tələb edən işçilər təkcə neft emalı zavodlarını deyil, həm də neft yataqlarının əksəriyyətini, Bəndər Şapur neft-kimya kompleksini, Milli Bankı, Kerman mis mədənlərini və qırx başqa sənaye müəssisəsini bağladılar. 1978-ci ilin oktyabr ayının 21-də Rey neft bazasının işçiləri sırf rifah tələbləri ilə bir neçə saatlıq tətil elan etdilər və tələbləri yerinə yetirildikdən dərhal sonra işə qayıtdılar. Amma benzinin tankerlərə çatdırılmasındakı bu bir neçə saatlıq gecikmə Tehrandakı vəziyyəti tamamilə pozdu. “Associated Press” xəbər agentliyinin məlumatına görə, İranda neft kəşf edildikdən sonrakı tarixdə ilk dəfə olaraq 200 yanacaqdoldurma məntəqəsində benzin qıtlığı səbəbindən Tehranda təlatüm yaşandı. Oktyabrın sonunda baş verən silsilə tətillərdən sonra demək olar ki, bütün bazar mərkəzləri, universitetlər, orta məktəblər, neft obyektləri, banklar, dövlət nazirlikləri, poçt şöbələri, dəmir yolları, qəzetlər, gömrük və limanlar, dövlət xəstəxanaları, kağız və tütün fabrikləri, iri toxuculuq və digər fabriklər bağlandılar.

Ofislərdə, fabriklərdə və digər mərkəzlərdə tətillər ölkə iqtisadiyyatını çökdürdüyü bir zamanda tətillər, nümayişlər və yürüşlərin əhatə dairəsi böyük şəhərlərdən Sarı, Ərak, Qəzvin, Amol və Senendec kimi kiçik şəhərlərə də yayılmağa başladı.

1978-ci ilin avqust-sentyabrında baş verən inqilabi hadisələrə kimi İran dünya neft hasilatının 10 faizini təşkil etməklə Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısı idi. İran hökuməti 1978-ci ilin sentyabr ayında əvvəlki aya nisbətən neft istehsalını 6% artırmaqla gündəlik 6 milyon barreldən (boçkadan) çox xam neft hasil edirdi. Orta hesabla o, konsorsiumun üzvü olan ticarət şirkətlərinə gündə təxminən üç milyon barel neft satırdı. İlk dəfə 1978-ci il oktyabrın 13-də neft sənayesi sahəsində məşğulluq problemi ilə bağlı ictimai narazılıq şəklində başlayan hərəkat  tədricən İranın neft sənayesi işçilərinin tətili ilə yekunlaşdı. Payızın ikinci yarısında və adətən qışda neft istehlakının artması səbəbindən neft şirkətlərinin neft ehtiyatlarını artırdıqlarından bu mövsümdə baş verən tədrici azalma neft bazarına o qədər də təsir etmədi.

Tehranın cənubunda və eləcə də ölkənin neftlə zəngin cənub bölgələrində toqquşmalar davam etdiyi üçün qəzetlər və məktəblər bağlandı, bütün toplantılar qadağan edildi. Ordu neftçiləri işə qayıtmağa məcbur etdi, lakin neft hasilatı normal vəziyyətə qayıtmadı və əsas tətillər idarələrdə, fabriklərdə və başqa yerlərdə davam etdi. Tətil olmayan yerdə də işlər ləng gedirdi. Neft hasilatındakı bu azalma, sənayelərdə, nazirliklərdə, fabriklərdə və digər əmək mərkəzlərində baş verən digər tətillərlə birlikdə İran cəmiyyətində sabitliyi pozdu.

Neft sənayesində də neft ixracı dayandı, çünki əksər neft emalı zavodu işçiləri hərbçilərin rəhbərliyi altında hasilatı davam etdirmək əvəzinə işi dayandırmağı seçdilər.

1978-ci il sentyabrın 8-dən neft sənayesi işçiləri arasında arabir hərəkətlər müşahidə olunsa da, 1978-ci il sentyabrın 9-dan neft sənayesi işçilərinin əsas və səmərəli hərəkatı formalaşaraq, imperiya rejiminin hökmranlığının həyati damarını kəsdi.

Noyabrın 6-da iş başına gələn hərbi hökumət işləməyən hər kəsin müqavimət göstərəcəyi təqdirdə işdən çıxarılacağını və həbs ediləcəyini bildirdi. Tətil edən qərargah rəhbərlərindən 200 nəfərə yaxını həbs edildi.

Tədricən, digər dövlət və özəl qurumlar kimi neft sənayesi işçiləri də hərbi hökumətin təzyiqi ilə işə qayıtdılar və gündəlik neft hasilatı təxminən bir milyon barreldən 6 milyon barrelə yüksəldi. Beləliklə, bir ay nisbi sükutla keçdi. Dekabrın birinci ongünlüyündə hərbi hökumətin iflası elan edildikdən sonra neft sənayesi işçiləri yenidən mübarizəyə başladılar və dekabrın 14-də ümummilli tətillər oldu, neft hasilatını 1 milyon barrelə qədər azaldı, dekarın 26-da isə tətillərin genişlənməsi nəticəsində neft ixracı tamamilə dayandı.

Neft ixracının dayandırılması ilə neft satışından və böyük hərbi xərclərdən çox asılı olan Məhəmməd Rza Pəhləvinin hərbi nüfuzu da azaldı və Qərblilər tədricən Məhəmməd Rza Pəhləvinin səmərəsizliyinə və süqutuna inanmağa başladılar. Lakin Qərblilər onu da bilirdilər ki, fəhlələrin nüfuzu və onların rejimin süqutu uğrunda mübarizəsi danılmazdır. Bu məsələ də onlarda İrandakı gələcək idarəetmə sisteminin fəhlə hökuməti və azad bir quruluş olacağı qorxusunu aşılayırdı. Belə ki, İran inqilabı dünyanın digər zəhmətkeşləri üçün uğurlu bir nümunə ola və zəhmətkeşr kütlələr hər gün dünya kapitalist hökumətlərindən birinin süqutunu görə bilərdilər.

Belə bir hal Qərbliləri Məhəmməd Rza şah Pəhləvini devirməklə yanaşı, sosialist və kommunist ordusunun İranda hakimiyyətə gəlməsinin qarşısını almaq üçün plan hazırlamağa vadar etdi. Onlar çox yaxşı bilirdilər ki, insan azadlığının və bərabərliyinin ən qəddar düşməni din və bunun nəticəsində yaranan fundamentalist ideyalardır.

İranın ictimai quruluşu sürətlə feodalizmdən kapitalizmə doğru dəyişsə də, İranda ənənəvi və dini mədəniyyət hələ də hakim mədəniyyət idi. Beləliklə də onlar (ruhanilər) yenidən tarixin ən mötəbər insanlarından biri oldular.

Türkiyəyə, sonra isə Nəcəfə deportasiya edildikdən sonra İran cəmiyyətində unudulan Xomeyni ABŞ-ın koordinasiyası ilə İraqdakı BƏƏS rejimi tərəfindən ölkədən çıxarılaraq Parisin kənarındakı Nofel Loşatoya yerləşdirildi.

Qərb imperializmi bu gedişlə dünya mediasını Xomeyninin ixtiyarına verdi. Dünyanın bir sıra nəşrlərindən, BBC-nin “BBC farsian” kimi nüfuzlu radio və televiziya şirkətlərindən istifadə etməklə Xomeynini İran inqilabının səmavi xilaskarı kimi təqdim etməyə çalışdılar.

Xomeyni xalqın kommunist düşüncəsində köklənmiş haqlı tələblərindən ilhamlanaraq, onları din örtüyü ilə pərdələməyə, medianı manevr etməyə, xalqa yalan vədlər verməyə başladı və beləliklə də o, öz kapitalist tərəfdarlarının dəstəyindən istifadə etməklə ilə İran xalqının uzun illər davam edən haqlı mübarizəsini qəsb etməyə çalışdı.

1979-cu ilin yanvarında xalq nümayişləri və üsyanlar pik həddə çatdı.  1953-cü ildə İrandan qaçmaqda uğurlu təcrübə qazanmış şah, növbəti dəfə qələbə ilə qayıtmaq ümidi ilə İranı tərk etmək qərarına gəldi. O, hakimiyyəti və səlahiyyətlərini yeni baş nazir Şapur Bəxtiyara təhvil versə də, Bəxtiyar şahın İrana qayıtmaq arzusunu reallaşdıra bilmədi.

İran şahı 16 yanvar 1979-cu il tarixində taxt-tacı həmişəlik tərk etdi, amma Qərbdəki kapitalist hökmdarların və mürtəce Xomeyninin böyük hiyləsi nəticəsində İranda azadlıq hələ də bir hədəf olaraq qalır.

Xomeyni göstərdi ki, onun padşahla fərqi yalnız tacda və onun əmmaməsindədir. O və onun varisi də xalq və azadlıq əleyhinə yırtıcı diktatura olmuş və bu gün də vardır.

İran İnqilabının 43-cü ildönümü günlərində də azadlıq mübarizəsi davam etməkdədir. İnanırıq ki, İranın zəhmətkeş xalqı və fəhlə sinfi bu gün həmişəkindən daha şüurlu şəkildə və 1978-1979-cu illərin böyük hiyləsinin acı təcrübəsi ilə qələbə çalana, İranda xalq hökuməti qurulana qədər mübarizədən əl çəkməyəcəkdir.

Zana Səidzadə,16.01.2022

Tərcümə etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.