ƏRDƏBİLİN İMAM CÜMƏSİ AZƏRBAYCANI VƏ TÜRKİYƏNİ HƏDƏF GÖTÜRÜR

Ərdəbil şəhərinin imam cüməsi, Əli Xamneyinin əyalət üzrə nümayəndəsi Seyid Həsən Amili Azərbaycan Respublikasına qarşı sərsəm iddiaları davam etdirir. Özü də elmi əsası olmadan, əcaib ittihamlarla.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Amili “İranın tarixi və ədəbi şəxsiyyətlərinin başqa ölkələrin adına qeydiyyata düşdüyünü” iddia edir və bunun yolverilməz olduğunu deyir.

“Bu ölkənin sənət əsərlərinin başqalarının adına rəsmiləşdirilməsinə imkan verməməliyik.

Hökumətdən incəsənət və ədəbiyyat nümunələrinin oğurlanmasını, tanınmış simaların başqa ölkələrin adı ilə müsadirə edilməsini, ölkə irsinin bu şəkildə talan edilməsinə imkan verməməyi xahiş edirəm”. Bəs imam cümənin nəzərdə tutduğu böyük şəxsiyyətlər kimlərdir? O, dahi şair Nizami Gəncəvi və Mövlana Cəlaləddin Ruminin Azərbaycan və Türkiyə tərəfindən mənimsənildiyini bildirir.

Amilin nəzərində Türkiyənin “süls” xəttatlıq mədəni irsini öz adına qeydiyyatdan keçirməyə haqqı yoxdur.

İmam cümə bu irsin İrandan başqa İraqa aid olduğunu söyləyib.

Amili bu barədə Ərdəbil İncəsənət Mərkəzində İranın ilk milli xəttatlıq sənəti sərgisinin açılış mərasimində etdiyi çıxışda bildirib.

O qeyd edib ki, sərgi və festivalın keçirilməsində məqsədin “İranın əzəmətini və şiə kimliyini” göstərməkdir.

Məlumat verib ki, Təbriz Universitetinin təşəbbüsü ilə Nizami Gəncəvi konqresi planlaşdırılır. Bu tədbirin “İran mədəniyyətinin qorunub saxlanılması və təbliği” üçün əhəmiyyətli addım olduğunu deyib.

Konqresə təqdim olunan məqalələr dünyanın bütün aparıcı dillərinə tərcümə edilib.

Şərhlər bağlıdır.