İRANDA SİLSİLƏ QƏTİLLƏR-DÖVLƏT TERRORUNUN QANLI SƏHİFƏLƏRİ

“Azad İran” bu silsilə altında geniş araşdırma aparıb. Bu yazını ictimaiyyət üçün dərin maraq doğuracağını, konkret faktlara əsaslandığını nəzərə alaraq oxuculara video ilə birgə təqdim edirik.

Azerbaycan-ruznamesi.org

İranda silsilə qətllər – dövlət terrorunun qanlı səhifələri

Silsilə qətllər İranda 1988-98-ci illərdə İslam Respublikası quruluşunu və ya nizamını tənqid edən bir çox ziyalıların, siyasi və ictimai fəalların ölkə daxilində və xaricində öldürülməsinə verilən addır. Bütövlükdə bu silsilədə 80-dən çox tanınmış şəxs müxtəlif üsullarla aradan götürülüb. Bir çox mənbələrdə qətllərin ölkənin tanınmış din xadimləri və rəsmilərinin sifarişi ilə İranın Kəşfiyyat Nazirliyinin, yəni “Ettelaat”ın əməkdaşları tərəfindən icra edildiyi qeyd olunur.

Silsilə qətllərin ifşası prosesi İran Milləti Partiyasının rəhbəri Dariyuş Foruhər və onun həyat yoldaşı Pərvanə İsgəndərinin 22 noyabr 1988-ci ildə cəsədlərinin tapılması ilə başlanmışdı. Şahidlərin bildirdiyinə görə, Tehranda öz evlərində bıçaqlanaraq qətlə yetirilən bu iki şəxsin cəsədləri tanınmaz hala salınmışdı. Bundan az sonra itkin düşmüş iki iranlı yazıçı Məhəmməd Muxtari və Məhəmməd Cəfər Puyəndənin cəsədləri 3 və 9 dekabr tarixlərində şəhər kənarındakı yolların ətrafında tapılır. Bir müddət sonra isə İranın məşhur baş naziri Məhəmməd Müsəddiqin ölkəyə yeni qayıtmış nəvəsi Məsumə Müsəddiqin cəsədi öz yaşadığı evdə aşkar edilir.

Bu qətllər tezliklə İranın və dünyanın aparıcı media orqanlarında ən aktual xəbərlərdən birinə çevrildi. Müxalifətə və islahatçılara yaxın media orqanları ilk günlərdən bu qətllərdə “Ettelaat”ın əlinin olduğunu istisna etmirdilər, lakin mühafizəkar dairələr bu cinayət hadisələrinin xarici, xüsusilə də İsrail xüsusi xidmət orqanları, eləcə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon tərəfindən İranın nüfuzuna xələl gətirmək üçün törədildiyini iddia edirdilər. Rəsmi “Keyhan” qəzeti 1998-ci il 15 dekabr tarixli sayında ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyiyə istinadən “düşmənin bu qətllərlə birbaşa və ya dolayısı ilə əlaqəsi olduğu”nun təsbit ediləcəyi barədə xəbər vermişdi.

22 dekabr 1998-ci ildə “Sobh-e Emruz” qəzetində “Nəvvabın təmiz Məhəmməd islamının fədailəri” adlı qrupun bəyanatının yayımlanması və “Salam” qəzetinin İranın xüsusi xidmət orqanlarının bu qətllərdə əli olan əməkdaşlarının adlarının açıqlanması ilə bağlı tələbindən sonra “Ettelaat” məlumat yayaraq nazirliyin bir neçə “özbaşına”, “məsuliyyətsiz” və “xarici xüsusi xidmət orqanlarının alətinə çevrilmiş” əməkdaşlarının bu cinayətləri törətdiyini etiraf etmişdi. Bundan sonra o zamankı İran prezidenti Məhəmməd Xatəminin göstərişi ilə qətlləri araşdırmaq üçün xüsusi istintaq komitəsi yaradıldı. 5 yanvar 1999-cu ildə “Ettelaat” bəyanat yayaraq özünün bir qrup əməkdaşının bu cinayətlərdə əli olduğunu və həmin şəxslərin həbs edildiyini bildirdi. Bundan sonra Kəşfiyyat naziri Qurbanəli Dorri Nəcəfabadi istefa verməyə məcbur oldu. Onun istefasından sonra isə nazirliyin yüksək rütbəli işçiləri- nazirin müşaviri Səid İmami, nazirin müavini Mustafa Kazımi, xüsusi təyinatlı dəstənin rəisi Əkbər Xoşkuş da daxil olmaqla bir neçə əməkdaşı həbs olundu.

Müttəhimlərin cinayət işi üzrə məhkəmə prosesləri 2000-ci ilin 23 dekabr – 2001-ci ilin 20 yanvar tarixləri arasında “ictimai nizamın pozulması baxımından xüsusi risk daşıdığı üçün” bağlı qapılar arxasında, qurbanların ailələri və vəkillərinin iştirakı olmadan Tehran 1 saylı Hərbi Məhkəməsinin 5-ci şöbəsinin sədri Məhəmmədrza Əqiqinin hakimliyi ilə baş tutdu. Hakimin 20 yanvar tarixində verdiyi hökmə əsasən, cinayət işi üzrə həbs edilənlərdən Tehranın “Behişti-Zəhra” qəbiristanlığının mühafizə xidmətinin rəisi Əli Rövşəni yazıçılar Məhəmməd Muxtari və Məhəmməd Cəfər Puyəndənin qətlində, “Ettelaat”ın Əməliyyat İdarəsinin əməkdaşı Mahmud Cəfərzadə Dariyuş Foruhərin qətlində əlləri olduğuna görə qisas cəzasına məhkum edildilər. Həmçinin “Ettelaat”ın Əməliyyat İdarəsinin digər əməkdaşı Əli Mohseni Pərvanə İsgəndərinin qətlinin icrasında iştirak etdiyinə görə qisas cəzasına məhkum edildi. “Ettelaat”ın digər əməkdaşları Həmid Rəsuli və Məhəmməd Əzizi Foruhərin və xanımının qətlinə əmr verməkdə ittiham olunaraq hər biri ömürlük azadlıqdan məhrum edildilər. Qətllərdə əli olan digər nazirlik əməkdaşları isə müxtəlif müddətlərə həbs cəzalarına məhkum edildilər. Lakin 2003-cü ilin yanvar ayında İran Ali Məhkəməsi hərbi məhkəmənin barəsində hökmlər çıxardığı 18 nəfər arasından yalnız 11 nəfərin cəzasını təsdiqlədi. Qisasa məhkum edilənlərin cəzası da qurbanların ailələrinin “güzəşt etməsinə görə” 10 ilə qədər azaldıldı.

Məhkəmə prosesi keçirilən zaman İranın hərbi prokuroru Məhəmməd Niyazi müttəhimlərdən Mustafa Kazımi, Mehrdad Alixani, Xosrov Bərati və Səid İmamini “əsas cinayətkarlar” adlandırmışdı. Xosrov Bəratidən başqa həbs edilən bütün şəxslər rəsmi olaraq “Ettelaat”ın əməkdaşları idilər. Cinayət işində adı ən çox hallanan Səid İmaminin məhkəmənin keçirilməsindən öncə müəmmalı şəkildə “intihar edərək” ölməsi cinayətin əsas sifarişçiləri olan yüksək dövlət rəsmilərinin və din xadimlərinin adlarının gizlədilməsi istiqamətində rejim tərəfindən atılmış addım hesab edilir.

Qətllərin əsl sifarişçilərinin üzə çıxarılmayaraq yalnız icraçı olan “Ettelaat” əməkdaşlarının məhkum edilməsi ilə sonuclanan bu cinayət işi üzrə həbs edilənlərin verilmiş cəzaların az bir qismini çəkdikdən sonra dövlət tərəfindən həbsxanadan azad edildikləri barədə məlumatlar var. Onların bir çoxunun İranda ticarətlə məşğul olduğu, digər hissəsinin isə xarici ölkələrə getdikləri barədə xəbərlər yayılıb.

Silsilə qətllərdə adları cinayətlərin əsl sifarişçiləri kimi hallanan yüksək vəzifəli dövlət rəsmiləri heç vaxt məsuliyyətə cəlb edilmədilər. Onların bir çoxu hazırda da İran hakimiyyətində yüksək postlar tutmaqdadır. Bu şəxslərdən biri 1997-1999-cu illər arasında İranın Kəşfiyyat Naziri olan Qurbanəli Dorri Nəcəfabadidir. Həbs edilən “əsas cinayətkarlar” məhkəmədə dəfələrlə Nəcəfabadinin şəxsən qətllərə əmr verdiyini bildirsələr də, onun haqqında ciddi araşdırmalar aparılmadı. Ayətullah Qurbanəli Dorri Nəcəfabadi hazırda İranın ali rəhbərinin Mərkəzi əyalətindəki rəsmi nümayəndəsi və Ərak şəhərinin imam-cüməsi, eləcə də Ekspertlər Məclisinin, yəni Məcles-e Xobreqanın və Məsləhət Şurasının üzvüdür.

Qulamhüseyn Mohseni Ejei silsilə qətllərdə adı keçən digər bir rəsmi şəxsdir. Siyasi fəal və jurnalist Piruz Dəvaninin qətli onun təhriki və Qurbanəli Dorri Nəcəfabadinin əmri əsasında “Ettelaat” tərəfindən həyata keçirilib. Həbs edilən “Ettelaat” əməkdaşları Dəvanini öldürüb cəsədini yandıraraq dəmir yollarından birinin kənarında basdırdıqlarını etiraf etmişdilər. Qulamhüseyn Mohseni Ejei silsilə qətllərdən bir müddət sonra – Mahmud Əhmədinejadın prezidentliyi dövründə İranın Kəşfiyyat naziri, daha sonra isə ölkənin baş prokuroru təyin edildi. O, hazırda İran Məhkəmə-ədliyyə sisteminin rəhbəridir.

Digər vəzifəli şəxs silsilə qətllər baş verən zaman Kəşfiyyat nazirinin müavini vəzifəsini tutmuş Mustafa Purməhəmmədidir. Onun adı cinayət işində qeyd edilməsə də, müxtəlif media orqanları Purməhəmmədinin bu cinayətlərin əmrini verən əsas şəxslərdən biri olduğu barədə məlumat yaymışlar. O, silsilə qətllərdən sonra 2005-2008-ci illər arasında İranın Daxili İşlər naziri, 2013-2017- ci illərdə isə Ədliyyə naziri postlarını tutub.

İran məhkəmə orqanları yuxarıda qeyd edilən şəxsləri həbsə məhkum etməklə kifayətlənsələr də, qurbanların yaxınları hələ də cinayət işinə ədalətli baxılmadığını və qətllərin əsas sifarişçiləri olan yüksək dövlət məmurlarının istintaqa cəlb edilməyərək məsələnin ört-basdır edildiyini deyirlər. Üstəlik, cinayət işi üzrə həbs edilən şəxslər məhkəmənin verdiyi cəzaların az bir qismini çəkdikdən sonra azad ediliblər və hazırda onların hamısı azadlıqdadır.

Şərhlər bağlıdır.