TƏBRİZİN GƏZMƏLİ-GÖRMƏLİ YERLƏRİ

KÖHNƏ QƏHVƏXANALAR, TARİXİN VƏ MƏDƏNİYYƏTİN BİR ƏSRLİK YADİGARLARI

Etekyazı.com “Təbrizin İsrafil qəhvəxanası və qəhvəxanalar: Tarixin və mədəniyyətin bir əsrlik şahidi” sərlövhəli yazını oxucularına təqdim edib. Həmin məqalənin ictimai maraq kəsb etdiyini nəzərə alaraq azerbaycan-ruznamesi.org-da yayımlayırıq.

Müxtəlif tədqiqatçıların yazdıqlarına  görə, hər bir mədəniyyət cəmiyyətdəki vərdişlərin bir nümunəsidir. Bir mədəniyyəti anlaya bilmək üçün o cəmiyyətin vərdişlərinin nələr olduğunu ortaya qoymaq vacibdir. Türk mədəniyyətində də keçmişdən bu yana ön plana çıxan yayğın vərdişlərdən biri qəhvəxana və qəhvəxanaya getmə vərdişidir. Bu baxımdan bir sosial məkan olaraq qəhvəxanalar istər Azərbaycanda istərsə də Anadoluda türk mədəniyyətinin ayrılmaz bir parçası halına gəlib və müəyyən bir davamlılığa malik olduğu üçün hələ də cəmiyyətin ənənəvi qurumları arasında yer alır.

Təbriz şəhərində Azərbaycanın müxtəlif şəhərlərində olduğu kimi bir çox qəhvəxana vardır. Bu yazıda qəhvə və qəhvəxana mədəniyyətinə qısaca toxunub bu məkanlardan biri olan və Təbrizdə yerləşən Dəvəçi qəhvəxanası və ya başqa adı ilə İsrafil qəhvəxanası haqqında bilgi paylaşacam.

Məkkədən Təbrizədək qəhvəxana mədəniyyəti

Qəhvə, etimoloji olaraq bir ərəb sözüdür. Bu söz orta əsr ərəb dili sözlüklərində və özəlliklə də şeirlərdə şərab anlamında istifadə olunub. Ana vətəni cənubi Efiopiya olduğu üçün adını da qəhvə yetişdirən bölgənin keçmiş adı olan “Kafa”-dan alıb.

Qəhvə və qəhvəxana mədəniyyətinin İrana yol tapmasının Osmanlı vasitəsilə baş verdiyi düşünülür. Səfəvilərin hakimiyyətə gəlməsi ilə yerli dağınıqlıq ortadan qaldırıldı və bunun nəticəsində sosial və siyasi bir sabitlik yaranmış oldu. Anadoludakı Osmanlı imperatorluğu ilə Səfəvilərin müharibələri və bunun nəticəsində yaranan məzhəbi və siyasi qarşıdurmalar daha sonra iki tərəf arasında dostluq münasibətinə çevrildi. Bu münasibətlərin nəticəsində Osmanlıda  yayğın olan bir çox mədəniyyət və ənənə İranda da tanınmağa və yaşamağa başladı. Beləliklə, əvvəlcə ərəb torpaqlarından Osmanlıya yol tapan qəhvəxana mədəniyyəti böyük ehtimalla Şah Təhmasib dövründən etibarən indiki İran coğrafiyasının da daxil olduğu Səfəvi İmperatorluğuna girən mədəniyyət nümunələrindən biri oldu.

Tarixən ilk qəhvəxanaların harda  yerləşdiyini araşdıran tədqiqatçı və alimlər ilk qəhvəxanaların 1511-ci ildə Məkkədə, daha sonra Qahirədə ortaya çıxdığını söyləyirlər. İstanbulda isə ilk qəhvəxanaların 1553-cü ildə açıldığı və xalqın sürətli bir şəkildə bu mədəni mühitə alışdığı yazılır.

Dəvəçi və ya İsrafil qəhvəxanası

Qəhvəxanalar çayların yaxınında, körpülərdə, aşırımlarda, özəlliklə də bulaqların yaxınlığında, qalalarda və yolüstündə olan karvansaralarda tikilirmiş. Səfəvi dövründə böyük və inkişaf etmiş şəhərlərin əksərində qəhvəxanalar, bazarlarda, meydanlarda və yolların üstündə qurularmış. Eyni ənənənin davamında Dəvəçi qəhvəxanası olaraq da bilinən İsrafil qəhvəxanası Təbrizin adlım məhəllələrindən biri olan Dəvəçi məhəlləsində açılıb.

Buranı uzun illər İsrafil Xoşvətən adlı bir nəfər idarə etdiyi üçün bu qəhvəxana İsrafil qəhvəxanası olaraq tanınır. Ömrü yüz ilə yaxın olan bu qəhvəxananın tarixi və ictimai əhəmiyyəti Dəvəçi məhəlləsinin tarixi və ictimai əhəmiyyəti ilə iç-içədir. Tarixi baxımdan da Dəvəçi məhəlləsi Məşrutə müxalifləri ilə Məhəmməd Əli Şah tərəfdarlarınn icma yeri ( toplaşma) olduğu üçün də əhəmiyyətlidir.

Müasir Təbrizin bağrında köhnə Təbriz

Məhəllədə dəvəçilərin gəlib getdiklərinə görə burada çox sayda karvansaranın olması ilə yanaşı, ətrafında Saman meydanı, Sabiləmr meydanı və Kişmişçilər sarayı var. Dəvəçilərin Təbrizə gətirdiyi yüklər bu məhəlləyə gətirilirmiş. Məhz buna görə də məhəllənin adı “Dəvəçi” adlandırılıb. Üstü örtülü Dəvəçi bazarçası Dəvəçi məhəlləsi ilə böyük bazarı əlaqələndirir. Dəvəçi bazarçası şərq və cənub şərqdən Həsən Padşah meydanına, şimaldan Saman meydanına, cənubdan Meydan çayına, cənub qərbdən Xüləfazadə küçəsinə çıxır. Qərbdən və cənub qərbdən isə Moləvi küçəsi və Kəndxuda  birləşir. Bazarçanın Saman meydanı tərəfindən iki girişi var.

Dəvəçi bazarçası bu girişlərdən birinin başındadır. Bazarça həm də Təbrizin canlı tarixi sayılır. Bu bazarçada Həsən Padşah məscidi, Nəsriyyə mədrəsəsi, Sahib Abad bağı və Müasir qəhvəxanası kimi bir çox tarixi yer keçmişdən bu günə gəlib çıxsa da təssüf ki, Həsən Padşah məscidi demək olaraq ki xarabaya çevrilib. Nəsriyyə mədrəsəsinin yerinə isə yeni binalar tikilməyə başlayıb. Dəvəçi qəhvəxanası (İsrafil qəhvəxanası) da bu bazarçada yerləşir və köhnə görünüşü ilə keçmiş Təbriz şəhərini xatırladır.

İsrafil qəhvəxanasının xüsusiyyətləri

Qəhvəxanaların tarix boyunca müxtəlif funksiyanları olub. Məsələn Səfəvilər dövründə qəhvəxanaların qurulmasından sonra nağılçılar və hekayəçilər qəhvəxanalara üz tutdular. Şah İsmayılın öz, məqsədi ilk növbədə on iki imam şiə məzhəbini yaymaq olsa da, nağılçıların təbliğatçısı və təşviqatçısı idi. Əslində, toplanış məkanı olan qəhvəxanalar bu dövrdən etibarən hakim təbəqədən tutmuş aşağı təbəqəyə qədər cəmiyyətin bütün təbəqələrini özünə cəlb edərək sənətkarların və sənətin cəmiyyətlə görüş yeri və özünü ifadə məkanı olmuşdur.

İsrafil qəhvəxanası bu ənənəni də günümüzə uyğun bir şəkildə davam etdirir. Bura axşamlar rəssamların və sənətçilərin toplanma məkanıdır. Məkanın sənətkara və sənət əsərlərinə əhəmiyyət verməsi ilk baxışda divarlardakı rəsmlərdən bəlli olur. İçəri girəndə ilk diqqəti çəkən qəhvəxananın divarlarındakı, qrafitti rəsmlərdir. Bu rəsimlər Saman və Sasan Üskuyi adlı iki qardaşa aiddir. Saman və Sasan Amerikaya köçdükdən sonra özlərinə Aysı and Sat (ICY & SOT) sənət adını seçərək Nyu-Yorkda və başqa şəhərlərdə küçə sənəti (street art) ilə məşğul olmağa başlayıblar. Qısa zamanda tanınan qardaşların  və qısa zamanda adlım küçə sənətçiləri listəsinə girə biliblər. Onların daha çox tanınan işi isə  “Let Her be Free” (“qoy o azad olsun” ) əsəri olub.

İsrafıl qəhvəxanasının xüsusiyyətlərindən biri də qapısının qadılara da açıq olmasıdır. Digər qəhvəxanalardan fərqli olaraq İsrafil qəhvəxanasına qadınların girişi qadağan deyil. Bu isə qadınlara da qəhvəxana mühitini tanımağa fürsət yaradır.

Təbrizə gələn turistlər və qonaqlar üçün bu qəhvəxana çox maraqlıdır. Burada onların önünə çay və qəlyandan başqa bir şey qoyulmur. Onlar bu gözəl məkana gedib bir çay içib qədim Təbrizlə yeni Təbrizin iç-içə yaşandığı məkanın kefini çıxara bilirlər.

 

Şərhlər bağlıdır.