“AZƏRBAYCAN” QƏZETİ SƏHİFƏLƏRİNDƏ

XAQANİ ŞİRVANİ – EDUARD BRAUN DAVASI

Sərlövhəmiz oxucularımızı çaşdırmamalıdır. Azərbaycan şairi Xaqani Şirvani ilə İngilis alimi Eduard Braun arasında nə bir dava, nə də bir ixtilaflı məsələ yoxdur. Çünki bu iki alim bir-biri ilə görüşməmiş və aralarında bir mübahisə də yaranmamışdır. Bununla belə, onların adı ilə əlaqədar olan bir hadisə baş vermişdir ki, bunun da səbəbi Tehran siyasətçilərinin son canfəşanlığıdır.

Məsələ belədir: Tehranda Azərbaycan şairi Xaqani Şirvani adına bir xiyaban var idi. Tehran siyasətçiləri son vaxtlar hay-küy salıb deyirlər ki, azərbaycanlılar İranın ən əziz, qeyrətli, fədakar, iransevər, vətənpərvər, mehriban və filan-filan oğlanlarındandırlar. Əlbəttə, bu sözlərin yalan, fırıldaq, demaqoqluq və adam aldatmaq üçün deyilmədiyini sübut etmək lazım idi. Odur ki, Tehranda hökumət başında oturan cənablar bir toplantı təşkil edib,  “oturdular, danışdılar, qalxdılar və belə qərara gəldilər” ki, paytaxtda Azərbaycan şairi adına xiyaban ola bilməz. Bəs nə edilməlidir? Lap yaxşısı budur ki, azərbaycanlılara əvvəla, Tehran məhəbbətini isbat etmək üçün sözügedən xiyabanı Xaqanidən alıb, İngilis alimi Eduard Brauna verək. Çünki hər necə olsa, ingilis tehranlılar üçün azərbaycanlılardan daha yaxşıdır. Belə fikirləşdilər, belə də qərara gəldilər.

Tehranda Xaqani xiyabanı bundan sonra Eduard Braun xiyabanı olacağı haqqında rəsmi məlumat Tehran və Dehli radiosu tərəfindən elan edildi. Tehranlı cənablar, “sizin elminiz məlum oldu”. Biz bunu elə əvvəldən bilirik ki, siz həmişə, imkan olduqca, Azərbaycanın var-yoxunu alıb, yadlara verməyə hazırsınız. “Atan cənnəti-rizvanı (behişti) iki buğda dənəsinə satdı. Sənin də belə şansın yoxdursa, narahat olma”.

Rza xan Urmiyanı “Rzaiyyə”, Acı çayı “Təlxrud”, Qız körpüsünü “Pol-e doxtər” edirdi. Siz də Xaqanimizi Eduard Braun etdiniz.

Biz bunların hamısını görüb və səbəbini də anlayırıq.

Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, N-75, 10 dekabr 1945-ci il

Azəri

Təqdim etdi: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.