AZƏRBAYCANDA 35 TARİXİ ƏŞYA TAPILDI

Azərbaycanın qədim dövlətçilik və tarixi ənənələri olan hər bir guşəsi zəngin tapıntılarla doludur. Bu günlərdə Güneyin Xiyav (Meşginşəhr) şəhərində ikinci dəmir dövrünə aid olan 35 ədəd tarixi əşya tapılıb.

Bu barədə Ərdəbil vilayətinin Mədəni İrs İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsinin rəsmisi Fars xəbər agentliyinə məlumat verib.

Bildirilir ki, Xiyav şəhərinin Xəlifəli kəndində ikinci dəmir dövrünə aid olan 35 ədəd tarixi əşya aşkar edilib.

Həmin əşyalar polis tərəfindən qaçaqmalçılardan götürülüb. Tutulanlardan bir nəfəri məhkəməyə verilib.

Aşkar edilən əşyalar arasında stəkan, küp və kasa kimi saxsı məmulatlar, tunc və dəmirdən hazırlanmış xəncər, süngü və bıçaq da daxil olmaqla, hərbi silahlar və həmçinin qolbaq, kəmər, üzük kimi zinət əşyaları var.

Azərbaycanda tarixi əşyaların qanunsuz şəkildə çıxarılaraq qara bazarda satılması nadir hal deyil. Bəzən vətəndaşların bu kimi olayları gördüyü zaman polisə xəbər verib əşyaların qara bazarda satılmasının qarşısı alınır.

Mədəni fəalları Azərbaycanda Mədəni İrs İdarəsinin tarixi abidələri və obyektləri mühafizə etməkdə vəzifəsini düzgün yerinə yetirmədiyi üçün tənqid edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.