Qazaxıstanda baş verənlər beynəlxalq hüquq və dünya nizamının hansı səviyyədə olduğunu bir daha sübut etmiş oldu. Yer kürəsinin milyardlarla əhalisi BMT tərəfindən ölkələrin suverenliyi və müstəqilliyinin tanınması prinsipinin bu və ya digər hadisələrdə yetərli olmadığını gördü.
Qazaxıstan rəhbərliyi son dövrlərdə öz xarici siyasət davranışında atdığı qəti addımlarla seçilirdi. Milli-etnik kimliyin quruculuğu, əlifba və dil kimi hər dövlətin müstəqilliyinin əsas elementləri istiqamətlərində ciddi addımlar da atmışdı. Əlbəttə ki, Qazaxıstanın Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiyada vacib lider dövlətinə çevrilməsi, son illərdə daha da inkişaf edən Türkiyə-Qazaxıstan əməkdaşlığı və bunun fonunda ötən il iki ölkənin hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanması Avrasiyanın mərkəzində vacib coğrafiya uğrunda geosiyasi marağı olan digər qütbləri narahat etməyə bilməzdi. Son zamanlar Orta Asiyanın bütün dövlətləri tərəfindən milli-etnik köklər və identifikasiya, özünüdərk və türk xalqları arasında tarixi bağlılıq, inteqrasiya və dövlətçilik mövzularında vacib irəliləyişlər əldə edilmişdi. Bunun da nəticəsi idi ki, region dövlətləri arasında, dünənə qədər bir-biri ilə su, sərhədyanı ərazilərdə süni yaradılan etnik qarşıdurmalar, regional siyasi liderlik uğrunda ziddiyyət və münaqişələrin sayı kifayət qədər azalmış, əvəzində Nursultan, Daşkənd, Aşqabad, Bişkek ayrı-ayrılıqda dövlətçiliklərinin inkişafının asan olmayacağını anlayaraq, həmrəy şəkildə milli dövlətçiliyin inkişafı fəlsəfəsi üzərində çalışmağa başlamışdı. 2021-ci ilin sentyabr ayında Mərkəzi Asiyanın əhalisinin sayına və ərazisinə görə ən böyük, iqtisadi inkişaflarına görə ən güclü dövlətləri olan Qazaxıstan və Özbəkistan arasında sərhədlə bağlı bütün mübahisəli məsələlərə son qoyulması, dekabr ayında isə ikitərəfli əlaqələri müttəfiqlik səviyyəsində xarakterizə edən Bəyannaməyə imza atılması sözsüz ki, bir çox dairələr tərəfindən diqqətlə izlənilirdi. Son 1 ay ərzində Qazaxıstan və Özbəkistan arasında müttəfiqlik sazişinin imzalanmasını böyük siyasi ittifaqın başlanğıcı adlandıranlar da var idi. Qazaxıstan və Özbəkistanın 30 ildən sonra ilk dəfə olaraq öz münasibətlərini tərəfdaşlıq deyil, hərbi-siyasi müttəfiqlik adlandırması, Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin qarşılaşdığı çağırışlarla bağlı qəbul edilən qərarlar dünyadakı bir çox dairələri narahat etməyə bilməzdi.
Təsadüfi deyildi ki, dekabrın sonlarından başlayaraq ABŞ, Rusiya və Çin mətbuatı Mərkəzi Asiyadakı hadisələri diqqətlə izləyir və öz KİV-ində xarici siyasət və milli özünüdərklə bağlı region dövlətlərinin atdığı addımlara böyük diqqət verirdi. Əslində, burada təəccüblənəcək məsələ yoxdur. Çünki dünyada əhalisinin sayının çoxluğuna və yerləşdiyi mühüm geosiyasi coğrafiyası baxımından türk dünyasına daim qısqanclıqla yanaşılıb. Yadımıza salaq ki, vaxtilə məhz böyük türk dövlətlərinin və imperiyalarının genişlənməsinin qarşısının alınması üçün müəyyən dövlətlər qurulmuşdu. Tək bu məqam özlərini bu gün “İkinci” və “Üçüncü” Roma sayan dairələrin, dünya idarəçiliyində əhəmiyyətli yerdə olan qrupların bu coğrafiyada baş verənləri axarına buraxmayacağına dəlalət edirdi.
Digər tərəfdən, məlum məsələdir ki, yer kürəsinin vacib nöqtələri sayılan Mərkəzi Avrasiya xətti ABŞ, Rusiya, Çin, Aİ tərəfindən geosiyasi mübarizənin əsl poliqonuna çevrilib. Adı çəkilənlər bir-birinə qarşı mübarizədə ətrafdakı dövlətlərin milli maraqlarını yox, öz maraqlarını nəzərə alaraq qlobal və regional hegemonluq kimi mübarizələrdə qalib çıxmaq üçün əllərindən gələni edir. I Dünya müharibəsindən sonra ABŞ və Rusiya arasında əldə edilən şifahi anlaşmalar bəzi coğrafiyalarda pozulsa da, Qərbi Avropanın Vaşinqton üçün, MDB məkanının isə Moskva üçün prinsipial əhəmiyyətli olmaları hər kəsə məlumdur. Belə çıxır ki, bu bölgələr uğrunda geosiyasi mübarizə çərçivəsində Rusiya heç bir halda Mərkəzi Asiyanın və Qafqazın kimlərəsə güzəştə gedilməməsi üçün sona qədər israrlı olacaq.
Qazaxıstanın əldə etdiyi kifayət qədər ciddi uğurlar fonunda xarici müdaxilə nəticəsində bu ölkədə baş verənlər, ardınca isə KTMT ordusunun ölkəyə yeridilməsi bölgədəki suverenlik, dövlətçilik və təhlükəsizlik mövzularını bir daha aktual edir. Əvvəla onu qeyd etmək lazımdır ki, nə NATO, nə də KTMT üzv dövlətlərin daxilindəki vətəndaş qarşıdurması, mitinqlər, daxili münaqişələrin yatırılması kimi funksiyanın daşıyıcısı deyil.
Xüsusən, Qazaxıstan hüquq-mühafizə orqanları iğtişaşlarını qızğın mərhələsini arxada qoyub, vəziyyəti nizama salmağa, situasiyanı nəzarətə götürməyə başladığı bir vaxtda
KTMT-nin (oxu Rusiyanın) tələm-tələsik Qazaxıstana ordu göndərməsinin altında hansı məqsədlərin yatdığı kimə aydın deyil ki?
Hazırda ordusunu Qazaxıstanın ərazisinə yeridən KTMT-nin addımı əslində gələcəkdə digər üzv dövlətlərdəki bu növ hadisələr üçün bir presendent rolunu oynayacaq. Tarixin ironiyasıdır ki, 1 mart 2008-ci il hadisələrinə görə Robert Koçaryanı günahlandıran, maydan vasitəsilə hakimiyyətə gələn, KTMT-nin erməni baş katibini həbs etdirən, ötən ilin 44 günü ərzində ordusu darmadağın olan Nikol Paşinyan Qazaxıstanda iğtişaşları yarıtmaq üçün 100 əsgər göndərir. Sirr deyil ki, ermənilər üçün Qazaxıstan mövzusu hər zaman vacib istiqamətlərdən biri olub. Onlar Qazaxıstanın Qarabağla bağlı Azərbaycana verdiyi dəstəyi unutmayıblar. Təsadüfi deyil ki, hazırda Qazaxıstana ordu yeridilməsinə, qazax xalqının ciddi çağırışlarla üz-üzə qalmasına sevinənlər içərisində ermənilər üstünlük təşkil edirlər. Misal üçün, Marqarita Simonyanın Qazaxıstan qarşısında kiril əlifbasına qayıdış, rus məktəblərinə sərbəstliyin verilməsi və sair kimi tələbləri ən azı həyasızlığın son həddidir. Əgər doğrudan da Marqarita Simonyan rus təəssübkeşidirsə, bu tələbləri Koçaryan, Sarkisyan və Paşinyan qarşısında çoxdan qoymalı idi. Erməni əlifbasının kirilə keçməsi, rusdilli məktəblərin açılması kimi tələblər özünü Moskvanın müttəfiqi sayan Ermənistan üçün həyata keçirilməli olan ilk addımlar olmalıdır.
Şübhəsizdir ki, Simonyan və bu düşüncədə olan digərlərini – Baqdasarov, Solovyov, Zatulin, Milonov, Jirinovski və başqalarını Rusiya və rus xalqının çıxarları maraqlandırmır, onlar üçüm merkantil və milli maraqlar üstünlük təşkil edir.
Aydın məsələdir ki, Qazaxıstan ətrafında baş verən hadisələrdə vəziyyətdən istifadəçiliyin açıq-aşkar şahidi olmaqdayıq. Bu hadisələr bir daha onu göstərir ki, siyasi hakimiyyətlər üçün ən vacib dəyər dövlətin sözün həqiqi mənasında suveren olmasıdır. Bunun üçün isə cəmiyyət qruplara bölünməməli, vahid xalq formalaşmalı, milli özünüdərk ən yüksək səviyyədə olmalıdır.
Eyni zamanda, bu hadisələr bir daha onu sübut edir ki, narazı vətəndaşlar küçələrə çıxarkən kifayət qədər diqqətli və ayıq olmalı, öz etirazlarını qanuni və sivil şəkildə bildirməlidirlər. Bu fonda Azərbaycanda və xaricdə adlarını müxalifətçi qoyan bir sıra qrupların Qazaxıstan hadisələri zamanı etdiyi çıxışlar və səsləndirdiyi fikirlər təəssüf doğurmaqdadır. Qazaxıstandakı hadisələrə sevinərək ölkəmizdə vəziyyətin dəyişməsini istəyən qaragüruh kütlə son hadisələr fonunda çıxışları ilə xarici donorlara xidmət göstərdiklərini bir daha sübut etdilər. Lakin öz maraqlarının reallaşması üçün Azərbaycanın başına bütün bəlaların gəlməsinə razı olan bu dairələr xalqımızı və dövlətimizi başqaları ilə qarışdırmasınlar. Qazaxıstandakı hadisələrdən ümid alan bu kəslər başa düşməlidirlər ki, MDB-dəki bir çox dövlətdən fərqli olaraq, Azərbaycan sözün həqiqi mənasında müstəqil və suveren dövlətdir. Ayrı-ayrı dövlətlərin asanlıqla işğalı, parçalanması həm də dövlət quruculuğundakı böyük nöqsanlar, ölkədə yaşayan ayrı-ayrı etnik qruplar arasında vahid milli birliyin olmaması, regionlar arasında sosial vəziyyət, idarəçilik istiqamətində uzlaşdırmanın yoxluğu, vətəndaşların Qərb-Rusiya seçimi qarşısında qalması şəraitində baş verir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqımız bu gün Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir. Hər bir ölkənin sözün həqiqi mənasında suveren və müstəqil, dayanaqlı olması üçün ən vacib sayılan dövlət institutlarının funksionallığı, xalq-hakimiyyət birliyi bu gün Azərbaycanda ən yüksək səviyyədədir.
Qazaxıstandakı hadisələr bir daha onu göstərdi ki, bir çox halda etiraz bəhanəsi ilə küçələrə çıxan qruplar müxtəlif dairələr tərəfindən idarə olunur, onların əsl məqsədi dövlət daxilində xaos yaratmaq, dövlətin güclənməsinə qarşı çıxmaq, xarici dairələrin maraqlarını yerinə yetirməkdir.
Qardaş Qazaxıstanda baş verənlərdən çıxarılmalı olan əsas nəticə isə odur ki, ölkənin müstəqilliyi, suverenliyi hər bir vətəndaşdan asılıdır. Nəyəsə etiraz etmək, nədənsə narazı olmaq hansısa kənar qüvvələrin və dövlətlərin əlində alət olmağa əsas vermir. Qazaxıstanda etirazlar sosial tələblərlə başlasa da, proseslər elə bir istiqamət alıb ki, nəticə ölkənin müstəqilliyini və suverenliyini qismən, ya da tam itirməsi ola bilər.
Qazaxıstandakı hadisələr həm də onu göstərir ki, bölgə uğrunda geosiyasi mübarizə yaxın zamanlarda ən pik həddə çatacaq.
Nəzərdən qaçmamalıdır ki, həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz, eləcə də bütün yaxın coğrafiya böyük və irticaçı dövlətlərin gözünə yağlı tikə kimi görünür və onlar yarana biləcək ən cüzi fürsətdən belə yararlanmağa çalışacaq. Qazaxıstanda olduğu kimi…
Zaur Məmmədov,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri
Şərhlər bağlıdır.