RUSİYANIN KƏLBƏCƏRDƏKİ MONASTIRI ERMƏNİLƏŞDİRMƏK CƏHDİ

Rusiya Müdafiə Nazirliyi Kəlbəcərdəki Xudavəng alban məbədini rəsmən “12-13-cü əsr Ermənistan (?!) monastırı” adlandırdı.

Heç üzərindən keçiləsi iddia, saymazlıq, saxtakarlıq deyil. Azərbaycan dövləti ən müxtəlif səviyyələrdə, həm də gecikmədən bu məsələyə reaksiya verməli, Rusiya MN yayınladığı mətndə düzəliş etməlidir!

“Axı erməni keşişləri Kəlbəcərdəki məbədimizdə niyə qaldı? Biz onların orada qalmasına niyə razılaşdıq? Bununla Xudavəng məbədinin haylara “məxsusluğu”nu etiraf etmirik ki?..” 

Azərbaycan Respublikasının Qarabağ torpaqlarının ermənilərin qaldığı hissəsində müvəqqəti(!) yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinin hərbçiləri Kəlbəcər rayonundakı qədim Xudavəng məbədini ziyarət ediblər.

Bu haqda Rusiya Müdafiə Nazirliyi öz rəsmi saytında yaydığı məlumatda bəhs edilir.

“Ekskursiya zamanı Dadivank monastır kompleksinin baş keşişi Ovanes Ovanesyan rus sülhməramlılarına monastırın XII-XIII əsrlərdən başlanan yaranma tarixindən danışıb.

“Bu gün, bu müqəddəs bazar günü Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları tarixi məkanı, Dadivank monastırını ziyarət ediblər. Biz əcdadlarımızın (!-S.L.) tarixi ilə təmasda olduq, insanların bu tarixi abidəni keçmişdə və bu gün necə qiymətləndirdiyini gördük. Və biz evlərimizə dönəndə mütləq uşaqlarımıza, nəvələrimizə və qohumlarımıza bu yer haqqında danışacağıq”, – Rusiya sülhməramlılarının nümayəndəsi Yuri Romanişin bildirib.

12-13-cü əsrlərə aid Dadivank monastırı orta əsr Ermənistanının (!-S.L.) ən böyük monastır komplekslərindən biridir. Memarlıq kompleksi dəniz səviyyəsindən 1100 m yüksəklikdə yerləşir. Monastıra “Dadivank” adı Ermənistanın qərb hissəsində xristianlığı təbliğ edən həvari Faddeyin şagirdi olan müqəddəs Dadinin şərəfinə verilmişdir. Rəvayətə görə, monastır Müqəddəs Dadinin tabutu üzərində tikilib” – Rusiya MN-in yaydığı məlumatda belə deyilir.

Zəruri şərh:

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi 10 noyabr bəyanat-razılaşmasından bəri keçən bir il 3 ay ərzindəki dövrdə Azərbaycan Respublikası ərazisi və oradakı tarixi abidələr barədə  növbəti dəfə qərəzli, yalan məlumatlar yayıb.

Xəbəri oxuduqda ilk meydana çıxan sual odur ki, əgər Kəlbəcər rayonu ərazisi və Xudavəng məbədi Azərbaycan Respublikasına məxsusdursa, nəyə görə bu abidənin tarixi haqqında Rusiya hərbçilərinə Azərbaycan din xadimləri, yaxud tarixçiləri yox, erməni keşişi danışır.

İkincisi, ümumiyyətlə, axı erməni keşişləri Kəlbəcərdəki məbədimizdə niyə qaldı? Biz onların orada qalmasına niyə razılaşdıq? Bununla Xudavəng məbədinin haylara “məxsusluğu”nu etiraf etmirik ki?

Üçüncüsü, məlum olur ki, Ermənistan katolikosunun məbədimizə təyin etdiyi baş keşiş yenə də 1-ci Qarabağ savaşının iştirakçısı olan terrorçu və işğalçı Ovanes Ovanesyandır. Onun məbədə rəhbər olmasına Azərbaycan mediası etiraz etsə də, heç olmasa, əvəzinə başqası da təyin olunmayıb.

Dördüncüsü, Rusiya hərbçiləri nədən Xudavəngdə – Kəlbəcər torpağında “əcdadlarımızın tarixi ilə tanış olduq” deyirlər. Yoxsa Kəlbəcər ərazisi tarixən ruslara da məxsus olub?  Lap onlar bunu xristian dininə mənsubluqları baxımından söyləsələr də, yenə də  bu, Azərbaycan torpağının tarixini şübhə altına alır…

Beşincisi və ən əsası, Rusiya MN-in xəbərində Azərbaycanın Xudavəng məbədi “orta əsr Ermənistanının ən böyük monastır komplekslərindən biri” kimi təqdim edilir.

Bu da bizim müvafiq dövlət və hökumət qurumlarımızın daha bir dişsizliyinin nəticəsidir. Media dəfələrlə Rusiya MN-in “sülhməramlı”larla bağlı yaydığı xəbərlərdə Xocavənddəki Amaras məbədini də “orta əsr Ermənistanının ən böyük monastır komplekslərindən biri” kimi təqdim edəndə buna nə Mədəniyyət Nazirliyi, nə AMEA-nın Tarix İnstitutu və s. səsini çıxarmışdı…

Sultan Laçın

Şərhlər bağlıdır.