BİR PAYIZ NƏĞMƏSİ OXU MƏNİMÇÜN

Bir payız nəğməsi oxu mənimçün!.. –

Zamanı nəğmənlə geriyə qaytar…

Ömrümə gələn qış qayıtsın geri,

Qayıtsın sevgimi aparan qatar…

*********

Bir payız nəğməsi oxu mənimçün! –

Köçməsin durnalar, qanad saxlasın,

Yarpaqlar düşməsin budaqlarından,

Qoyma, xısın-xısın yağış ağlasın…

**********

Bir payız nəğməsi oxu mənimçün! –

Qızarsın Günəşin üfüq duvağı,

Gecikmiş sevginin işartısıtək

Çaşıb çiçəkləsin gilənar bağı…

************

Bir payız nəğməsi oxu mənimçün! –

Küləklər qısqanıb qovsun dumanı,

Bu qoca vaxtımda hansı gülünsə

Oyansın könlündə sevgi gümanı…

*************

Bu nəğmədən sonra qalmaq da olar,

Bu nəğmədən sonra ölmək də olar!..

Vallah, nəğmən ruha döndərər məni,

Uçaraq cənnəti görmək də olar!..

Nə olar, zamanı geriyə qaytar,

Bir payız nəğməsi oxu mənimçün!..

Hüseyn MİRTƏQƏVİ

Şərhlər bağlıdır.