İRANDA NİZAMİ GƏNCƏVİ GÜNÜ VƏ YA İRAN OBYEKTİV, DOĞRU DANIŞAN ZİYALILARDAN XALİ DEYİL

2018-ci ildə İranda 12 mart günü Nizami günü elan edilsə də, yalnız bu il nəinki Nizami günü və ya həftəsi, hətta Nizami ayının keçiriləcəyi elan edildi və dərhal da fəaliyyətə başlanıldı. Bununla bağlı ölkə və hətta dünya miqyasında Nizaminin bir fars şairi olduğunu daxili və xarici ictimai rəydə qəbul etdirmək məqsədilə geniş tədbirlər planı açıqlanıb və artıq həyata keçirilməsinə başlanıb. Bunların arasında İranın İRNA saytında alim, şair və yazıçılarının Nizaminin həyat və yaradıcılığının müxtəlif cəhətləri haqqında fikir və düşüncələrini əks etdirən silsilə yazıları qeyd etmək olar. Belə yazılardan biri dini və ictimai mövzularda əsərlər yazan yazıçı və şair, 2021-ci ilin sonunda İran Radio-Televiziya təşkilatında şeir və musiqi şöbəsinin müdiri işləyən Əlirza Qəzveyə məxsusdur. Onun “Nizami fars şeirinə aiddir” adlı yazısı və ya dedikləri həmin rubrikadan 9-cu yazı altında dərc edilmişdir (İRNA, 19.12.1400/10.03.2022).

Mətndən belə görünür ki, orijanal uğursuz şəkildə redaktə edildiyindən fikirlər əlaqəsiz və qırı-qırıq verilmişdir.
Bununla belə, yazını Nizami Gəncəvi haqqında nisbətən obyektuv yanaşma hesab etmək olar.

Yazıda hamının bildiyi, qəbul etdiyi və şübhə doğurmadığı bir fakt, yəni Nizaminin fars dilində yazması faktı dəfələrlə vurğulanır. Nizaminin farsca yazdığını inkar edən olmadığından məsələnin bu cəhətini vurğulamağa ehtiyac yoxdur. Doğrudur, müəllif “!Nizami Gəncəvi farsca yazıb” demir, “fars dilinə məxusdur” deyir. Burada deyim fərqi olduğundan, bunu da yazıçı üslubu hesab etmək olar. Digər müəlliflərdən, o cümlədən İrşad nazirliyinin yüksək vəzifəli şəxslərindən fərqli olaraq haqqında danışılan müəllif yalnız Nizami yox, həm də Nizami Gəncəvi deyir.

Nizaminin Gəncədə fars dilində yazmasının təəccüblü olmadığını göstərmək üçün müəllif Orta əsrlərdə şeir dilinin fars dili olduğu kimi qeyri-dəqiq ifadə işlədir. Belə ki, orta əsrlərdə fars dilində şeir yazan ərəb müəlifi bizə məlum deyil. Ona görə də fars dilinin yayılma şəraiti və coğrafiyasının göstərilməsi pis olmazdı. Türklərin hakimiyyəti altında olan ərazidə hökmdarların etnik və türklərə xas olan tolerantlıq, dözümlülük siyasəti sayəsində fars dilinin kargüzarlıq və poeziya dili olduğu deyilsə idi, daha doğru olardı.

Gəncədə böyük Nizaminin farsca yazmasınım səbəbini izah etmək istəməyən müəllif həmin məsələdə ifrata varmaqdan da çəkinmir. O qeyd edir ki, Gəncə və ətraf şəhərlərdə hamı farsca danışır və farscanı başa düşürdü. Buradakı məntiq aydın olmadı, əgər hamı bilirdisə, bəs kim başa düşürdü. Gəncə və ətraf şəhərlərin farsca danışması iddiası əsassız millətçilikdən başqa bir şey deyil. Sadə bir müqayisə; Nizami Gəncəvidən sonra gələn və yazıb-yaradan məşhur fars şairi Sədi Şirazinin (1210-1292) yaşadığı dövrdə farsların əsas etnik ərazisinin – Əcəm İraqının mərkəzi olan Fars vilayətində əhalinin çoxu fars dilində yox, müxtəlif yerli dil və dialektlərdə danışırdı. Həmin dillərdən biri olan lar dili bu gün də vilayətin Laristan rayonunda işlənilir. Belə olan təqdirdə Gəncədə əhalinin farsca danışdığını iddia etməyin heç bir əsası yoxdur.

Nizaminin Gəncədə farsca yazmasının yeganə bir səbəbi Gəncənin bütün sahələrdə Azərbaycanın ən inkişaf etmiş region və şəhərlərdən biri olması idi. Bunun ən bəsit göstəricisi bütün ömrünü Gəncədə keçirən Nizaminin dövrünün bütün elmi, fəlsəfi, tarixi biliklərinə bələd olması idi. Bunu Nizami ancaq burada yaşayıb fəaliyyət göstərən alimlərdən və kitablardan öyrənə bilərdi. Gəncədə belə elm mərkəzlərin və kitabxanaların mövcud olması orada elmə, biliyə verilən yüksək dəyərlə izah etmək olar. Nizami Gəncədəki siyasi, mədəni, mənəvi və elmi mühitinin yetirməsi idi.

Maraqlıdır ki, fars millətçiləri görəsən belə bir suala cabab axtarırlarmı ki, Nizami kimi dünya nəhəngi niyə fars dilinin mərkəzi hesab edilən Əcəm İraqında meydana gəlməyib.

Müəllif dolayısı ilə Nizaminin türk olduğunu da etiraf edir. Mətn ardıcıl olmadığından biz müəllifin Nizamini türk hesab etdiyini qəti deyə bilmərik. O, sadəcə olaraq, belə bir misal gətirir ki, Nidel və Bidel Dəhləvi kimi məşhur olan Əbu əl-Məani Mirzə Əbdülqadir bin Əbdül Xaliq Ərlasın (1644-1720) nəsr və nəzm əsərləri bütövlükdə 100 min beytdən çox olub. Bidel əslən türk olsa da, onun ədəbi-bədii irsində bir beyt belə türk dilində deyil. Zahirən yersiz görünən bu müqayisə əslində müəllifin Nizaminin türk olduğunu, lakin fars dilində yazdığını əsaslandırmaq üçün irəli sürülür. Bu cəhətdən də müəllifin obyektiv olmağa cəhd etdiyini demək olar. Yəni müəllif artıq dünyada qəbul olunmuş əsas fikir və mövqeni – Nizami Gəncəvinin Azərbaycandan, azərbaycanlı/türk olması və farsca yazması faktını təkrar edir. Yəqin bu səbəbdən müəllif Nizami Gəncəvinin fars olduğunu iddia etmir, yalnız fars dilinə məxsus olduğunu vurğulayır. Müəllif doğru olaraq Nizami Gəncəvinin bütün bəşəriyyətə məxsus olduğunu vurğulayır, eyni zamanda onun fars dilinə məxsus olduğunu bir daha qeyd etməyi yaddan çıxarmır.

Müəllif millətçi fars rəsmilər, şair, yazıçı və alimlər kimi guya əcnəbi ölkələrin İran mədəniyyətinə, Nizamiyə, onun ədəbi-bədii irsinə sahib çıxmağa səy göstərdiklərini qeyd edir. Müəllif millətçiləri sakitləşdirmək üçün onları inandırmağa çalışır ki, son nətucədə fars dili və fars şeiri qalib gələcək.

Beləliklə, İranda Nizami Gəncəvi haqqında həqiqəti bilən və ən əsası deyə bilən insanların mövcud olduğunu vurğulamaq olar.

Sonda onu qeyd etmək lazımdır ki, İranda istər ölkənin daxili vəziyyəti, istərsə də xarici əlaqələri və beynəlxalq münasibətləri barədə obyektiv bilik və yanaşma sərgiləyən ziyalılar, alimlər az deyil. Onlar qeyd edilən məsələlərlə bağlı yazılar və əsərlər çap etdirirlər.

İranda etnik/milli situasiya, etnik siyasət haqqında obyektiv yazılar az deyil. Nizami Gəncəviyə münasibətdə də belə ziyalı və alimlərin olduğunu demək olar. Lakin onlar azlıq təşkil etdiyindən və hakimiyyətin, əsasən millətçilərin nəzarəti altında olduqlarından, ictimai fikir və rəyə ciddi təsir göstərə bilmirlər.

Yuxarıdakı yazı da məsələyə, əsasən, obyektiv nünasibət bəsələyən ziyalılardan birinin mövqeyinin ifadəsi kimi dəyərləndirilə bilər.

Vidadi Mustafa
10.03.2022

Şərhlər bağlıdır.