“Bir neçə həftədən sonra hansı vəziyyətə düşəcəyinəmizi hamımız birlikdə görəcəyik” deyən rus oliqarx Rusiya üzərində “dəmir örtüyün” artıq tam qapadıldığına əmindir; ABŞ isə Rusiyanın neft ixracını da bloklamağın planlarını qurmaqla, Kremlin əsas “maliyyə nəfəsliyi”ni də hədəfə çevirməyə çalışır…
Ukrayna savaşının qalibi hələ də məlum deyil. Savaş başlanmazdan öncə Rusiyanın bir neçə gün ərzində Ukraynanın işğal olunacağı ehtimal olunurdu. Və Kreml bu hərbi qələbə sayəsində Rusiyanın bütün dünyaya meydan oxuyacağı iddia edilirdi.
Ancaq savaş meydanında vəziyyət Rusiyanın planlaşdırdığı kimi olmadı. Rusiya sürətlə hərbi qələbə qazanmaq niyyətindən uzaq qaldı. Nəticədə Rusiyanın hərbi potensialı və qüdrəti ilə bağlı təsəvvürlər dəyişməyə başladı. Və bu, Rusiyanın gələcək hədəfləri baxımından, kifayət qədər uğursuz situasiyadır.
Digər tərəfdən, Kreml Ukraynaya hərbi müdaxilə etməklə, Rusiyaya yaxın gələcək üçün olduqca ciddi problemlər də yaratdı. Üstəlik, həmin problemlərin həlli artıq Ukrayna savaşının hərbi nəticələrindən o qədər də asılı deyil. Yəni, Kreml hətta Ukrayna tam işğal edilsə belə, bundan sonra hələ uzun müddət Rusiyanın savaş ucbatından üzləşdiyi yeni və ağır problemlərin həlli ilə məşğul olacaq.
Məsələ ondadır ki, Kreml Ukraynaya hərbi müdaxilə qərarı ilə Rusiyaya qarşı nəhəng beynəlxalq koalisiyanın yaradılmasına səbəb olub. Kremlin bu addımı Kremlin bir çox beynəlxalq rəqiblərini birləşdirib. Üstəlik, Kremllə yaxşı münasibətləri olan bəzi ölkələr də tədricən Rusiyadan uzaqlaşıb, əks düşərgəyə yaxınlaşıb. Bu isə demək olar ki, Rusiyanın beynəlxalq məkanda təklənərək, dünyadan təcrid olunması anlamına gəlir.
Belə anlaşılır ki, Rusiyanın beynəlxalq məkanda artıq elə bir ciddi dost və ya güclü müttəfiqi qalmayıb. Hətta ABŞ və Qərb ilə ciddi siyasi-ideoloji ziddiyyətləri olan, kəskin rəqabət aparan Çin belə, Rusiyanı açıq şəkildə dəstəkləməyə həvəsli deyil. Çünki, rəsmi Pekin Rusiya ucbatından Çinin beynəlxalq məkanda iqtisadi-ticari itkilərə məruz qalmasını istəmir.
Kreml tərəfindən açıqlanan son siyahı Rusiyanın düşdüyü vəziyyəti və üzləşdiyi beynəlxalq sanksiyaların əhatə dairəsini təsəvvür etməyə imkan verir. Həmin siyahıda Rusiyaya, Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost qərarlar qəbul etmiş dövlətlər – Avropa Birliyi ölkələri, Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya yer alır.
Təbii ki, belə nəhəng təcrid kampaniyası və çoxvektorlu sanksiyalar Rusiyanın vəziyyətini ağırlaşdırır. Rusiyada sosial-iqtisadi problemlər dərinləşir. İşsizlik öz əhatə dairəsini genişləndirir. Rusiyada fəaliyyətini dayandıran yüzlərlə nəhəng xarici şirkətlərin son günlərə qədər yüksək maaşa vərdişli yüzminlərlə rus əməkdaşı indi işsizdir. Və bütün bunlar hələ problemlərin yalnız görünən tərəfləridir.
Əslindəsə, sanksiyaların zərbələri daha ağırdır və nəticələrin hətta qorxunc məzmun daşıdığı qətiyyən şübhə doğurmur. Bu reallığı Rusiyada Ukrayna savaşına etiraz edən nüfuzlu şəxslərin açıqlamaları da təsdiqləyir. Və həmin açıqlamaların məzmunu Rusiyanın sanksiyalar ilə düşünüldüyü vəziyyəti təsəvvür etməyə imkan verir.
Məsələn, məşhur rusiyalı milyarder Oleq Deripaska son açıqlamasında beynəlxalq sanksiyaların Rusiyaya vurduğu zərbələrin mümkün nəticələrindən danışıb. O, bildirib ki, Rusiya belə bir vəziyyətlə öz tarixində hələ heç vaxt üzləşməyib. Rus milyarder hesab edir ki, zaman keçdikcə, sanksiyaların təsiri daha çox hiss edilməyə başlayacaq.
Maraqlıdır ki, rus oliqarx Rusiyanın üzərinin artıq “dəmir örtük” ilə qapadıldığını vurğulayıb: “Mənə dostlarım dedi ki, bu mövzuda heç nə danışmayım. Amma mən məcburən deməliyəm ki, üç həftədən sonra Rusiya banklarının hansı vəziyyətə düşəcəyini hamınız birlikdə görəcəyik. Bizim tərəfdaşlarımızın sayını eşidəndə hamınız çox təccüblənəcəksiniz. Çünki onları sadəcə, barmaqla belə, saymaq mümkün olacaq. İndiki vəziyyətin ağır zərbələri 1998-ci ildəki böhranın nəticələrindən qat-qat çox daha dəhşətli olacaq”.
Göründüyü kimi, Rusiya iqtisadiyyatının mövcud vəziyyəti barədə məlumatlı olan rus oliqarx olduqca pessimist əhval-ruhiyyədədir. O, Rusiyanı daha qaranlıq gələcəyin gözlədiyinə eyham vurur. Halbuki, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiya paketlərinin heç də hamısı hələ tətbiq olunmayıb.
Bəzi məlumatlara görə, hazırda ABŞ və Qərb Rusiyanın enerji sektoruna qarşı embarqoların tətbiq edilməsinə intensiv hazırlıq prosesi başlayıb. “The Washington Post” nəşri iddia edir ki, ABŞ Venesuela hökuməti ilə gizli danışıqlar aparır. Ağ Ev tərəfindən pezident Nikolas Maduroya Venesuela neftinin ixracına qarşı tətbiq edilən sanksiyaların yumşaldılması təklif edilir. ABŞ bu ölkənin neft ehtiyatları hesabına Rusiyanın enerji resurslarının bloklanaraq, dünya bazarından izolyasiya edilməsini hədəfləyir. Və bu, mümkün olarsa, Rusiyanın əsas “maliyyə nəfəsliyi”nin qapadılması reallığa çevrilə bilər.
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın hərbi qüdrətini, Ukraynanın məğlub olma ehtimalını nəzərə aldıqlarını bildirib. Yəni, bu, ABŞ-ın Rusiyanın hərbi qüdrətinin maliyyə -iqtisadi sanksiyalar ilə balanslaşdırıldığına yönəlik mesaj da hesab oluna bilər. Və bu baxımdan, savaşın nəticələrinə Ukraynanın işğalı deyil, Rusiyanın üzləşdiyi sanksiyalar üzərindən yanaşılması daha doğru ola bilər.
Onu da qeyd edək ki, Rusiyaya qarşı yeni sanksiya paketlərinin hazırlandığını və enerji resursları ixracının məhdudlaşdırıla biləcəyini Böyük Britaniyanın baş naziri Boris Conson da təsdiqləyib. Onun sözlərinə görə, Rusiya neftindən imtina edilməsi ilə bağlı məsələ artıq müzakirə mərhələsindədir. Ancaq Böyük Britaniya baş naziri bütün bunların Rusiya xalqına qarşı atılan addımlar olmadığını da vurğulayıb. O, əsas hədəfin Rusiyanı idarə edən rejimin durdurulması olduğunu bildirib.
Belə anlaşılır ki, Rusiyanı hətta rus oliqarxın təsvir etdiyindən daha ağır günlər gözləyir. Çünki, ABŞ və Qərb ehtiyatda saxladığı sanksiyaları da tədricən hərəkətə gətirmək niyyətindədir. Belə olarsa, Kremlin uzun müddət öz aqressiv davranışlarına davam etməsi bütövlükdə Rusiyaya dağıdıcı zərbələr vura bilər.
Maraqlıdır ki, Kreml hərbi aqressivliyini artırsa da, buna paralel olaraq, siyasi güzəştlərə hazır olduğunu da biruzə verir. Hətta Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hərbi əməliyyatların dayandırıla biləcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər, Ukrayna tərəfi Rusiyanın şərtlərini qəbul edərsə, Kreml buna hazırdır. Həmin şərtlərin sırasına isə hazırda Donbas separatçılarının müstəqilliyinin tanınması, Krımın Rusiyaya aid olduğunun təsdiqlənməsi, Ukraynanın NATO-ya üzvlükdən imtinası kimi bir neçə məsələ daxildir.
Ancaq indiki vəziyyətdə Kremlin şərtləri daxilində Ukrayna və Rusiya arasında anlaşmanın mümkün ola biləcəyi qətiyyən inandırıcı görünmür. Ona görə də, hazırda savaş meydanındakı vəziyyətdən asılı olmayaraq, həm Ukrayna, həm də Rusiya birmənalı şəkildə məğlub ölkələrdir. Ukrayna-Rusiya savaşının səhnəarxası qalibi isə “tonqalı yandırıb, sonra da qıraqdan yağ tökən” ABŞ sayıla bilər. Yəni, Ağ Evdəkilər hazırda Rusiyanın düşdüyü vəziyyəti təhlil edərək, məmnunluqla əllərini ovuşdururlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Şərhlər bağlıdır.