GÖZLƏNİLMƏZ GEDİŞ

“DÖYÜŞƏ” DAHA BİR ÖLKƏ QOŞULUR

Ağ Ev administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-da terrorçu kimi tanınan təşkilatlar siyahısından çıxarmaq imkanını nəzərdən keçirir.

Bu barədə İsrailin və ABŞ-ın isə iki mənbəyinə istinadən “Axios” nəşri məlumat yayıb. “Bu qərar İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq üçün qarşıdakı razılaşma ilə birbaşa əlaqəli deyil” – mənbə belə deyib. Eyni zamanda vurğulanır ki, SEPAH-ın terror təşkilatları siyahısından çıxarılması yalnız mümkün qərar kimi qiymətləndirilir və hələlik qəbul olunmayıb. Lakin qərar qəbul olunacağı təqdirdə, ABŞ İranın regionda gərginliyin azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini hesab edərsə, SEPAH-ın statusuna yenidən baxmaq hüququnu özündə saxlayacaq. “Axios” öz mənbələrinə istinadən yazır ki, Ağ Evin ABŞ və onun regiondakı müttəfiqlərinə zərbə endirməmək üçün İrandan konkret öhdəliklər tələb etməməsi İsraili narahat edir.

Xatırladaq ki, 2019-cu il aprelin 8-də ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanla İran İslam İnqilabı Keşikçiləri Korpusu xarici terrorçu təşkilatlar siyahısına daxil edilib.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.infonun əməkdaşı Müşfiq Abdullayevlə söhbətdə bu məsələləri araşdırıb. Onun müsahibəsini Azerbaycan-ruznamesi.org oxucularına təqdim edir.

  1. Soltan bildirib ki, Bayden administrasiyasının SEPAH-ı terror təşkilatları siyahısından çıxartması Ukraynada baş verən müharibə ilə bağlıdır. Belə ki, ABŞ Rusiyaya qarşı sanksiyalaşdırıcı mübarizədə İranla bəzi sahələr üzrə əməkdaşlıq etməyə razıdır:

“Son zamanlar Rusiya ətrafında baş verən hadisələr ABŞ administrasiyasının gözlənilməz addımlar atması ilə müşahidə olunur. Çünki dünya ölkələrinin Rusiyanın neft və qazından imtina etməsi üçün ona alternativ mənbələr tapılmalıdır. Bu mənbələrdən biri İrandır. Rusiyaya qarşı sanksiyalara isə ABŞ rəhbərlik edir. Bu mənada, Amerika Rusiyanı dəstəkləyən qüvvələri neytrallaşdırmağa çalışır. Həmin ölkələrdən biri də İrandır. ABŞ-ın təklifi həm İranın xam neft və təbii qazından Rusiyanın əvəzedicisi kimi istifadə olunmasını, həm də münasibətlərin yumşaldılmasını özündə əks etdirir. Bayden Prezident seçilməmişdən öncə də bu mövqedən çıxış edirdi. Hətta Demokrat Barak Obama da prezidentliyi dönəmində İranla münasibətlərin yumşaldılmasının tərəfdarı idi. Respublikaçı Trampın hakimiyyətə gəlməsindən sonra münasibətlər yenidən gərginləşməyə başladı. Ona görə də hesab edirəm ki, İslam İnqilabı Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısından çıxarılması Amerikanın İranla münasibətləri yumşaltmaq cəhdidir. Ancaq bu qərarın tezliklə veriləcəyini gözləmirəm. Çünki İran son zamanlar Rusiya ilə sıx əməkdaşlıq edəcəyini bir daha bəyan edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın martın 16-da Moskvaya səfəri və bildirdi ki, bu yaxınlarda Rusiya ilə birgə fəaliyyətə dair razılaşmalar imzalanacaq. Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana gözlənilən səfəri zamanı bu razılaşmaların istiqamətləri müəyyənləşə bilər. Bu baxımdan, İran Rusiya ilə müttəfiqliyi pozmaq istəmədiyini nümayiş etdirir. Bu halda ABŞ SEPAH-ı terrorçu təşkilatlar siyahısında saxlaya bilər. Ona görə də hesab edirəm ki, ABŞ İrana mesaj verir. Yəni “Ukraynanın ədalətli işini müdafiə et və bunun qarşılığında mükafatını al!”

Ekspert deyib ki, İranın bu imkandan nə qədər istifadə edəcəyi məlum deyil. Amma İran parlamentinin üzvləri arasında müəyyən siyasi dairələrdə Rusiya ilə deyil, Qərblə əməkdaşlığın tərəfdarı olanlar var:

“Əvvəllər də İran deputatları bəyan edirdilər ki, ölkə tarixən Böyük Britaniya və Qərblə əməkdaşlıq edib. Rusiya isə tarixən İrana zərbə vurub. İranın və Britaniyanın xarici işlər naziri arasında telefon danışığı olub. Söhbət zamanı iranlı nazir britaniyalı həmkarından bank hesablarında həbs qoyulmuş vəsaitlərin qaytarılmasını xahiş edib. Hesab edirəm ki, İran Rusiya-Ukrayna müharibəsində obyektiv mövqe tutarsa, Britaniya güzəştə gedə bilər”.

Həmsöhbətimiz qeyd edib ki, İran Rusiya ilə əməkdaşlığı sanksiyaların təsirini azalda bilər:

“Ona görə də ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi istisna olunmur. Qərbin və onların müttəfiqləri digər ölkələri sanksiyalara qoşmaqla bu qadağaların səmərəliliyini, həmçinin sürətini artırmağa çalışır. Sanksiyalara qoşulanların sayı nə qədər çox olarsa daha tez nəticə əldə oluna bilər. Yəni dünya iqtisadiyyatı məhdudiyyətlərdən daha tez xilas olar, eləcə də Rusiya Ukraynaya qarşı iddialarından daha tez əl çəkər. Amma sanksiyaların müddətinin uzandıqca, dünya iqtisadiyyatının problemləri artır və Rusiyaya qarşı münasibət fərqlənir. Bu səbəbdən, hesab edirəm ki, ABŞ, Britaniya, Avropa İttifaqı müttəfiqi olduğu ölkələrə seçim etməyi təklif edəcək. Məsələ belə qoyulacaq ki, Rusiyanın Ukrayanaya qarşı apardığı müharibə düzdürmü? Əgər düz deyilsə, o zaman sanksiyalara qoşulun. Amma burada söhbət Rusiyadan deyil, Prezident Putinin və onun komandasının Ukraynada apardığı təcavüzkar siyasətin qarşısının alınmasından gedir. Ona görə də hesab edirəm ki, yaxın perspektivdə İran da, Çin də sanksiyalara qoşulacaq. Çünki bu ölkələrin Avropa İttifaqı ilə iqtisadi əlaqələri Rusiya ilə müqayisədə daha çoxdur. Əgər İran Rusiya ilə eyni sırada yer alarsa, ağır zərbələr ala bilər. Çünki hazırkı vəziyyətdə belə sanksiyalar İrana yaxşı heç nə vəd etmir”.

Şərhlər bağlıdır.