TEHRAN-TƏBRİZ MÜZAKİRƏLƏRİ (29.04-10.05.1946)

ÖN SÖZ ƏVƏZİ

Əziz və dəyərli həmvətənlər, dostlar!

Ötən yazılarımda diqqətinizə 29 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə silsilə yazılar təqdim olunmuşdu.

Bu materiallar əsasən 1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsinin orqanı olaraq nəşr olunmuş “Azərbaycan”qəzetinin müvafiq saylarından götürülmüş “Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar” başlıqlı yazıların əsasında tərtib edilmişdir.

“29 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə” ünvanında  tərəfimdən təqdim edilmiş ilk yazıda qeyd edilmişdi ki, İranın 4 aprel 1946-cı il tarixli Sovet-İran sazişinin 3-cü maddəsi üzrə öhdəliklərindən (“Azərbaycan  məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinic yolu tapılacaqdır”)  çıxış edən İranın Qəvamüssəltənə hökuməti Azərbaycan Milli Hökumətinə İran hökuməti ilə danışıqlara başlamaq imkanı  verən 22.04.1946-cı il tarixli 7 maddədən ibarət bir bəyannamə verdi və Azərbaycan nümayəndə heyəti də S.C.Pişəvərinin təbirincə desək, “Azərbaycan məsələsini sülh yolu ilə həll edib qardaş qanı tökülməməsinin qarşısını almaq üçün” İran hökumətinin dəvətini qəbul edərək 1946-cı ilin aprel ayının 28-də Təbrizdən Tehrana getdi.

“Azərbaycan” qəzeti 30.04.1946-cı il tarixli 186-cı sayında “Böyük hərəkət” başlıqlı yazısında Azərbaycan xalqının bu danışıqlara hansı ümid və inamla öz nümayəndələrini Təbrizdən Tehrana yola saldıqlarını canlı təsəvvür edilə biləcək dərəcədə  çox gözəl üslubda şərhlər verir.

27.04.1946-cı il tarixində axşam Təbriz radiosunda Qəvvamüssəltənə hökumətinin dəvəti əsasında S.C.Pişəvərinin başçılığı altında Azərbaycan nümayəndə heyətinin Tehrana səfərini eşidən fabrik-zavod fəhlələri, firqə üzvləri, şəhərin müxtəlif təbəqələrindən olan insanlar səhəri gün, 28.04.1946-cı il tarixində sübh saat 4:30 radələrində Təbrizin Səttarxan xiyabanına axışdılar. Eyni zamanda da Milli Hökumətin “Saat meydanı”ndakı binasından təyyarə meydanına kimi 8 kilometrlik yolun hər iki tərəfində xalq qoşunlarının dəstələri düzlənmişdi. Bu insanlar öz nümayəndələrini Tehrana yola salmaq üçün toplanmışdılar. Səfərə gedən heyət təyyarə meydanına doğru hərəkət etdiyi zaman Azərbaycan Milli Məclisinin sədri cənab Şəbüstərinin göstərişi ilə Quran gətirdilər və onları Qurani-Məcidin altından keçirdilər. Nümayəndə heyəti yolun hər iki tərəfində səf bağlayan camaatın arasından keçib təyyarə meydanına getdilər. Cürbəcür şüarlarla təyyarə meydanına toplaşan camaatın sayı 20 mindən artıq idi.

Nümayəndə heyətinin üzvləri təyyarə meydanında maşınlardan endikdən sonra onlardan çoxlu sayda filmlər və əkslər götürüldü, oraya toplaşanlar nümayəndələrə, xüsusilə cənab Pişəvəri və cənab Qazi Məhəmmədə arasıkəsilmədən gül dəstələri təqdim edirdilər. Burada xalqın gurultulu alqışları ilə müşayiət olunan Şəbüstəri, Pişəvəri və Məhəmməd Qazi cənablarının coşqun nitqlərindən sonra Azərbaycan nümayəndə heyəti saat 10-da təyyarə ilə Tehrana yola salındı.

“Azərbaycan” qəzetinin 01.05.1946-cı il tarixli 187-ci sayında verilən məlumata görə 28.04.1946-cı il tarixində güclü maneələrə baxmayaraq səhər saat 11.20-də “Mehrabad” aeroportunda yerə enmiş Azərbaycan nümayəndələrini qarşılamaq üçün Tehran sakinləri qaçaq şəkildə sel kimi aeroporta tərəf axışdılar. Belə ki, jandarma və polis qüvvələri Tehran fəhlələrinin və azadlıqsevərlərinin aeroporta gəlməsinin qabağını şiddətli bir şəkildə almağa çalışırdılar. Nəticədə jandarma zabitlərinin göstərişi ilə fəhlələrə tərəf atəş də açılmışdı. Tehrandakı tütün fabrikinin İsmayıl adlı bir nəfər fəhləsi ölmüş və 4 nəfər yaralanmışdı.  Bütün bu qəbildən olan təzyiqlərə baxmayaraq xalq Azərbaycan nümayəndələrini görmüş və qarşılamışlar. Onlar “Yaşasın yurdumuzun böyük nümayəndələri!” deyə nümayəndələri alqışlamışlar. Sonra “Mehrabad” aeroportuna gələn insanlar Azərbaycan nümayəndələrini əlləri üstünə götürüb həyacanlı alqışlar içərisində avtomobillərinə çatdırmışlar.

Bütün xalq böyük bir həyəcana bürünmüşdü. Bütün ümidlər yalnız Azərbaycana deyil, eləcə də bütün İrana azadlıq, milli və demokratik hüquqlar bəxş edəcək nümayəndə heyətinin fəaliyyətinə və onların mərkəzi hökumətlə aparacaqları danışıqların, müzakirələrin nəticələrinə bağlanmışdı. Bununla bağlı Tehranda böyük bir izdiham gözlənilirdi, amma qabağı alındı.

Həmin gündən başlayaraq Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana getmiş nümayəndələrin diqqətinə Təbrizdə çıxan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, ” Mərdom”, “Zəfər”, “Rəstaxiz-e İran”,  “Dad”, “Necat-e İran”, “Ajir”, “Keyhan”, “İran-e ma” qəzetləri vasitəsilə yuzlərlə, minlərlə  teleqraflar göndərildi. Həmin teleqraflarda öz müqəddəs məramları yolunda hər cür fədakarlığa hazır olaraq son damla qanları qalana qədər şanlı Azərbaycan torpağını və azadlığını müdafiə etməyə hazır olan xalq öz nümayəndələrindən İran mərkəzi hökuməti ilə danışıqlarda İranın istiqlalı hüdudunda Azərbaycan Milli Hökumətinin, onun rəsmi dövlət dili elan etdiyi ana dilinin azadlığının qorunmasını və bütün İranın əyalət və vilayətlərində demokratik bir rejimin qurulmasını, həqiqi milli bir dövlət yaratmağı və İran millətinin hüququnun qorunmasını, yerli hakimiyyət orqanlarına, bələdiyyələrə, parlamentə azad və demokratik seçkilərin keçirilməsini danışıqlarda əsas müzakirə mövzusu olaraq ortaya qoymalarını və bu istəklərin icrasına nail olmalarını   ciddi surətdə tələb edirdi.

Sözsüz ki, Qəvamüssəltənə hökuməti, onun imperialist hamiləri müzakirələrin gedişi zamanı Azərbaycan nümayənələri tərəfindən onların qarşısına qoyulan və xalqın sözügedən tələblərini əks etdirən 33 maddədən ibarət bəyannaməsini qəbul edə bilməzdilər, bu tələblər onların Yaxın və Orta Şərqdəki, hətta Şimali Afrikanın bir sıra ölkələrindəki iqtisadi və siyasi mənafeləri ilə daban-dabana zidd idi. Elə bu səbəbdən də ilkin müzakirələrdən sonra Qəvamüssəltənə hökuməti onlar tərəfindən təqdim edilmiş 7 maddədən ibarət bəyannamədən kənara çıxmamağı qərara aldı. Qəvamüssəltənə 1946-cı ilin may ayının 13-də verdiyi bəyanatında “Azərbaycan nümayəndələri Azərbaycan qoşununun və fədailərinin komandirlərinin İran mərkəzi hökuməti tərəfindən təyin olunmalarına razı olmadıqlarına, mülkədarların kəndlilər arasında bölünmüş torpaqlarının İranın gələcək parlamenti tərəfindən təsdiq olunmasını tələb etdiklərinə və s. tələblərə görə müzakirələr nəticə vermədi” deyə bildirdi (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 200, 16 may 1946).

Bunun müqabilində isə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Azərbaycan Demokrat Firqəsinin sədri və eyni zamanda Azərbaycan Milli Hökumətinin Baş naziri S.C.Pişəvəri Tehran müzakirələrindən danışaraq “məsələ tək Azərbaycan məsələsi deyildir, söz bütün İranda azadlıq, demokratlıq üsulunun yayılması üstündədir, Tehranın hakim heyətini, böyük feodallarını və torpaq sahiblərini qorxuya salan da burasıdır” deyə cavab verdi (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 199, 15 may 1946).

Həmin danışıq və müzakirələrin gündəlik gedişini izləmək, müzakirə obyekti olaraq  tərəflərin bir-birinin qarşısına qoyduqları təklif və tələblərlə tanış olmaq, onların uğursuzluqla nəticələnmə səbəblərini dəyərləndirmək məqsədilə “Azərbaycan” qəzetinin 17.05.1946-cı il tarixli 201-ci sayında dərc edilmiş “Azərbaycan nümayəndələrinin Tehran hökuməti ilə apardıqları müzakirələr barəsində Bəyannamə” tam mətni ilə olduğu kimi əziz oxucularımızın diqqətinə təqdim edilir.

Səməd Zülfəli oğlu Bayramzadə,

24 mart 2021-ci il

Şərhlər bağlıdır.