MİRZƏ MƏHƏMMƏDTAĞI BAHAR: ŞEİRİYYƏTDƏN SİYASƏTƏ QƏDƏR

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf

İranın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri də Mirzə Məhəmmədtağı Bahar idi. O, bir çox sənətkarların İran ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirərək onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırıb.

Məhəmmədtağı Bahar 10 dekabr 1886-cı ildə Qacarlar dövlətinə bağlı Xorasan əyalətinin mərkəzi Məşhəd şəhərində dünyaya göz açmışdı. Atası zamanın öndə gələn alim və şairlərindən olub, Səburi təxəllüsü ilə şeir yazan və sonradan “məliküşşüara” ləqəbini qazanan Mirzə Məhəmmədkazımdır. Babası isə Hacı Məhəmmədbağır Kaşanidir. Anası əslən qafqazlı müsəlman bir gürcü ailəsinə mənsub idi.

O, Bahar təxəllüsünü, atasını ziyarətə gəldiyi sırada (1883-cü ildə) ölən azərbaycanlı şair Mirzə Nəsrullah Bahar Şirvanidən götürüb.

Məhəmmədtağı Bahar ibtidai təhsilini atasının yanında tamamlayıb. 1904-cü ildə atasının vəfatından sonra Məşhədin tanınmış alimi Ədib Nisapurinin yanında dərslərinə davam edib. Kiçik yaşlarından etibarən poeziya ilə ilgilənib və qədim böyük şairləri təqlid edərək şeirlər yazıb. Atasının ölümündən sonra Müzəffərəddin şah Qacar tərəfindən ona məliküşşüara ləqəbi verilib. Dünya xəbərlərini Misir mətbuatından izləyən və Avropa mədəniyyətinə aşina olan Bahar 1906-cı ildə dövlət xidmətində çalaşırkən Məşrutə hərəkatına qatılıb. Müzəffərəddin şahın ölümünün (1907) ardından çıxardığı “Xorasan” qəzetində ilk milliyyətçi şeirlərini dərc etdirib. 1910-cu ildə İran Demokratik Partiyası (Hizb-i Demokrat-i İran) qurulunca bu partiyanın mətbuat orqanı olan “Nevbahar” qəzetini nəşr etməyə başlayıb.

Mirzə Məhəmmədtağı Bahar 1912-ci ildə meydana gələn siyasi çalxantılar sırasında qəzeti bağlayıb və doqquz yoldaşı ilə bərabər Tehrana sürülüncə fəaliyyətini burda bərpa edib. Həmin qəzeti Tehranda çıxarmağa başlayıb. Bu arada bir neçə çağırış millət vəkili seçilib.

Mirzə Məhəmmədtağı Bahar 1917-ci ildən etibarən üç il sürəylə yarı rəsmi “İran” qəzetinin redaktoru olub. Fərhəngistan-i İranın (İran Elmlər Akademiyası) daimi üzviliyinə seçilib. 1918-ci ildə, aralarında Abbas İqbal Aştiyani, Rəşid Yasəmi, Əliəsgər Hikmət kimi ədəbiyyatçıların da olduğu “Danişkədə” adlı ədəbi bir dərnək qurub. Bu dərnək, qədim nəsr və nəzm janrları içində yeni mövzuların işlənməsini müdafiə edən eyni adlı ədəbi bir dərgi çıxarmağa başlayıb. Bu dərgi, onun vəfatından sonra “Məcəllə-i danişkədə-i ədəbiyyat” adıyla illərcə işıq üzü görüb.

Mirzə Məhəmmədtağı Bahar bir ara hökumət əleyhinə sərt yazılarından dolayı həbs edilib. Pəhləvi xanədanının iş başına keçməsindən sonra siyasi həyatdan çəkilən Bahar bir tərəfdən Tehran universitetində müəllim işləyib, digər tərəfdən də özünü elmi çalışmalara həsr edib.

Mirzə Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehran şəhərində dünyasını dəyişib. Zahirəddövlə gorgahında dəfn edilib.

Mirzə Məhəmmədtağı Bahar klassik üslubda yazmasına baxmayaraq, fars şeirinə bir sıra məzmun yenilikləri gətirib. O, günlük olayları, yeni məsələləri dildə artıqlığa yol vermədən, klassik şeir biçimində anladan bir şair idi. Məliküşşüara ləqəbini aldığı illərdə yazdığı Xorasan böyükləri ilə din adamlarını öyən qəsidələrində bu janrda yazan özündən əvvəlki şairlərini təqlid edib, Məşrutə hərəkatına qatıldığı illərdən sonrakı şeirlərində isə, klassik şeir tərzindən ayrılmamaqla birliktə inqilab, hürriyyət, məşrutiyyət və vətən mövzularını işləyib. Ümumiyyətlə, qəsidə tərzində və Xorasan üslubu (səbk-i Xorasani) ilə şeirlər yazmaqla bərabər novatorluğa açıq bir şair olan Bahar yenilik tərəfdarı gənc şairlərə də yol göstərib. Mərsiyə, qəhrəmanlıq və eşq şeirləriylə satira və yumor tərzindəki şeirlərində XXI əsr şairlərinin üslubundan faydalanıb.

Mirzə Məhəmmədtağı Baharın əsərləri çox istiqamətlidir. Teksşünaslıq, tərcümə, tənqid və toplama kimi çalışmaları olan Baharın bəlli başlı əsərləri bunlardır:

1. Divan (I-II, Tehran, 1335-1336 hş./1956-1957).

2. Səbkşinasi ya tarix-i təṭavvür-i nəsr-i farisi (I-III, Tehran, 1321 hş./1942).

3. Tarix-i təṭavvür-i şeʿr-i farisi (Məşhəd, 1334 hş./1955; Tehran, 1342 hş./1963). Fars dilində nəsr dilinin inkişaf tarixindən başlayaraq dönəmlər halında dil və ədəbiyyata meydana gələn dəyişmə və gəlişmələrin örnəklərlə açıqlandığı bu əsər, ədəbiyyat fakültələrində doktorluq üçün oxutulmaq üzrə qələmə alınıb.

4. Çahar xiṭabə (Tehran, 1305 hş./1926). Bəzi şeirlərini ehtiva edir.

5. Zindəgani-yi Mani (Tehran, 1313 hş./1934).

6. Risalə dər əḥval-i Firdovsi (İsfahan, 1313 hş./1934).

7. Risalə dər tərcümə və əḥval-i Məḥəmməd bin Cərir Ṭabəri (Tehran, ts.).

8. Tarix-i Müxtəṣər-i əhzab-i siyasi və inqiraz-i Qacariyyə (Tehran, 1323-1325 hş./1944-1946). Bu əsərdə İranda demokratik hərəkatların başlamasıyla birlikdə qurulan siyasi partiyaların tarixçəsi ilə Qaçar xanədanının çöküş səbəbləri anladılır.

9. Dəstur-i zəban-i farisi (Tehran, 1329 hş./1950). Bədiüzzaman Füruzanfər, Cəlal Hümai və Rəşid Yasəmi ilə birlikdə hazırladığı iki cildlik farsca dil bilgisi kitabıdır

Mirzə Məhəmmədtağı Baharın bunlardan başqa “Kənizan-ı səfid” adlı romanı, “Mehr və pəyam-i Nəvin” dərgilərində nəşr olunmuş məqalələrini ehtiva edən “Şeir dər İran” (Tehran, 1333 hş./1954) adlı əsəri ilə “Nəqqaşi və təhzibkari dər İran”, “Xəṭṭ u zəban-i Pəhləvi dər ʿəsr-i Firdovsi”, “Ədəbiyyat-i hind” və “Bazgəşt-i ədəbi” kimi önəmli məqalələri də vardır. Ayrıca Orta farsca (Pəhləvi) ilə yazılmış bir neçə mətni də “Tərcəmə-i çənd mətn-i Pəhləvi” (nşr. M. Gulbun, Tehran, 1347 hş.) adı ilə müasir fars dilinə çevrilib.

Mirzə Məhəmmədtağı Bahar mətnşünas alim kimi bir çox yazılı ədəbiyyat nümayəndələrinin əsərlərini də müqayisəli-tekstoloji cəhətdən araşdıraraq nəşr etdirib. Bu nəşrlər arasında Məliküşşüara Fəthəli xan Səba Kaşani, Gülşən-i Ṣəba (Tehran, 1313 hş./1934); Tarix-i Sistan (Tehran, 1314 hş./1935); Baba Əfdal, Tərcümə-i risalə-i nəfs (Tehran, 1316 hş./1937); Mücməlüttəvarix vəl-ḳiṣaṣ (Tehran, 1317 hş./1939); Əvfi, Cəvamiʿul-ḥikayət və ləvamiʿur-rəvayət (Tehran, 1324 hş./1945) adlı müəlliflər və əsərlər var. O, Bəlaminin “Tarix” kitabını nəşrə hazırlasa da, əcəl imkan verməyib. Onun vəfatından sonra bu əsər M. Pərvin Gunabadi tərəfindən nəşr edilib. (Tehran 1341 hş./1962)

Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

Mirzə Məhəmmədtağı Bahar mötəbər tədqiqatı, dəyərli elmi-nəzəri dəyərləndirmələri ilə tanınırdı. O, bir müəllim kimi həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışıb.

Şərhlər bağlıdır.