ERMƏNİLƏRİN MİLLİ MƏDƏNİYYƏTİNİ İNKİŞAF ETDİRMƏK ÜÇÜN İRANDA HƏR CÜR ŞƏRAİT YARADILIB

İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını bəyan edib. Bu barədə məlumat yayan Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılması rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopu ilə birgə planıdır.

Həmzəzadə aprelin 20-də Azərbaycanda yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyanla görüşündə ermənilərin abidə və əsərlərinin qorunub saxlanılmasını başçılıq etdiyi idarənin əsas hədəflərindən biri olduğunu deyib və bildirib ki, Təbrizdə Erməni Muzeyinin yenidən yaradılması gündəmdədir.

Erməni yepiskop Qriqor Çiftçiyan da İran hökuməti qurumunun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib.

Qeyd etmək lazımdır ki, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə yerli xalq Güney azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir.

Güney azərbaycanlıların tarixi abidələrinin dövlət tərəfindən təmir edilmədiyi halda İran rejiminin ermənilərin orada özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə və muzey yaratmaqda məqsədi nədir?

Bununla bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a bildirib ki, İran hakimiyyəti ermənilərə xüsusi diqqət göstərməklə ölkədə dini azlıqların hüquqlarını müdafiə etdiklərini dünyaya göstərmək istəyir. Azerbaycan-ruznamesi.org həmin söhbəti dərc edir.

“Əslində, İranda bütövlükdə 300-400 min arası xristian dininin təmsilçilərinin olduğu bildirilir. Ermənilər parlamentdə kvota ilə 2 deputatla təmsil olunurlar. Ermənilərin milli mədəniyyətini inkişaf etdirmək üçün İranda hər cür şərait yaradılıb. Tehran, İsfahan, Təbrizdə onların sanki toxunulmazlıqları var. İranda qəbul olunmuş ümumi qaydaların bir çoxu ermənilərə şamil edilmir. Ermənilər spirtli içki içə və sata bilər. Qapalı məkanlarda özlərinə məxsus kafe və restoranda hicab qaydalarını gözləmədən başı açıq gəzə bilər. Erməni dilində məktəblər fəaliyyət göstərir. Erməni kilsəsi fəaliyyətini həmişə genişləndirir. İranda dünya ermənilərinin toplantısı keçirilir. Hər il aprelin 24-də ermənilər Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirir və orada Azərbaycan və Türkiyənin əleyhinə şüarlar səsləndirirlər. Yeri gəlmişkən onu da deyim ki, 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfəri zamanı “Qarabağ Ermənistandır” şüarını vermişdi. Paşinyanın tədbir keçirdiyi salonda “Qarabağ Ermənistandır” şüarı yazılan plakat asılmışdı. İranda protokol qaydasına görə bu tip tədbirlərə qabaqcadan hazırlıqlar gedir. Amma İran hakimiyyəti bu məsələyə göz yummuşdu və “Qarabağ Ermənistandır” şüarı yazılmış salonda Paşinyan tədbir keçirmiş və buna İran hakimiyyətində etiraz etməmişdilər. Bu, İran tərəfindən çox ciddi və yanlış addım idi”.

Təbrizdə ermənilərlə bağlı muzeyin açılmasına gəldikdə isə siyasi şərhçi qeyd edib ki, Təbrizdə Ərk qalası, Göy məscid var. Təbriz ətrafında və Güney Azərbaycanda türklərə məxsus çoxsaylı milli-mədəni abidələr var:

“Bu abidələrin tarixi yüz, min illərlə ölçülür. Bunlar dağılır. Güney azərbaycanlı ziyalılarının Tehran hakimiyyətinə çoxsaylı müraciətlərinə baxmayaraq bu abidələrin dağılması, aşınması prosesi davam edir”.

Sədrəddin Soltan deyib ki, Tehran hakimiyyəti ermənilərə xüsusi diqqətlə həm də xristian dünyasının rəğbətini qazanmaq istəyir. Hesab edir ki, bu münasibətlə guya xristian dünyasının rəğbətini qazana biləcək:

“Əslində burda təkcə xristianlıq deyil həm də etnik olaraq ermənilərlə İran mərkəzli fars düşüncə sistemi təmsilçiləri arasında bir yaxınlıq var. Bu düşüncə ssiteminin, bu ideologiyanın nümayəndələri hesab edir ki, ermənilərlə farslar eyni etnik qrupa aiddirlər. Hətta İrəvanda fars dili və ədəbiyyatı konfransında İrandan olan alimlər bunu etiraf etmişdilər. Odur ki, bunlarda ermənilərə xüsusi bir rəğbət var. Bu rəğbət də heç şübhəsiz özünü Təbrizdə də göstərir. Ermənilərə qarşı bu sayaq davranışın digər məqamı isə Azərbaycan türklərinə qıcıq verməkdir. Eləcə də erməniləri güney azərbaycanlı türkünə və quzey azərbaycan türkünə qarşı alət olaraq istifadə etmək üçün əldə saxlamaqdır. Bundan başqa İran ərazisində çoxlu sayda kilsələr var. Bu kilsələrin hamısına ermənilər yiyə durmaq istəyir və bunu erməni mətbuatı erməni kilsəsi kimi təqdim edir. İran hakimiyətində də heç bir qurum ermənilərin bu iddiasına qarşı çıxmır. Halbuki, həmin abidələr xristianlıq dövründə Azərbaycan türklərinə məxsus olmuş dini ibadət yerləridir”.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri vurğulayıb ki, ermənilərlə İran hakimiyyətinin iş birliyini biz Qarabağda da gördük:

“Məlum oldu ki, Qarabağda dini ibadət yerlərinin dağıdılmasında İran hakimiyyəti Ermənistana heç bir basqı etməyib. Şuşada İranın bərpa etdiyi Yuxarı Gövhər Ağa məscidində də İran öz damğasını vurmağa çalışıb. Yaxud, İrəvanda Göy məscidin bərpasında da İran hakimiyyəti öz damğasını vurub və oranı İran mədəniyyət mərkəzi elan edib. Bu İran mərkəzli fars düşüncə sisteminin daşıyıcılarının Azərbaycan türkünə, türk millətinə, etnosuna münasibətini təzahür edir. Xristian ermənilərinə hörmət və ehtiram edən İran hakimiyyəti xristian dinini qəbul etmiş İran vətəndaşlarını az qala vətən xaini elan edirlər. Bu İran hakimiyyətinin ermənilərə münasibətindəki xristianlığa deyil, erməni etnik qrupunun özünə yaxın bildiyinə görə yanaşmasıdır”.

Bəxtiyar CƏFƏRLİ

Şərhlər bağlıdır.