SEYİD CƏFƏR PİŞƏVƏRİNİN ÖLÜMÜ MAYOR

NƏZƏRİNİN XATİRƏLƏRİNDƏ

I hissə

Seyid Cəfər Pişəvərinin şəxsiyyəti və mübarizəsi, onun başçılığı ilə qurulmuş Azərbaycan Milli Hpkumətinin fəaliyyəti yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq hər zaman tədqiqatçıların diqqətində olmuşdur.Bu mövzuya aid onlarca kitab yazılmışdır. Bunların içərisində tarixi gerçəkliyi obyektiv əks etdirən əsərlərlə yanaşı,qərəzli mövqedən yazılmış yazılar da vardır.Eyni zamanda bu kövrək mövzuya həmin hadisələrin canlı şahidlərinin, hərbçilərin, siyasətçilərin xatirələrində də kifayət qədər yer almışdır.

Milli Hökumətin zabitlərindən biri olmuş Həsən Nəzərinin bir neçə il əvvəl Berlində alman dilində çap edilmiş “Pişəvəri hökumətinin yüksəlişi və süqutu tarixinə dair” kiçik bir bölümdən bəhs edəcəyik.Təəssüflə qeyd etməliyik ki, həmin kitab 1997 – ci ildə Tehranda fars dilində nəşr edilərkən naşir tərəfindən kitaba ” Qomaştegiya – ye bədfərcam”, yəni

“Pis aqibətli nökərçilik” adı qoyulmuşdur.

Əvvəlcə müəllif haqqında qısa məlumat: H.Nəzəri 1920 – ci ildə Ənzəlidə anadan olmuş, İsfahanda hərbi hava qüvvələri zabiti kimi xidmət etdiyi zaman Tudə Partiyasının gizli hərbi təşkilatını yaratmağa cəhd etdiyinə görə həbs edilmiş, lakin həbsdən qaçaraq şah rejiminə qarşı qiyam etmiş Xorasan zabitlərinə qoşulmuşdu. 1946 – cı ildə həmin zabitlər Təbrizə gələrək Azərbaycan Milli Hökumətinin ordusunda vəzifə tutmuşlar. Hökumətin süqutundan sonra o da Bakıya gəlmiş, burada təhsilini davam etdirmiş, sonra Şərqi Almaniyaya getmiş, 1971 – ci ildə Berlin Univesitetində iqtisafiyyat üzrə doktorluq elmi işi müdafiə etmiş, orada univesitetlərdə tədris ilə məşğul olmuşdur. Adını çəkdiyimiz kitabı öz xatirələrinin birinci kitabı kimi 1992 – ci ildə Berlində nəşr etdirmişdir.

Son günlərin şahidi nə yazır?

O həmin günləri belə təsvir edir:

Pişəvəri, nəhayət, 1947 – ci ilin iyununda Azərbaycan KP MK – nın birinci katibi Mircəfər Bağırovun razılığını aldı ki, mühacir fədailərdən könüllülük əsasında iki hərbi təlim düşərgəsi yaradılsın və bunlar əlverişli an yetişən kimi Təbrizə qayıdıb şahlıq rejimi ilə mübarizəni davam etdirsinlər.

Qərara alındı ki, hərbi düşərgələrdən biri Gəncə yaxınlığında Hacıkənddə, digəri isə Şəkidə Şah Abbas karvansarasında təşkil olunsun. Hacıkənddəki düşərgənin komandiri vəzifəsinə Seyid Tağı Musəvi, Şəki düşərgəsinə isə mayor Həsən Nəzəri təyin edildilər.Hacıkənddə 250, Şəkidə 120 fədaidən ibarət düşərgələr tezliklə yaradıldı və hərbi təlimlərə başlandı. Əsgərlərdən hərbi düşərgələrdən kənara çıxmaq haqqı yox idi, yalnız komandirlərə icazə verilirdi ki, lazım olduqca şəhərə çıxıb düşərgənin ehtiyacları üçün ərzaq və zəruri təchizatları alsınlar. Düşərgədə saat 6 – da həyat başlayırdı, idman, səhər yeməyi, sonra isə gülləsiz silahlarla təlimlər keçirilir, fədailərlə İrana qayıtmaq, mübarizəni davam etdirmək barəsində söhbətlər aparılırdı.

Mayor Nəzəri yazır: “Avqustun axırlarında hər iki düşərgəyə xəbər göndərildi ki, Pişəvəri, Qulam Yəhya Danişyan və sovetlərin bir yüksək rütbəli zabiti bizim düşərgələrə gələcəklər. Onlar əvvəkcə Haclkənddəki düşərgəyə, sonra Şəkidə mənim başçılıq etdiyim düşərgəyə baş çəkəcəkdilər. Bütün fədailər sevinc içərisində idilər. Güman edirdik ki, yəqin, bizi İrana yola salmaq üçün gəlirlər.

Onların gəlişindən bir gün əvvəl mən fədailərdən birini ixtiyarımda olan Kreysler avtomobili ilə Kirovabada Pişəvərinin yanına göndərdim və bir məktubla ondan xahiş etdim ki, gələrkən özü ilə otuz min rubl pul da gətirsin ki, mağazalardan aldığımız ərzaq üçün yığılmış və digər məsrəflərimizi ödəyə bilək. Həmin gün elə həmin fədai ilə mənə belə bir məktub yolladı: “Sənin avtomobilini müvəqqəti olaraq müsadirə etdik, sabah nahar üçün piti hazırlatdır.Otuz min rublu özümlə gətirəcəyəm.”

Məktubu bütün fədailərə oxudum, hamı bundan çox sevindi və artıq kazarmaya çevirdiyimiz Şah Abbas karvansarasını silib təmizləməyə başladıq.

Ertəsi gün həmişəki kimi təlimlərimizlə məşğul olduq, aşpazımız da yaxşı boşbaş bişirdi. Nahar vaxtı qonaqlarımız gəlib çıxmadılar.Daha bir saat gözlədikdən sonra fədailərin yeməyinin verilməsi üçün göstəriş verdim, eyni zamanda, qonaqlarımız üçün yeməyi isti saxlamağı aşpaza tapşırdım. Qonaqlarımızın gecikdiyinə görə mən narahatçılıq içindəydim ki, “Cip” maşını karvansaraya daxil oldu, maşından düşən bir mayor mənim yanıma gəlib özünü təqdim etdi və astadan mənə bildirdi ki, bu gün səhər saat 7 – də Pişəvəri, Daneşyan və İranlı qaçqınlar üzrə məsul, Azərbaycan SSR – nin Daxili İşlər Nazirinin müavini polkovnik Nuru Quliyev Kirovabad – Yevlax yolunda körpünün yaxlnlığında avtomobil qəzasına düşüblər və üçü də ağır yaralı halda Kirovabad xəstəxanasına gətirilib. Onların müalicəsi üçün Bağırov yoldaşın tapşırığı ilə Bakıdan cərrahlar yola salınıb ki, onları müalucə etsinlər. Həmin mayordan xahiş etdim ki, məni Kirovabada Pişəvərinin yanına aparsınlar və artıq saat 4 – də mən onunla Kirovabada – xəstəxanaya yetişdim. Yaralıların hər üçünü də gördükdən sonra başa düşdüm ki, çoxlu qan itirdiyindən Pişəvərinin vəziyyəti daha ağırdır.

Daneşyanın döş qəfəsi və qabırğası, Quliyevin bir ayağı möhkəm yaralanmışdı. Saat 5 – də həkimlər Pişəvərinin vəfat etməsi xəbərini çatdırdılar və mənə qaranlıq gəldi ki,həmin gün onlar nə üçün bizim yanımıza gəlmişlər.”

“Pişəvərinin maşını nə üçün və nə təhər qəzaya uğradı?”

 Belə bir ad daşıyan son bölümlərdən birində Nəzəri yazır: “Həmin hadisələrdən bir gün əvvəl Pişəvəri Hacıkənd düşərgəsinin komandiri mayor Musəvi ilə həmin düşərgəyə baş çəkmişdi. Düşərgəyə gedən yol sovet hərbi hissəsinin içindən keçirdi, yalnız Pişəvərinin və Musəvinin oradan keçməsinə icazə verilmiş, Danişyan və Quliyev Hacıkənddə çayxanada oturub onların geri dönməsini gözləməyə məcbur olmuşdular.

Pişəvəri fədailərlə görüşdən sonra Danişyan və Quliyevlə bərabər Kirovabada qayıtmışlar.Sonra Pişəvəri may ayından oradakı pilot məktəbində təlim keçən azərbaycanlı pilotlara baş çəkmiş, bu təlim mərkəzinin rəhbərləri ilə görüşmüşdü. Mehmanxanaya qayıtdıqdan sonra Pişəvərinin şoferi Melikiyan ona bildirmişdir ki, ona məxsus Biyuk maşının matorunda nasazlıq əmələ gəlmişdir, maşının benzini də qurtarmışdır və əgər sabah ertədən yola çıxacaqlarsa, gərək Kreysler maşını ilə gedələr. Bundan sinra Pişəvəri mayor Musəviyı tapşırır ki, benzin alsınlar.

Musəvi və şofer Məlikiyan benzin stansiyasına gedirlər, lakin müdir bildirir ku,yalnız Kirovabad şəhər İcraiyyə Komitəsinin sədri Nəzərinin yazılı icazəsi ilə benzin verilə bilər və Kreyslerin bakını benzinlə doldururlar.Gecədən keçmiş – saat 2 – də bu işləri qurtarıb yatırlar və Məlikiyan saat 5 – də onları yuxudan oyadır, saat 6 – da isə Kirovabaddan yola düşürlər. Kirovabad – Yevlax yolu yaxşı asfalt yol idi və avtomobili saatda yüz km. sürətlə sürmək olar. Lakin yollarda maşın çox az, benzindoldurma stansiyaları yox idi…

(ardı var)

Şərhlər bağlıdır.