S.C.PİŞƏVƏRİNİN ÖLÜMÜ MAYOR H.NƏZƏRİNİN XATİRƏLƏRİNDƏ

II HİSSƏ

Kirovabaddan təzəcə aralanıblarmış ki maşının ön oturacağında sürücünün yanında oturmuş Pişəvəri xoruldamağa başlayır., Quliyev Pişəvərini oyadır və deyir ki, onun yataraq xoruldaması hamını, o cümlədən sürücü Məlikiyanı narahat edir və onun yatması sürücüyə də təsir edər və bu,təhlükə yaradar.Bir neçə dəqiqədən sonra həmin səhnə təkrar olunur və yenə Quliyev Pişəvəriyə xəbərdarlıq edir.Sonra Quliyev və Danişiyan da yuxuya gedirlər və xoruldamağa başlayırlar.Onların yatması gecəni yuxusuz keçirmiş Məlikiyana da təsir edir və onu da yuxu tutur və böyük sürətlə gedən avtomobil Yevlaxın iki kilometrliyində Məsil körpüsünün kənarına çırpılır.Qabaqda oturan Pişəvəri alnından yaralanır, qalanlar da yaralanırlar.Amma Məlikiyan sükandan yapışdığına görə elə bir xəsarət almır.

Bədbəxtlikdən, saat 7 – dən 9 – a qədər həmin yoldan heç bir maşın keçmir.Saat 9 – da Yevlaxdan Kirovabada gedən bir yük maşınının sürücüsü hadisəni görür və Kirovabadın məsullarına xəbər verir. Kirovabaddan göndərilən ” təcili yardım” maşını Pişəvəri, Daneşyan və Quliyevi xəstəxanaya gətirir. Lakin çox qan itirdiyindən bakılı cərrahlar ona kömək edə bilmirlər.

Stalinin məlum rejimi şəraitində bu gözlənilməz hadisə Azərbaycan SSR – nin təhlükəsizlik və partiya məsulları üçün başağrısı doğura bilərdi.Buna görə belə şaiyə buraxıldı ki, sürücü Məlikiyan ingilislərin cəsusu imiş və onların tapşırığı ilə bu cinayəti törətmişdir.O zaman bu cür ittihamlar DTK- nın qanunsuz hərəkətlərinə rəvac vermək üçün dəbdə olan ittihamlardan idi.Lakin bir neçə il sonra Dövlət Təhlükəsizlik Komitəsinin cinayətlərinin üzə çıxarıldığı məhkəmə prosesində bu məsələyə də aydınlıq gətirildi.

1953 – cü il iyunun 10 – da Lavrenti Beriyanın həbs olunmasından, 1956 – cı ildə Sov.İKP – nin XX qurultayında isə Stalinin cinayətlərinin ifşa edilməsindən sonra, demək olar ki, bütün sovet respublikalarının partiya və təhlükəsizlik orqanlarının rəhbərləri məhləməyə çəkilib mühakumə olunmağa başlandılar. Azərbaycanda da KP MK- nın birinci katibi Mircəfər Bağırov,Daxili İşlər Naziri Ağasəlim Atakişiyev, DTK sədri Yemelyanov həbs edilib məhkəməyə verildilər.1956 – cı ilin aprelində onların məhkəməsi başlandı.

H.Nəzəri yazır ki, o zaman Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıtmışdı və bir neçə ay idi ki, Azərbaycan Elmlər Akademiyasl Neft İnstitutunda elmi işçi vəzifəsində işləyirdi. Məhkəmə açıq olsa da , yalnız xüsusi dəvətnamə ilə orada iştirak etmək mümkün imiş.Məhkəmənin iştirakçısı kimi H.Nəzəri qeyd edir ki, onun iştirak etdiyi məhkəmə iclasında İranla bağlı məsələlərdən də söz düşməsi onun üçün çox maraqlı idi.Mircəfər Bağırov və Yemelyanov üç məsələdə:Pişəvərinin ölümündə və Azərbaycan Demokrst Firqəsinin təşkilində, komsomolun birinci katibinin edamında, ermənilərin dünyanın müxtəlif ölkələrindən SSRİ – yə gətirilməsində ittiham edilirdilər.

Məhkəmədə Yemelyanovu məhbusları döyüb, işgəncə verməklə ittiham edəndə o dedi ki, bir ingilis cəsusu olub Pişəvərini öldürməkdə təqsirli bilinən Məlikiyandan başqa o, heç bir məhbusu döyməmişdir.O demişdir:

“Məlikiyan iki il İranın Abadan şəhərində ingilis şirkəti rəisinin sürücüsü olmuşdu, özünün etirafına görə, ingilislərin cəsusu imiş və Cənubi Azərbaycan demokratik hərəkatına qoşulmuş, demokratlarla bərabər Sovet İttifaqına qaçmış və firqə rəhbərinin sürücüsü kimi Bakıda işləməyə başlamışdı.Biz onun cibindən otuz min rubl tapdıq, amma o dedi ki, bu pulu ona Pişəvəri veribmiş, lakin izah edə bilmədi ki ingilislər bu pulu ona Pişəvərini öldürmək üçün vermişlər.”

H.Nəzəri yazır ki, Yemelyanov hamıdan yaxşı bilirdi ki, bu otuz min rublu Pişəvəri Məlikiyana verib., bu pullar fədailərin aylıqları və məsrəflərini ödəmək üçün nəzərdə tutulmuşdu.Buna baxmayaraq məhkəmədə yalan deyirdi.Nəzəri yazır:” Pişəvərinin ölümündən bir gün əvvəl mənə göndərmiş olduğu məktubu o zaman məndən almışdılar və bilirdilər ki, bu pulun Məlikiyana verilməsində heç bir ingilisin əli yoxdur, lakin bu ” məsləhət görülmüş yalan”ı uydurmaqla Azərbaycanın partiya və təhlükəsizlik orqanlarının suçunu azaltmaq, İrandan gəlmiş qaçqınlar arasında bir ingilis casusunun bu hadisəyə səbəbkar olduğunu Pişəvərini şəxsən tanıyan Stalinin diqqətinə çatdırmaq istəyirdilər.

H.Nəzəri yazır ki, biz hamımız Pişəvərinin ölümündən çox narahat olduq, eyni zamanda, qorxmağa başladıq ki, yəqin, bizim İranla aparmağa hazırlaşdığımız silahlı mübarizə planı daha baş tutmayacaq.Belə də oldu və Pişəvərinin ölümündən iki gün sonra Azərbaycan hökumət məsullarından iki nəfər Şəkiyə gəldi və şəhər partiya komitəsində mənimlə söhbət etdi.Əvvəlcə mübariz kommunist Pişəvərinin ölümü ilə mənə başsağlığı verdilər, sonra bildirdilər ki, imperialistlər Şəkidə və Kirovabadda fədailərdən ibarət hərbi düşərgələrin təşkilindən və onların planlarından xəbər tutublar və Ankara radiosu bu xəbəri türkcə, farsca və digər dillərdə dünyaya yaymışdır.Bununla əlaqədar İran dövləti Amerikanın köməyi ilə bizimlə sərhəd məntəqələrə çoxlu silahlı qüvvə və hərbi texnika toplayıb ki, fədai dəstələrinin İrana keçməsinin qarşısını alsın.Ona görə bizə tövsiyyə etdilər ki, biz əlverişli şərait yaranana qədər İrana qayıdıb mübarizə aparmaq fikrindən əl çəkək.Ertəsi gün artır hər iki düşərgənin fəaliyyəti dayandırıldı və fədailərin əvvəlki iş və yaşayış yerlərinə göndərilməsi başlandı.

Həmkarlarımdan biri olan kapitan Gülməhəmmədi bu məsələ ilə öz gümanını mənə danışdı ki, hərb düşərgələrinin fəaliyyəti haqqında xəbərləri Sovetlərin özləri xarici informasiya vasitələrinə ötürüblər ki, sonra bundan istifadə edərək bu düşərgələri bağlasınlar və İrana nümayiş etdirsinlər ki, SSRİ İrana qarşı hər hansı bir fəaliyyətə yol verməyəcək.Bununla Sovetlər İranla bağladıqları neft müqaviləsini Qəvam vasitəsilə məclisdən keçirməyə ümid edirdilər.

Həsən Nəzəri xatirələrinin sonunda qeyd edir ki, illər keçəndən, Sovet dövlətinin və Kommunist Partiyasının siyasətinə yaxından bələd olandan sonra artıq rəhmətə getmiş həmkarının gümanının doğruluğuna qəti inanmışdır.O anlamışdır ki, Pişəvərinin ölümü, fədai düşərgələrinin ləğv edilməsi Sovetlərin İranın şimlındakı neft maraqları ilə bağlı imiş və onlar ümid edirmişlər ki, bu yolla İrana sadiq olduqlarını nümayiş etdirəcək və Qəvamın verdiyi vədlərin reallaşmasına şərait yaranacaqdır.

 

“Ayna”qəzeti, 14 dekabr 2001 – ci il

 

Şərhlər bağlıdır.