“SARMAT”IN YARATDIĞI QORXU

LONDONA 13 DƏQİQƏ BƏS EDƏR

Rusiya ötən gün “Sarmat RS-28” adlı yeni qitələrarası ballistik raketini təqdim etdi. Həmin andan dünyanın müzakirə obyektinə çevrilən sistem haqqında bir çox suallar ortaya çıxdı. Belə ki, NATO–nun “şeytan” ləqəbi verdiyi və dünyanı qorxuya salan bu raket kompleksi digərlərindən nə ilə fərqlənir?

Donbas uğrunda müharibənin başlamasıyla Rusiyanın bu raket kompleksinin dünyaya nümayiş etdirməsi arasında olan bağlılıq nədir?

Azerbaycan-ruznamesi.org  Haber Global-a istinadən xəbər verir ki, Ukrayna böhranında danışıqlar yolu hazırda perspektivli görünməsə də, Rusiya Prezidenti Vladimir Putin dünən “Sarmat RS-28” adlı yeni qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini açıqladı. Kremldəki mənbələrə görə, “Sarmat RS-28” NATO-ya qarşı yaradılıb, raketin çəkisi isə 200 ton olaraq açıqlanıb.

“Sarmat 2”-dən danışan Putin bildirib ki, Rusiya ən böyük nüvə dövləti olub və indi də belədir: “Unutmayın, heç kim bizimlə danışmaq istəmirdi. Heç kim bizi dinləmədi”.

Bildirilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi Soyuq Müharibədən sonrakı dövrdə Qərbdə ən qaynar münaqişə nöqtəsi olub. Ukraynada humanitar böhranın şiddətləndiyi bir vaxtda rus ordusunun Buça, Brodonskaya və İrpində çəkilməsindən sonra ortaya çıxan qırğınların görüntüləri şok effekti yaradıb.

Raketin Ukrayna müharibəsinin ortasında nümayiş etdirilməsi də müxtəlif şərhlərə səbəb olub. Rusiyanın Plesetsk vilayətindən buraxılan raket 6 min kilometr uzaqlıqdakı Kamçatka yarımadasına atılıb. Putinin açıqlamasına görə, “Sarmat”ı dayandıra biləcək raketdən müdafiə sistemi yoxdur. Kreml bu raketin həm də Rusiyanı təhdid edən insanlara da bir mesaj olacağını düşünür.

18 MİN KM UÇUŞ MƏSAFƏSİ

Rusiya Müdafiə Nazirliyi “Sarmat”ı dünyanın ən güclü qitələrarası raketi kimi təqdim edib. 10-15 nüvə başlığına malik raket 18 min kilometr uçuş məsafəsinə malikdir və eyni vaxtda hipersəs sürətlə döyüş başlıqları daşıya bilir.

Strateq İan Uilyams “Sarmat”ı “dünyanın ən güclü silahı” kimi təsvir edir, hərbi analitiklər isə Rusiyanın uzaq qərbindən buraxılarsa, onun Londonu 13 dəqiqəyə vura biləcəyini deyir.

Raket tamamilə Rusiya istehsalı olan hissələrdən ibarət olduğundan, sanksiyalar onun aktivləşməsinə mane olmur. Rus ordusu “Sarmat”ı ilin sonuna kimi hazır vəziyyətə gətirəcək. Britaniya müdafiə nazirinin keçmiş müavini Jim Townsend deyir ki, Rusiyanın öz raketlərini nümayiş etdirməsi Ukraynadakı çarəsizliyin təzahürüdür. Rusiya bu yaxınlarda Ukraynaya daha ağır silahlar göndərəcəklərini bildirib.

Bu raket sisteminə ABŞ da öz münasibətini bildirib. ABŞ Müdafiə Nazirliyi raket sınağını təhdid kimi görmədiyini, bunu rutin prosedur kimi qəbul etdiyini bildirib.

Raket sınağı elan edilməzdən əvvəl Putin bir qrup tələbə qarşısında çıxışında Donbasa sülh gətirmək arzusunda olduğunu bildirib.

“SARMAT” “VOEVODA”NI ƏVƏZ EDƏCƏK 

NATO Rusiyanın yeni raketini “Şeytan 2” adlandırıb. “Sarmat” 1962-ci ildə dizayn edilmiş Sovet istehsalı olan “Voevoda”nı əvəz edəcək. “Voevoda” üç döyüş başlığı daşıya bilərdi. “Voevoda” NATO dövründə “Şeytan SS-18” ləqəbini almışdı. Bu səbəbdən Qərb yeni raketi “Şeytan 2” adlandırır.

Corctaun Universitetində çalışan Metyu Kroeniq Rusiyanın bu addımını dəyərləndirərkən bu fikirləri səsləndirib: “Bayden hər dəfə Rusiya ilə münaqişəyə girmək istəmədiyini söyləyəndə bu strategiya işləyir. O da nüvə müharibəsi istəmir. Bu, Putin və Rusiya üçün pisdir”.

Rusiya Ukraynanı işğal etdikdən sonra ABŞ “III Minuteman” qitələrarası raketinin sınaqlarını dayandırmaq qərarına gəlmişdi. ABŞ bu qərarı verərkən Rusiyanın daha bir böyük döyüş silahı nümayiş etdirməyəcəyini düşünüb.

Qeyd edək ki, ötən illər ərzində Sovet İttifaqı ilə ABŞ arasında nüvə silahlarına nəzarət üçün çoxlu razılaşmalar olub.

RUSİYA ABŞ-a MƏLUMAT VERDİ

Rusiya ilə ABŞ arasında bağlanan “START” sazişinə əsasən, tərəflər nüvə sınaqlarından əvvəl bir-birlərini məlumatlandırmaq məcburiyyətindədirlər. Rusiya “Sarmat”ın buraxılmasından əvvəl Pentaqona məlumat verib.

Bu müqavilələrin müddəti 2026-cı ilin əvvəlində başa çatacaq. “Sarmat 2”-nin sınaqlarına 2021-ci ildə başlanacağı gözlənilirdi, lakin bu, maliyyə çatışmazlığı və dizayn maneələri səbəbindən baş tuta bilmədi. Hələ 2018-ci ildə “Sarmat” üçün hazırlanan animasiyada raketin dünyanı dolana bildiyi bildirilmişdi.

Rusiya da son aylarda vaxtı keçmiş peyki vurmaq üçün qabaqcıl raket texnologiyasından istifadə edib. NASA bildirib ki, Rusiyanın bu addımı Yer kürəsini təhlükə altına alıb və raket parçaları atmosferə səpələnib. ABŞ prezidenti Donald Tramp Putinlə mehriban dialoqda olduğunu bəyan etsə də, Tramp dövründə ABŞ nüvə tədqiqatlarının payını ciddi şəkildə artırıb.

Şərhlər bağlıdır.