ƏKRƏM RƏHİMLİNİN (BİJE) XATİRƏSİNƏ…

MİLLİ HÖKUMƏTİN GÖRKƏMLİ YADİGARINI İTİRDİK

Düz on gündür ki, Əkrəm Rəhimlinin (Bije) ağır itkisini ya.ayırıq. Çox üzüldük. Akademik bilikli Əkrəm müəllim Azərbaycanın Milli Hökumətinin görkəmli yadigarlarından biri, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin və siyasi börosunun üzvü idi. Bu ağır itki təkcə Azərbaycanın Güneyinin deyil, bəlkə bütöv Azərbaycanın payına düşür.

Əkrəm müəllim 1932-ci ildə (1311-ci şəms ili) Mərənd şəhərinin yuxarı Dizə kəndində dünya göz açmışdı. İbtidai təhsilini doğma kəndində bitirərək, yeniyetmə yaşlarında Azərbaycan Demokrat Firqəsinin gənclər təçkilatının sırasına qoşulmuşdu. Milli Hökumətin süquta uğradıqdan sonra ailəsi ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirətə məcbur olmuşdur. O, Bakı və Gəncə şəhərlərində təhsilini davam etdirərək, 1957-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirərək, müəllimllik peşəsini seçmişdir.

Ə.Bije 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının şərqşünaslıq bölməsində magistraturanı bitirmiş, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Eyni zamanda o, Azərbaycan Demokrat Firqəsinin fəaliyyət və yolunu izləyərək, Milli Hökumətin görkəmli rəhbəri Pişəvəri haqqında tədqiqat işlərini başlamışdır. Bununla bərabər Əkrəm müəllim Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan bölməsinin müdiri vəzifəsində işləmişdir. Bu sahədə bir çoxlu kitablar, məqalələr, elmi məruzələr, dəyərli çıxışlar Əkrəm müəllimdən yadigar qalmışdır.

Alim təkcə Güneylə yox, bütöv azərbaycanlıların həyat və fəaliyyətləri ilə də maraqlanırdı. Yaxşı yadımdadır, 2006-cı ildə Dünya Azərbaycanlılar Konqresinin Ankarada keçirilən qurultayına dəvətnamə göndərdiyim zaman, Əkrəm müəllim böyük həvəslə bu məclisə fəal qatılıdı.

Türkiyə qurultayı İran rejiminin əngəlləmə səbəblərindən çox da asan olmadı. Ali məclisin təşkilatçısı kimi və dünya azərbaycanlıların təşkilat məsulu, birinci müavini kimi çalışdığım üçün, həmin qurultayın ağır yükünü daşıyanlardan biri də mən idim. Ankarada öncə Qazi Universitetində yaratdığımız komitə vasitəsilə hazırlıq işləri, dünyanın 34 ölkəsindən Ankaraya toplanan qonaqların gözü qarşısında tamamilə ləğv edilmişdi. Qazi universitetinin rektoru bu işin yuxarıdan deyildiyini bəyan etdi. Məcbur olaraq Türkiyə Xarici İşlər Nazirliyinə müraciət etdim. Məsələnin nə olduğunu Xarici İşlər Nazirliyinin əlaqə şöbəsinə açıqlamağa məcbur oldum. Sözdə qurultayın keçirilməsinə müsbət cavab alsam da, hotellər bizə yer verməkdən birbaşa olmasa da, qeyri-müstəqim imtina edilirdi. Nəhayət iki gündən sonra Asiya hotelində bir zal kirayə tapa bildik və qurultayın gündəliyini yerinə yetirdik.

Amma etiraf etmək istəyirəm ki, Əkrəm müəllim və onun kimiləri, şücaətlə hər bir addımda bizimlə olmasyadı, bəlkə də İran İslam Respublikasının qardaş Türkiyə dövlətinə təzyiqləri işə yarayacaqdı. Onun və ziyalı məsləkdaşlarının sevgi və bacarıqları İran rejiminin arzusunu ürəyində qoydu. Əkrəm müəllimin bu mərdliyini mən 9 noyabr 2019-cu ildə Bakıda keçirtdiyimiz, Azərbaycan Demokrat Firqəsinin ikinci qurultayında da şahidi oldum. İran rejiminin tör-töküntüləri müstəqim və qeyri-müstəqim, anti Azərbaycan və anti Firqə fəaliyyətlərini həyata keçirtmək üçün, İrşad hötelində baş tutan möhtəşəm qurultayı pozmağı qarşılarına məqsəd qoymuşdular. O, gənclik eşqi ilə birinci mübarizəyə qalxdı. Alimlə bərabər çalışan görkəmli yoldaşlarımız, firqəmizə qarşı pis niyyətlərini həyata keçirtmək istəyənlərin arzuları ürəklərində qaldı.

Əkrəm müəlllim qurultayda qocaman bir firqəçi kimi Azərbaycan Demokrat Firqəsi və onun Ulu Öndəri Pişəvərinin ideyalarını həyata keçirtməkdə, firqə sıralarını yenilətməkdə, möhkəmləndirməkdə, mübarizə əzmi ilə silahlandırmada həmişə öncüllərimizdən biri oldu.

O, son üç ildə Azərbaycan Demokrat Firqəsinin elmi konfranslarında həmişə çıxışçılardan bir olmuşdu. Əkrəm müəllimin nitq və yazıları gənc firqəçilərə milli şüurun inkişafında, milli mücadilə yolunda aydınlaşmağa, birinci dərəcəli qaynaqlardan sayılır. Həmçinin onun bir çox tədqiqat əsərləri, kitabları mövcuddur ki, hər bir oxucunun mütaliə etməsini zəruri sayırıq.

Əkrəm müəllimin ruhu şad, bütün dostlarının, yoldaşlarının başı sağ olsun. Xalqımıza və hörmətli ailə üzvlərinə də başsağlı və səbr diləyirik!

Abdulla Əmir Haşımi Cavanşir

Şərhlər bağlıdır.