“PENÇE-KAPLAN”: İRAQ UĞRUNDA TÜRKİYƏ-İRAN RƏQABƏTİ QIZIŞIR

PKK PJAK-I YENİDƏN CANLANDIRACAQ?

Türkiyə 2022-ci il aprelin 17-də İraqda PKK terrorçularına qarşı həyata keçirdiyi hərbi əməliyyatların sonuncusu olan “Pençe-Kaplan” əməliyyatına başlayıb. Əməliyyat İraq ordusunun Sincar bölgəsinə nəzarəti bərqərar etmək cəhdi ilə üst-üstə düşür. Burada PKK-ya bağlı silahlılar fəaliyyət göstərir. “Pençe-Kaplan” həm də İraqın Kürdüstan vilayətini Türkiyə ilə birləşdirən qaz kəmərinin tikintisi üzrə səylərin yenilənməsi fonunda baş verir. Hər üç hadisə İranın maraqlarına təsir edir, İran və onun İraqdakı nümayəndələri bu prosesləri diqqətlə izləyir.

Azerbaycan-ruznamesi.org ordu.az-a istinadən həmin proseslərə aydınlıq gətirir.

“Pençe-Kaplan” 2019-cu ilin yazında başlayan və PKK terrorçularının Türkiyəyə transsərhəd hücumlar təşkil etmək imkanlarını azaltmaq məqsədi daşıyan illik Türkiyə hərbi əməliyyatlarının dördüncüsüdür. PKK İraq Kürdüstanı ilə Türkiyə arasındakı dağlıq sərhəd bölgələrində, Sincarda Suriya sərhədi yaxınlığında və PKK-nın qərargahının yerləşdiyi Qəndil dağlarında, İran sərhəddində möhkəm varlığını saxlayır. Bu son əməliyyat Türkiyə ordusunun PKK-nın Türkiyəyə sıza biləcəyi ehtimal edilən sərhəddəki sonuncu bölgə olan Zap bölgəsinə yönəlib. Əməliyyatın adı “Pençe-Kaplan”dır, çünki bəyan edilmiş məqsəd Türkiyə sərhədini PKK-nın girişinə qəti şəkildə bağlamaqdır.

“Pençe-Kaplan” İraq Kürdüstanın gizli razılığı ilə həyata keçirilib. Türkiyə “Pençe-Kaplan” proqramını Kürdüstan bölgəsinin baş naziri Bərzaninin təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün İstanbula səfərindən bir neçə gün sonra işə salıb. İraq Kürdüstanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ərbilin əməliyyata dəstək verməsi ilə bağlı iddialarına səssiz qalıb. Lakin İraq Kürdüstanı “Pençe-Kaplan”ı qınamadı, yalnız Peşmərgə qüvvələrinin türk ordusu ilə əməkdaşlıq etdiyini təkzib edən bəyanat yaydı.

Türkiyənin əvvəlki hərbi əməliyyatlarına keçmiş diplomatik reaksiyalarına xas olan bir tərzdə İraq Federal hökuməti “Pençe-Kaplan”ı qınadı və Türkiyə səfirini çağırdı. İraqın parçalanmış siyasətindəki Sadrist bloku və İranın dəstəklədiyi partiyalar və milislər kimi fraksiyalar Türkiyənin İraqın suverenliyini pozduğuna qarşı açıq şəkildə etiraz etsələr də, federal hökumətin İraqın reaksiyasını diplomatik bilək silləsindən kənara çıxarmaq niyyətində olmadığı görünür. Federal hökumətin İraq Kürdüstanı bölgəsində də məhdud imkanları var. Türkiyə son illər İraq Kürdüstanı daxilində ən azı qırx hərbi məntəqə qursa da, İraq ordusu İraqın federal xarakterinə görə bölgəyə daxil ola bilmir.

İraqın “Pençe-Kaplan” qınamasına baxmayaraq, əməliyyat İraqın PKK-ya bağlı yezidi milislərdən olan Sincar Müqavimət Birliklərinin (SMB) təsirini azaltmaq səyləri ilə üst-üstə düşür. “Pençe-Kaplan”ın başlamasından sonra İraq hərbçiləri Sincara əlavə qüvvələr göndərdi və qısa müddətə Ninova qubernatoru Nəcim əl-Cəburini bələdiyyə sədri vəzifəsinə təyin etdi. Mayın 1-də İraq hərbçiləri Sincarda SMB keçid məntəqələrini sökmək üçün əməliyyata başlayıb və SMB ilə İraq ordusu arasında şiddətli toqquşmalar baş verib. Türkiyənin təzyiqi altında İraq 2020-ci ilin sonundan etibarən bölgəyə nəzarəti ələ keçirməyə çalışır.

Tarixən yezidi bölgəsi olan Sincar 2014-cü ildə İraq ordusu və peşmərgənin İŞİD hücumu zamanı bölgədən geri çəkilməsindən sonra PKK-nın təsiri altına düşüb. 2017-ci ildə İranın dəstəklədiyi Xalq Səfərbərlik Birliklərinin (XSB) tərkibində yerləşdirilmiş milislər Sincara daxil olub. İran və PKK-ya bağlı silahlı qruplar yezidi əhalisini qorumaq bəhanəsi ilə strateji sərhəd bölgəsində təsir imkanları yaradıblar. Hər iki fraksiya bir-birinə bağlıdır. SMB PKK-nın təsiri altında qalaraq 2019-cu ildə XSB-yə qoşulub. Son illərdə Türkiyə Sincarda SMB-ni hədəf alan hər dəfə hava hücumu təşkil etdikdə, qisas təhdidləri İran tərəfindən dəstəklənən “Kataib Hizbullah” (KH), “Harakat Hizbullah əl-Nucaba” (HHN) və “Asaib Ahl al-Haq” (AAH) milisləri tərəfindən artır. Keçən il ərzində Türkiyənin Neynəvadakı Başika hərbi bazasını hədəf alan onlarla raket hücumunun arxasında da bu cür milislərin olması ehtimalı yüksəkdir.

“Pençe-Kaplan” əməliyyatına görə KH, AAH və tanınmış iranpərəst siyasətçilər Türkiyə əleyhinə ritorikanı artırdı. Bu cür ritorika Türkiyənin neo-Osmanlı irredentist istəkləri ilə bağlı iddialar fonunda İraqın ərazi bütövlüyünün müdafiəsinə əsaslanır. Aprelin 24-də Başika bazasına yenidən raketlər atılması ilə ritorika fəaliyyətlə də dəstəkləndi. Başikaya edilən son hücumdan sonrakı xəbərlərə görə, Türkiyə PUA-ları aprelin 26-da Mosul yaxınlığındakı XSB bazasını hədəfə alıb.

Türkiyənin “Pençe-Kaplan” proqramı təkcə sərhəd təhlükəsizliyinə nail olmaq məqsədi daşımır, həm də Türkiyə-KDP enerji əməkdaşlığının artırılmasına zəmin yaratmaqdır. Rusiyanın Ukraynaya davam edən hücumu fonunda Rusiya qazına alternativlər qlobal enerji təhlükəsizliyi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu çərçivədə İraq Kürdüstanından Türkiyə və Avropaya təbii qaz ixrac etmək üçün Türkiyə-KDP (Kürdüstan Demokrat Partiyası) planı yenidən gündəmə gətirilib. 2021-ci ilin dekabrında kürd neft şirkəti “KAR Group” yerli istehsal üçün Türkiyə sərhədindən 35 km məsafədə Duhoka təbii qaz kəmərinin genişləndirilməsi haqqında saziş imzalayıb. Fevral ayında Türkiyə və kürd səlahiyyətliləri bu kəməri Türkiyəyə qədər uzatmaq niyyətlərini açıq şəkildə bildirdilər. Rusiyanın Ukraynaya hücumundan sonra Bərzani kürd qazının son nəticədə Avropaya ixrac ediləcəyini söylədi. Beləliklə, PKK-nın İraq Kürdüstanından silinməsi daha da mühüm hala gəlib. PKK İraq neftini Türkiyəyə ixrac edən Kərkük-Ceyhan neft xəttinə hücum etdiyi kimi, yəqin ki, bu boru kəmərini də hədəfə alacaq.

Qaz kəməri İranın enerji maraqlarını təhdid edəcək. Türkiyə beynəlxalq sanksiyalar altındakı İran iqtisadiyyatı üçün mühüm gəlir mənbəyi olan İran qazının əsas alıcısıdır. Türkiyə qazının idxalının şaxələndirilməsi Ankaranın İran qazından asılılığını azaldar. Eyni şəkildə, Türkiyənin enerji şaxələndirilməsi İranın Türkiyə üzərində təsir rıçaqları göstərmək üçün qaz ixracından istifadə etmək qabiliyyətini sarsıdacaq. Həmçinin İranın İraqa enerji tədarükündən istifadə etməsi Tehran üçün əlverişli hesablaşmalara nail olmaq üsulu olub. Eynilə, İran KDP-nin gücündən və İraq Kürdüstanı bölgəsinin ümumi sabitliyindən narahatdır. KDP Sadrist və Sünni Suverenlik blokları ilə üçtərəfli ittifaqın ortağı olub. Bu ittifaq İranın dəstəklədiyi siyasi fraksiyaları hökumətin davam edən danışıqlarından kənarlaşdırmaq məqsədi daşıyır.

Bunun Tehranın maraqlarına təhlükə yaratdığını nəzərə alsaq, İranın cavabı təəccüblü olmazdı. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) martın 16-da Ərbildəki MOSSAD qərargahını hədəfə aldığı iddia edilən raket hücumu həyata keçirib. Bunun əvəzinə raketlər “KAR Group”un baş direktoruna məxsus villaya düşüb. Aprelin 6-da və mayın 2-də Ərbildə KAR-ın enerji infrastrukturunu hədəf alan raket hücumlarının arxasında İran milislərinin etibarlı şəxsləri də var idi.

Beləliklə, Türkiyə və İran İraqda sıfır məbləğli oyuna doğru gedir. Sincarda SMB-in bölgədəki mövqeləri və maraqları İraqın hərbi əməliyyatlarından təsirlənməsə, İran və onun müvəkkilləri ilə əməkdaşlıqdan imtina edə bilər. Qaz kəməri layihəsi ilə bağlı İran qırmızı xəttini erkən müəyyən edib. Əgər bu layihə həyata keçirilərsə, İran güc yolu ilə və ya siyasi qeyri-sabitliyi qızışdırmaqla onu sıradan çıxarmağa çalışacaq. Ərdoğan türk hərbi əməliyyatlarının növbəti hədəfinin Qəndil olacağını bəyan edib. Bu o deməkdir ki, PKK terrorçuları İran ərazisinə keçəcək və bu İranda qeyri-sabitlik yaradacaq. PKK-nın İraq Kürdüstanından tamamilə silinməsi KDP və Türkiyənin güclənməsinə kömək edəcək və onların İraqdakı maraqlarını təmin etmək üçün siyasi, iqtisadi və hərbi resursları azad edəcək. İran Səddam Hüseynin devrilməsindən sonra zəif İraq dövlətində demək olar ki, misilsiz təsirə malikdir. İran isə müqavimət göstərmədən buradan əl çəkməyəcək.

Firuz Bağırov

Şərhlər bağlıdır.