TANINMIŞ ALİM, PİŞƏVƏRİ İRSİNİN TƏDQİQATÇISI ƏKRƏM RƏHİMLİNİN ANIM TƏDBİRİ KEÇİRİLİB

Mişov kültür dərnəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyası Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin rəhbəri və aparıcı elmi işçisi Əkrəm Rəhimlinin  anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı görkəmli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb. Əkrəm Rəhimli 1953-cü ildə Gəncə pedaqoji məktəbini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olmuşdur. O, 1957-ci ildə buranı fərqlənmə diplomu ilə bitirdikdən sonra orta məktəbdə tarix müəllimi işləmişdir. Müxtəlif mövzularda elmi məqalələri İran, Türkiyə, Almaniya, Kanada və s. ölkələrdə çap edilmiş bir sıra kitabların müəllifidir.

Daha sonra çıxış edən Mişov kültür dərnəyinin rəhbəri şair-publisist Aqşin Ağkəmərli bildirib ki, Əkrəm Rəhimli istər elmi araşdırmalarında qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət olub.

Tədbirdə mərhumun həyat yoldaşı Fatma Rəhimli, dostları, yaxınları və QHT nümayəndələri çıxış edərək Əkrəm Rəhimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun cənubi Azərbaycanla bağlı elmə verdiyi töhfələrdən geniş söz açıblar.

Tədbirdə Əkrəm Rəhimli haqqında video rolik təqdim olunub və aşıq Ramil Qarayevin çıxışında saz havası dinlənilib.

Anım günündə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin (çıxışının mətni dərc olunur), Folklor İnstitutunun şöbə müdiri Əli Şamilovun, tanınmış ictimai xadim Rəhim Hüseynzadənin, Qənimət Səfərovun və başqalarının çıxışları dinlənildi.

Sonda mərhumun həyat yoldaşı Fatma Rəhimli tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum araşdırmaçı-alimə verilən bu dəyər-qiymətə görə öz minnətdarlığını bildirib.

Nazim

Şərhlər bağlıdır.