KRIMDAN SƏS SALAN «QOBUSTAN» GÜNDƏLIYI

HƏLƏ DEYILMƏMIŞ NƏ QƏDƏR SÖZ VAR…    

Atalar deyiblər ki, qonaq-qonağı istəməz, ev yiyəsi hər ikisini. Qismətimizə bunun əksi düşmüşdü ki, adını eşitcək çiçəyimiz çırtladı. Sevincimiz öz yerində, gəlişi ilə suallarımızı da cavablandıracaqdı: səhhəti, dədə-baba yurdu Babək rayonunun Cəhri kəndindəki doğmalarının hal-əhvalı, jurnalistin yeni yaradıcılıq planları… Doğma elində əl-əl gəzib topladığı kəklikotu, sarıçiçəklə… bu dəfə də eynimizi açaçaqdı.

Zənnimdə yanılmamışdım, fəqət təbəssümə bürünmüş göz yaşları istər-istəməz bizi də kövrəltdi. Necəsiz sualının cavabını gözləmədən dedi: «Əflatun müəllim, yadındamı Naxçıvanda ağır xəstə yatanda Azərbaycan Mətbuat Şurasına, sizə zəng edib gileyləndim ki, palatamın qapısını açan dost-tanış, qonaq-qara yoxdur. Belə anda insan çox həssaslaşır, gözü qapıda qalır, kimin döyəcəyi sorağında olur. Telefonda qısa danışdıq, dedin ki, darıxma, özümüzü dostlarla təcili sənə yetirərik.

Çox keçmədi Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmovla birlikdə palatanın qapısı döyüldü.. Bu mənə bəxş edilən yeni həyat eşqi idi ki, sağalmağıma məlhəm oldu. İndi əvvəlkindən xeyli yaxşıyam. Gücüm, həyat eşqim öz yerində. Krımda, Sevastopol radiosunda deyilməmiş, yazılmamış o qədər sözüm var, təəssüratım var…»

Sonra əlavə etdi ki, Cəhridən əliboş dönməyib, yenə o çöllərin, düzlərin bitkilərini əli ilə toplayıb, pay gətirib.

Söhbət xeyli çəkdi. Əvvəl kəndi xatırladıq. Sovet dönəmində Bakı Dövlət Universitetində təhsil alan gənclərin əksərinə buralar tanış idi. Ali təhsili bitirməzdən öncə oradakı hərbi poliqonda hazırlıq keçir, zabit rütbəsi almaq şərəfinə layiq görülürdülər.

Dostlarımdan biri yarı zarafat, yarı ciddi deyirdi ki, naxçıvanlıya jurnalist olmaq asandır, ona görə də birinci peşə sayılır. İkincisi baxır özünə nəyi seçirsən. Hər halda çoxunun jurnalistikaya bağlılığı həm də bir xobbidir.

Cəhri də Cəlil Məmmədquluzadə yurdunun istisnasız məkanlarından sayılır. Baxmayaraq qəhrəmanımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil- ədəbiyyat fakültəsini bitirib, əvvəl-axır lövbərini həmin peşəyə salıb. Özü də Krım sahilinin göz oxşayan əsrarəngiz güşələrinin birində. Həmin tarixçəyə birgə nəzər salaq, romantikaya bənzər həyat lövhələrini vərəqləyəq.

Kiçik haşiyə: Həbib kişi ilə həyatımın arasında müəyyən paralellər var. Yaşımızın 70-i ötməsinə baxmayaraq yenə qəribəlik axtarışındayıq. Bəlkə həyatın zövqü-səfası da bundadır. Böyük bacım və qardaşım Ərdəbildə doğulub, mən isə Gəncədə. Həmişə çətinlik axtardığımdan jurnalist təhsili alan kimi Azərbaycanın ucqar guşəsini – Neftçalanı seçmişəm. Qəzetdə işləmişəm. Salyan, Bakı, özüm də bilmirəm son mənzilim haradır. Bəlkə Həbibin seyr etdiyi Arazın o tayıdır. Bəlkə həyat yoldaşımın uyuduğu Bankə qəsəbəsi sonuncu məkanım olacaq.

Ehtiraf edim ki, Həbib kişinin həyat universitetləri daha daşlı-kəsəklidir, hər oğul ağırlığına dözə bilməz. İstəsəydi rahatca Naxçıvanın, Bakının məktəblərinin birində dərs deyər, qəzetlərdə işləyərdi. Günlərin birində mən getdim deyib qısaca cavab vermişdi: «Harada top-tüfəng səsi eşitsəniz, orada». Abxazların güllə səsindən cadar-cadar olmuş məskənlərini gördü, oradan Krıma, baş şəhər Sevastopola ömür-gününü bağladı.

Həyat universitetlərinin daşlı-kəsəkli günlərini yaşadıqca daha mətinləşdi. Yaşantıdan zövq aldı, bəlkə elə o özünü məhz bu həyata hazırlamışdı. Həyacanlı günlərin imtahanlarında bazarda daşıdığı yükdən çıxardığı halal pulun zəhmət haqqından bir pay ayırıb ev kirayəsini və Vera xalanın məktəb açmaq üçün ayırdığı otağın haqqını ödədi, Azərbaycan və rus dillərində radio verilişlərini təşkil edəndə əməyindən zövq aldı.

Bunlar faktdır. 77 illik ömrün 28 ilini vətəndən uzaqlarda, insanlara bəxş edilən ömrün əbədi yadigarlarıdır. Onu dolanbaclı yollarda şux saxlayan, qəddini əyməyən vücudu həyata inamından qaynaqlanır. Lövbərini liman şəhəri Bakıdan Sevastopola dəyişən iradə, dözümü və bir də qələmidir. Deyə bilmərəm ki, yad eldə Azərbaycan dili məktəbi açmaq ideyası ona kimdən yadigardır. Tarixdən yaxşı bilirik ki, klassiklərdə buna aid misallar çoxdur.

Onu başa düşmək heç də hər adamın işi deyil. Nadanlar lağ edir, sözü zarafatla deyir, «rahat dünya ona dar gəlir» atmacalarını işə salırdılar. Bəziləri irəli gedərək «Azərbaycanfilm»in qəhrəmanları Cəbiş müəllimə, hələ Moşuya da bənzədirdilər. Sınmayıb Firdovsidən misal çəkirdi. Beləki zindanda yatan şairin «köməyinə» çoban gəlmişdi. Bilmişdi ki, xalq heç də onu güman etdiyi qədər tanımır. Çoban isə onu şairə yox, uzun saqqalına görə qurd aparan keçiyə bənzədir.

Həbib müəllimin indiyədək 4 kitabını oxumuşam. İlk ikisinə Yusif Dirili ön söz yazıb – «Krım gündəliyi, Qobustan»a (2007) və «Bura Vətəndir, Azərbaycana səyahət»ə (2014). «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev «Qobustan radiosu mətbuat aynasında (Krım-Azərbaycan dostluq körpüsü) 1997-2015)» kitabını səciyyələndirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Fariz Çobanoğlu «Qobustan» Krım efirində 1997-2014» kitabı yazarın öz portretidir ki, səmimi qələmə görə sağol düşür. Daha böyük minnətdarlıq isə 300-dən çox yazıya ərklə imza atan, bununla qürurlanan müəllifin özünədir. Əgər o, illər boyu əziyyətə qatlaşmasaydı Krımda həmvətənlərimizi, yarımadada yaşayan ukraynalıları, rusları, yunanları, moldovalıları… tanıtmasaydı, xüsusilə Böyük Vətən müharibəsi qəhrəmanlarının portretlərini cızmasaydı, onları ya tanımaz, ya da ötərgi məlumata malik olardıq.

Jurnalist bunlardan ötərgi deyil, ətraflı söhbət açıb. Daxili İşlər Nazirliyinin generalı, mərhum Həsən Şirinovun bu işdə xeyirxahlığını unutmaq olmaz. O, əli boş, cibi boş həmyerlisini Krıma yola salıb. Ömrünün sonunadək ona səmimi münasibət bəsləyib.

Sevastopol məktəbində uzun illərdir ki, Azərbaycan dili sevdirilir, tədris edilir. Yer darısqal olduğundan cəmi 15 nəfər müdavimi var. Çox yaxşı olardı ki, Təhsil Nazirliyimiz və Diaspora Komitəmiz bu xeyirxah kişinin səsinə səs verib, dəstəyini əsirgəməsinlər.

Eyni qayğını Sevastopol Radiosunda görmək arzusundadır. Onlar Azərbaycan həqiqətlərinin təbliğindən yorulmur, geniş axtarışları ilə diqqəti çəkirlər. Bu işdə «Qobustan»ın aparıcısı Leyla Kərimovanın üzərinə məhsuliyyət düşür.

Sevastopol jurnalistlərinin cəmən çəkilən bir fotoşəkli var. Həbib kişi reklam xatirinə deyil, əlində tar həmkarlarının əhatəsindədir. Onun sayəsində bizim milli çalğı alətlərini yerli camaat yaxşı tanıyır. Saxarnaya Qorlovkada da oxucularla görüş onun öz dünyasının ləzzətini çəkdiyini göstərir.

Yerli camaatın sovet dönəmindən hörmətini qazanmış görkəmli bir ictimai xadim də var – Ümumilli Liderimiz Heydər Əliyev. 1974-ci ildə Sapun dağda çəkdirdiyi tarixi görüntüləri jurnalist A.Bajenov lentə alıb. Vilayət hərbi muzeyindəki kadrlar həmyerlilərimizin igidliyinə işıq saçır.

Burada kontr-admiral Zinur Hüseynovun, azərbaycanlıların ağsaqqalı Hidayət Musayevin, Gövhər Əliyevanın və başqalarının kitablardan boylanan sətirlərini hamı maraqla oxuyur.

Yarımada lövhələri sübut edir ki, azərbaycanlılar yaşamağı, işləməyi, döyüşməyi, çalıb-oxumağı bacaran fundamental zəka sahibləridir. Həmin keyfiyyətlər əsas verir ki, bu xalqı sevəsən, onunla çörək kəsəsən, halal tikəni bölüşdürəsən. Hətta qohum-əqraba da olasan.

Dalğalarda klassik Azərbaycan şair və yazıçılarından, müasirlərdən, musiqimizin Üzeyir Hacıbəyov, Müslim Maqomayev və sair korifeylərindən, Azərbaycanın 40 günlük Vətən müharibəsində qazandığı cahanşümul qələbələrdən açılan söhbətlər könülləri oxşayır.

«Qobustan»ın dalğalarında Fərhad Turanlının,  Oljas Süleymenovun, ukraynalı şair Mikolanın, Səməd Vurğunun dostu Yuşenko Yakuboviçin və digər tanınmış şəxsiyyətlərin yaradıcılığı canlandırılır. Bu kiçik radionun yaratdığı böyük möcüzədir.

2014-cü ildə Həbib Əli oğlu ilə tanışlığımız yox idi. Mətbuat Şurasına təşrif gətirmişdi. Onun jurnalistikaya dərin marağı bizdə təəssürrat yaratdı ki, niyə indiyə qədər tanımamışıq. Şuranın Ahıl Jurnalistlər Məclisində fürsətdən istifadə edib görüş keçirtdik. 20 yanvar 2014-cü ildə «Azərbaycan həqiqətlərini ölkə hüdudlarından kənarda, müntəzəm və peşakarlıqla təbliğ etdiyinə görə» diplomla mükafatlandırdıq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievin Sərəncamı ilə verilən fəxri diplom onun layiq görüldüyü ən yüksək mükafatdır.

Həbib müəllim yenə yol üstündədir, Krıma, Sevastopola tələsir. Axı, onu yenə şərəfli zəhmət və bir də həsrətində olduğu dinləyiciləri gözləyir.

Rəhim Hüseynzadə,
Azərbaycanın əməkdar jurnalisti

Şərhlər bağlıdır.