ASİF ATANIN FİKİRLƏRİ:

CƏNUBİ AZƏRBAYCAN MƏSƏLƏSİ

Cənubi Azərbaycan məsələsi bir nömrəli məsələdir, siyasi məsələdir, ictimai məsələdir, mənəvi məsələdir, ruhani məsələdir. Təkcə ona görə yox ki, ədalət bərpa olunacaq, bu əsasdır. Həm də Azərbaycan böyüyüb 30 milyona yaxın bir dövlət olacaq, onda Müstəqil Azərbaycandan danışmaq, siyasi mənada mümkün olacaq.

Onda dünya bizə başqa cür yanaşacaq, onda biz dünyadan mərhəmət və kömək diləməyəcəyik, onda biz də beş kişidən biri olacağıq siyasət aləmində, dünya aləmində. Elə bir imkan ki, ona güc də var: meyil də var. Lakin hədsiz dərəcədə çətin məsələdir, çünki buna nə İran razı olacaq, nə Rusiya razı olacaq, nə Qərb razı olacaq. İran buna razı olmayacaq, ona görə də İran bu saat islam amilindən beş əlli yapışıb, çünki Cənubi Azərbaycansız İran demək olar ki, şikəstdir, Təbrizsiz Tehran nəyə lazım?

Cənubi Azərbaycan İranın iqtisadi, mənəvi, hər cəhətdən gözünün gücüdür, qüdrətidir. Ona görə də İran Cənubi Azərbaycanı farslaşdırır! Buna Rusiya razı olmayacaq, çünki Rusiyanın əsas işi ondan ibarətdir ki, özü nə qədər zəifləsə də, ətrafında güclü rəqib olmasın, haradasa gələcəkdə yenə Rusiya hegomonluğu qalsın. Çünki Rusiya elə qurulub ki, hegomon olmasa məhv olar.

Buna heç cür razı olmayacaq Rusiya. Buna Qərb heç gür razı olmayacaq, çünki onda Zaqafqaziyada türk dövləti yaranır, 30 milyonluq böyük türk dövləti. Onda türkçülük adlanan maliyyət aşkarlanır, türkçülük isə qərb üçün hədsiz dərəcədə təhlükəlidir. Həmişəki kimi, indi daha çox! Ona görə də Cənubi Azərbaycan məsələsi çox güclü düşüncə tələb edir və Ocaq bu məsələ ilə daim məşğuldur.

Şərhlər bağlıdır.